QİÇS-ə yoluxanlar: narkomanlar, homoseksuallar, məhbuslar...

“Xərçəng xəstəliyi də bədəndə immun sistemini məhv edir, ona görə də orqanizmdə QİÇS zamanı yaranan zülalların oxşarı yarana bilir”...

“ÜST-ün hesabatına görə, Azərbaycan infeksiyanın az yayıldığı ölkələr siyahısına daxildir”...

“Bu ilin mart ayına qədər nikahdan öncə müayinədən keçən 84 min nəfərdən 54-ündə HİV infeksiyası aşkarlanıb”...

“Azərbaycanda QİÇS-ə yoluxmaq üzrə ən böyük risk qrupları inyeksion narkomanlar, seks-biznes işçiləri, homoseksuallar və məhbuslardır”...

“Xəstəliyin ən çox aşkarlandığı Hacıqabul ərazisində HİV-lə xəstələnmə və zədələnmə göstəricisi hər 10 min nəfər arasında 40 nəfərdən çoxdur”...

“Məktəb yaşlılarda iki istifadədən sonra narkotik asılılıq yaranır”...

“İnsan HİV infeksiyasına yoluxduğu gündən başqaları üçün yoluxucudur”...

“Hazırda Azərbaycanda  HİV-ə yoluxmuş 3135 şəxs müalicəyə cəlb olunub”...

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

Natiq Zülfüqarov dünyada QİÇS-in coğrafiyası barədə məlumat verib: “Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunsa da, onun mənbəyi Afrikadan gələn miqrantlar olmuşdu. ÜST Afrikada Saxaranın ekvatora yaxın ərazisində - Uqanda, Tanzaniya, Konqoda xəstəliyin artıq generalizasiya mərhələsində olduğunu açıqlayıb. Bu o deməkdir ki, yoxlanılan 10 hamilədən 5-6-sı HİV infeksiyasının daşıyıcısıdır. Burda epidemiya ilə mübarizədə mövqe tam başqadır. Afrika ölkələrində bu işi bələdiyyələr görür”.

Həkimin sözlərinə görə, hazırda Azərbaycanda tətbiq olunan diaqnoz-müayinə üsulu ən müasir test hesab olunur: “2011-ci ildən etibarən barmaqdan qan nümunəsi götürməklə infeksiyaya yoluxmaq barədə məlumat əldə edilir. Kart-testin həssaslığı 99.9 faizdir. lakin diaqnoz qoymaq ciddi bir mövzu olduğundan, immunobloting üsulundan sonra, yəni virusa məxsus protein tapıldıqdan sonra diaqnoz qoymaq olar. Azərbaycanda 4-cü nəsil kart-testlərdən istifadə olunur, bu testlər həm antigeni, həm də antitelləri aşkar edir. Əvvəlki kart-testlər isə yalnız antitelləri, yəni virusa qarşı zülal hissəciklərini aşkar edirdi. Eyni zülal hissəcikləri digər xəstəliklərdə də meydana çıxa bilər. Məsələn, yaşlı qadınlarda uşaqlıq yolunun xərçəngi, kişilərdə prostat vəzin xərçəngi zamanı çarpaz reaksiya baş verə bilər. Xərçəng xəstəliyi də bədəndə immun sistemini məhv edir, ona görə də oxşar zülallar yarana bilir. Hazırda istifadə olunan testlərin həssaslığı yüksək olduğuna görə yoluxmanın  4-cü həftəsindən sonra müsbət cavab verir, həm antigenləri, yəni virusa məxsus hissəcikləri və digər nuklein tərkibli maddələri tapır. Ümumdünya Səhiyyə Təşkilatı da qeyd edir ki, Azərbaycan infeksiyanın az yayıldığı ölkələr siyahısına daxildir”.

QİÇS mərkəzinin şöbə müdiri müayinədən yayınanların da olduğunu istisna etməyib: “2015-ci ildə əvvəlki illərə nisbətən orta hesabla 18 faiz daha artıq əhalini müayinəyə cəlb etmişik. Artıq hər bir hamilə, cərrahi müdaxilə olunan şəxslər, onkoloji xəstələr, vərəmli xəstələr, qeydiyyatda olan inyeksion narkomanlar HİV-ə görə yoxlanılır. 2012-ci ildə Azərbaycanda 50 könüllü məsləhət müayinə kabinetləri açıldı. Bura müraciət edən insanlar 15 dəqiqə ərzində kart-testin köməyilə öz HİV statusları barədə məlumat ala bilər.  Bu ilin mart ayına qədər nikahdan öncə müayinədən keçən 84 min nəfərdən 54-ündə HİV infeksiyası aşkarlanıb.  Xəstəliyin profilaktikası üçün universitetlərdə vaxtaşırı təbliğat aksiyaları keçiririk. Belə aksiyalardan sonra hər 1000 nəfərdən ən azı 200 nəfəri yaxınlaşıb müayinədən keçir”.

