Supermarketlərə vergi güzəşti edilməlidirmi? - Ekspert rəyi

Supermarketlərə vergi güzəşti edilməlidirmi? - Ekspert rəyi

 

 

“Azərbaycanda biznes hələ tam təşkilatlanmayıb”...

 

“Bir sektorun daxilində yalnız böyük supermarketlər üçün ƏDV-yə güzəşt mümkün deyil”...

 

“Azərbaycanda ƏDV yüksək deyil”...

 

“ƏDV son nəticədə istehlakçıdan çıxan vergidir”...

 

“Nağd ödəniş dövriyyədə vergidən yayınan çirkli pulların və gizli iqtisadiyyatın miqyasını böyüdür”...

 

“Böyük marketlərdə alıcıya verilən çek, əslində, kassa çeki deyil”...

 

“Ticarət şəbəkələrinə daxil olan məhsullara faktura verilmir”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Qalib Toğrul deyib.

 

Qonağın sözlərinə görə, hazırkı iqtisadi şəraitdə supermarketlərin güzəştlə bağlı müraciəti normaldır: “Supermarketlər əvvəlki kimi gəlir götürmür, xərcləri artıb, əvvəlki səviyyədə əmək haqqı verə, işçi saxlaya bilmirlər. Amma supermarketlərin müraciətindən sonra məlum oldu ki, Azərbaycanda biznes hələ tam təşkilatlanmayıb. Biznes assosiasiyaları ya çox  azdır, ya da mövcud olan assosiasiyalar fəaliyyət göstərmir, ya da qismən fəaliyyət göstərir. Biznes öz problemini açıq şəkildə formalaşdıra, hüquqi və iqtisadi baxımdan əsaslandıra bilmir. Supermarketlərin hökumətdən nə istədikləri aydın deyil. Bir sektorun daxilində yalnız böyük supermarketlər üçün ƏDV-yə güzəşt mümkün deyil. Baş verənlərdən ən çox ziyan görən kiçik, orta marketlərdir, onlara nisbətən ən az ziyan görən supermarketlərdir. Belə bir vəziyyətdə supermarketlər müəyyən ilkin zərurət mallarına ƏDV-nin götürülməsini istəyir. Bütün dünyada biznes və hökumətin dialoqu var, mütləq bu dialoq açıq olmalıdır. İkinci şərt odur ki, bu dialoqda bütün maraqlı tərəflər təmin olunmalıdır”.

 

Qalib Toğrul hesab edir ki, dövlət ümumiyyətlə iqtisadiyyata qarışmamalıdır: “Dövlət biznesin səlahiyyətlərinə mane olmamaq şərti ilə nəzarət funksiyasını həyata keçirməlidir. Dünyada diferensiallaşdırılmış ƏDV dərəcələrindən istifadə olunur. Azərbaycanda ƏDV yüksək deyil, əksər Avropa ölkələrindəki sabit dərəcədən aşağıdır. Dünya təcrübəsində ƏDV güzəştləri yerli istehsalın müdafiəsi üçün ancaq yerli istehsala tətbiq olunur. Azərbaycanda kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən başqa heç bir vergi ödəmirlər. Hər hansı sektora bu şəkildə güzəşt etmək ziyanlıdır. Amma bizdə 2000-ci ilin əvvəllərindən bu ənənə davam edir”.

 

İqtisadçı supermarketlərin güzəştlə bağlı müraciətinin səbəblərini səsləndirib: “Supermarketlərin kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir uçotu, hesabatı yoxdur. ƏDV nə istehsalçının, nə də satıcının ödədiyi vergidir. Bu həm istehsal həlqəsində, həm o məhsulun bölüşdürülməsində topdan, pərakəndə ticarətdə istifadə olunan vergidir. Amma bu son nəticədə istehlakçıdan çıxan vergidir”.

 

Qalib Toğrul supermarketlərin yanlış fəaliyyətinin sosial gərginlik yarada bildiyini deyib: “Devalvasiyadan sonra supermarketlərdə məhsullar yığıldı. Belə hallar ölkədə sosial gərginliyin artmasına təsir edə bilər. Supermarketlərin müraciətində də hədə-qorxu var. Vergilər Nazirliyinin büdcə qarşısında öhdəliyi var, bu öhdəliyin ödənilməsi iki əsas vergi ilə - mənfəət və əlavə dəyər vergisi ilə təmin olunur. ƏDV-də güzəşt olunarsa, bu mütləq əsaslandırılmalıdır”.

 

Dövriyyədə nağd ödənişlərin maksimum azaldılmasını doğru hesab edən ekspert Azərbaycanda bu prosesin ləngimə səbəblərinə də aydınlıq gətirib: “Nağd ödəniş o deməkdir ki, burada vergidən yayındırılan pullar var. Dövlətə vergisi ödənilməyən pullar çirkli pul adlanır. Bu pullar isə gizli iqtisadiyyatın miqyasını böyüdür. Bir neçə il əvvəl Dünya Bankının Azərbaycanda apardığı tədqiqata görə, gizli iqtisadiyyatın həcmi təxminən 70 faizə yaxın idi. Ümumi ödənişlərdə nağd ödənişin payı nağdsız ödənişlərin payından yüksəkdirsə, demək orda gizli iqtisadiyyat və vergidən yayınma var. Tütün məhsulları və spirtli içkilərin idxalı, ixracı, satışı dövriyyəsi vergidən yayındırılırdı. Ona görə də ötən ilin sonunda Vergi Məcəlləsində bununla bağlı dəyişiklik oldu. Bu nağdsız ödənişlərin artırılmasına bir cəhd kimi təqdirəlayiq hal idi. Lakin sonradan Vergilər Nazirliyi bunu tətbiq edə bilmədi. Böyük marketlərdə alıcıya verilən çek, əslində, kassa çeki deyil. Kassa çeki ayrıca kassa aparatında vurulur, kassa aparatından çıxmır. Kassa aparatından çıxan çekdə sahibkarın adı, VÖEN-i, məhsulun adı, çekin nömrəsi, müəssisənin ƏDV-lə, yaxud sadələşdirilmiş vergi ilə işləməsi, alıcının ödədiyi ümumi məbləğ və vergi kimi dövlətə ödənilən məbləğ yazılmalıdır. Bunların heç birinə əməl olunmur. Ən böyük problem odur ki, bu ticarət şəbəkələrinə daxil olan məhsullara faktura verilmir. Ona görə də o məhsulların bir hissəsi vergidən yayındırılır. Kartla ödənişin tətbiqi üçün hər yerdə post terminallar olmalıdır, amma kiçik ticarət müəssisələrində bu yoxdur”.

 

Qalib Toğrul münbit sahibkarlıq şəraitinin yaradılması üçün sağlam rəqabəti başlıca şərt hesab edir: “Ölkədə rəqabət təmin olunmalıdır, bütün sahibkarlar üçün bərabər yanaşma olmalıdır. Bu yaxınlarda “Açıq hökumət”lə bağlı Milli Fəaliyyət Planı yeniləndi, buraya Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı fəaliyyət də daxildir. Bu prosesdə İqtisadiyyat Nazirliyinin də rolu artırılmalıdır. Digər tərəfdən, bankların sağlamlaşdırılması prosesi getməlidir ki, banklara etimadımız olsun. Bank sektorunda ciddi problem var, qeyri-sağlam vəziyyətə düşüb. İqtisadiyyatın özündə total şəkildə  sağlamlaşma getməlidir”.

Müəllif | Apa.Tv
Apa.tv