Natiq Zülfüqarov QİÇS-ə yoluxmaq baxımından risk qruplarının da müayinələrə cəlb edilməsi üçün görülən işlərdən danışıb: “2014-cü ilin yanvar ayından etibarən 12 mobil müayinə məntəqəsi fəaliyyət göstərir. Əgər müəyyən bir toplum arasında  HİV infeksiyasının yayılması 5 faizdən yuxarıdırsa, artıq bu, risk qrupu hesab olunur. Azərbaycanda risk qruplarının müayinə olunması üçün bir neçə kəşfiyyat xarakterli epidemioloji nəzarət layihələri həyata keçirilib və 4 risk qrupu müəyyən olunub. Bunların ən böyüyü inyeksion narkomanlar, seks-biznes işçiləri, homoseksuallar və məhbuslardır. Bu da onu göstərir ki, infeksiya bizdə təmərküzləşmə mərhələsində olan müəyyən qruplar arasında yayılır. Bizim də məqsədimiz odur ki, bu problem qrup daxilindən kənara çıxmasın. Bu risk qruplarını müayinəyə cəlb etmək isə çox çətindir. Bunları nəzərə alaraq biz QHT-lərlə birlikdə işləyirik. Mobil müayinə punktları inyeksion narkomanların epidemioloji ocaqları olan yerlərdə, barların, gecə klubların qarşısında, həmçinin  homoseksualların toplandığı yerlərdə olur və oradakı insanlar müayinələrə cəlb olunur”.

HİV infeksiyasının daha çox aşkara çıxarıldığı Hacıqabul ərazisində aşkarlandığını deyən qonaq bunu belə izah edib: “Hacıqabul ərazisində HİV-lə xəstələnmə və zədələnmə göstəricisi hər 10 min nəfərə 40 nəfərdən çoxdur. Şirvan şəhərində, Lənkəran-Masallı, Yevlaxda, Gəncədə HİV-ə yoluxanlar çoxluq təşkil edir. Bu il ilk onluğa Göyçay rayonu da düşüb. Biz çalışırıq ki, narkomaniya haqqında da məlumat verək, narkoloji dispanserlə birlikdə layihələrimiz var. Xətai rayonu polis idarəsinin təşkili etdiyi tədbirlərdə hər həftə bir məktəbdə oluruq. Bu gün narkomaniyaya aludəçilik baxımından ən böyük risk gənclərdir. Məktəb yaşlılarda iki istifadədən sonra narkotik asılılıq yaranır. Buna görə də valideynlər diqqət etməlidir. Əgər övladının hərəkətlərində qeyri-adekvatlıq varsa və kiçik araşdırma ilə onun ətrafında kimlər olduğuna fikir verməklə anlaya bilərlər. Narkotik maddə qəbul olunduqdan sonra hətta 6 aya qədər qanda və sidikdə qalır ki, kart-test vasitəsilə bunu müəyyənləşdirmək və vaxtında tədbir görmək olar”.

Natiq Zülfüqarlı HİV infeksiyasına yoluxan şəxsin yoluxduğu gündən digərləri üçün yoluxucu olduğunu qeyd edib: “Xəstəliyin ilk yoluxduğu dövrdə pik mərhələsi başlayır. İnsanda birdən-birə halsızlıq yaranır, tərləmə, tez yorulma, 15-20 gün davam edən ishal, 37,5 temperatur olur. 15 gündən sonra orqanizmə düşən yad bir cismə qarşı cavab reaksiyası əmələ gəlir, orqanizm saf olduğuna görə güclü bir reaksiya verir və virusları məhv edir və virusun sayında eniş yaranır. Amma viruslar kiçik olduğuna görə gizlənir, az qaldığına görə öz işini görmür. İnsanların aldandığı dövr xəstəliyin yavaş-yavaş işini gördüyü passiv dövr olur, bu, 15 ilə qədər davam edə bilər. Lakin xəstəliyin üçüncü mərhələsindən sonra QİÇS terminal mərhələ başlayır, virus bütün gücünü toplayıb orqanizmin immun sistemini məhv etmək səviyyəsinə gəlir və pik nöqtə başlayır və çox təəssüf ki, bu mərhələdə insanları geriyə qaytarmaq olmur. Bu zaman qəbul edilən kimyəvi dərmanların toksik təsirləri güclü olur və orqanizm həm də digər xəstəliklərə qarşı da mübarizə aparmağa başlayır. Bəzən insanlar dərmanların bu cür ağır təsirinə görə müalicədən imtina edirlər. Hazırda Azərbaycanda 3135 nəfər HİV-li şəxs müalicəyə cəlb olunub”. 

Müəllif | Apa.Tv
Apa.tv