Mövsümi meyvə-tərəvəz zəhərlənmələrindən necə qorunmalı? - EKSPERT RƏYİ
“Dünyada dərman sənayesinin yüksək səviyyədə artması heç də xəstəliklərin sayının azalmasına gətirib çıxartmadı”...
“Deyirlər ki, təbii meyvənin içi qurdlu olur, bu, müəyyən qədər doğrudur”...
“Meyvə və tərəvəzlərin toxumlarının azalmasının bəzi iqtisadi və siyasi səbəbləri var”...
“Vaxtı keçən məhsullardan istifadə ağır qida zəhərlənmələrinə, hətta hamilələrdə ana bətnindəki uşağın ölümünə də səbəb ola bilir”...
“Soyuducu sterilizator deyil”...
“Çiyələyin soyuqda yetişdirilə bilməsi üçün soyuğadavamlı canlıların, məsələn, soyuq sularda yaşayan balığın genindən istifadə olunur”...
“Geni dəyişdirilmiş orqanizmlərdən yeni məhsul, toxum almaq mümkün deyil”...
“Geni dəyişdirilmiş qidalar heyvanlarda və insanlarda antibiotiklərə müqaviməti artırır və hər hansı bir xəstəliyin müalicəsində həmin antibiotiklərin tətbiqi zamanı effektsiz edir”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, həkim-qastroenteroloq Anar Salayev deyib.
Həkim Anar Salayev orqanizmin müdafiə funksiyasına təsir edən səbəblərdən danışıb: “Orqanizm elə bir sistemdir ki, hər bir yad elementi zərərsizləşdirmə gücünə malikdir. Lakin bu cür daimi hücumların müddəti və sayı artdıqca orqanizm çaş-baş qalır, müdafiə sistemi sıradan çıxır. Bəzi kimyəvi, sintetik maddələrin qəbul olunması orqanizmin daxili quruluşuna yaddır ki, bunlar da hətta gen səviyyəsində dəyişikliyə, orqanizmdə sağalması çətin olan xroniki xəstəliklərə gətirib çıxarır. Bu xəstəliklər hətta nəsildən-nəslə keçə bilər. Son dövrlərdə dünyada dərman sənayesinin yüksək səviyyədə artması heç də xəstəliklərin sayının azalmasına gətirib çıxartmadı, əksinə xəstəliklər artdı, yeni-yeni viruslar aşkar olundu, müalicələr tərs effekt verdi”.
Qonağın sözlərinə görə, kənddən gələn, şəxsi fermerlərin yetişdirdiyi məhsullar daha təmiz hesab olunur: “Amma bu ad altında satılan məhsullarda da dəyişiklik var. Özümüzün də xəbəri olmadan süni toxumlar və gübrə ilə yetişdirilən bitkiləri heyvanlar yeyir, və bu maddələr heyvanın ətinə, südünə hopur. Hətta gübrə ilə yetişdirilən bitkilərdən hazırlanan şəkərli məhsullar, biskvitlər, kekslər, şirələr, içkilər də dolayı yolla orqanizmə daxil olur. Ona görə də bunu gözlə ayırd eləmək ilk növbədə çox çətin olur. Adətən, deyirlər ki, təbii meyvənin içi qurdlu olur, bu, müəyyən qədər doğrudur. Təbii meyvələr ətraf mühitin zərərverici soyuğuna, əlverişsiz şəraitinə dözümsüz olur. Amma müasir gübrələrlə yetişdirilən, geni dəyişdirilən məhsullarda xüsusi dözümlülük əmələ gəlir. Onları saxlanma müddəti, məhsuldarlığı, ölçüləri artır, yetişmə müddəti tezləşir, daha cəlbedici, parlaq, hamar olur. Amma dadı-tamı əvvəlki kimi olmur”.
Anar Salayev orqanizmdə ən çox reaksiyalara səbəb olan pomidorun təbii toxumunun artıq dünyada yox olmaq üzrə olduğunu deyib: “Kəndlərdə yetişdirilən pomidor toxumu artıq geni dəyişdirilmiş toxumdur. Toxumun kəsilməyinin bəzi iqtisadi və siyasi səbəbləri var. Fermer bazarda ona təklif olunanı alır, əhali isə daha gözəl, göz oxşayan məhsulu almaq üçün can atır. Tələbə uyğun olaraq fermer və əkinçilər məhsulu bu cür yetişdirir”.
Məhsulların saxlanma müddəti və şəraitinin qida zəhərlənmələrində xüsusi əhəmiyyət daşıdığını deyən həkim qastroenteroloq əhalini diqqətli olmağa çağırıb: “Təəssüf ki, bizdə insanlar məhsulun yararlılıq müddətinə baxmırlar. Ən çox xarab olan aşağı temperaturda qorunmalı məhsullardır, məsələn, ağartı, süd, balıq, ət və işlənmiş ət məhsulları daha tez xarab olur. Belə məhsullardan istifadə zəhərlənmələrə, qida toksik infeksiyalara, mədə-bağırsaq problemlərinə gətirib çıxarır. Hamilə və südəmər uşaqlarda, yaşlılarda orqanizmin müqaviməti bir az zəif olduğundan bu məhsulların istifadəsi həm yeni inkişaf olan orqanizmə, həm də ananın özünə də mənfi təsir göstərir. Hətta bəzən ana bətnində uşaqların ölümü ilə də nəticələnir. Bəzən insanlar ev şəraitində qabağını almağa çalışırlar, xəstəxanaya gələndə artıq gec olur”.
Qonaq qida zəhərlənmələrinin əlamətləri barədə məlumat verib: “Hər bir zəhərlənmənin yüngül, orta, ağır dərəcələri var. Bəzən ev şəraitində zəhərlənmələrin qabağını almaq mümkündür. Əvvəlcə ürəkbulanma, qusma, başgicəllənmə, halsızlıq, ishal qida zəhərlənməsinin əlamətidir. Əgər zəhərlənmənin mənbəyi məlumdursa, qabağını almaq olar. İstər kimyəvi, istər təbiətdə olan böcəklərin, istərsə də qida zəhərlənmələrinin oxşar cəhətləri var. Bunları ev şəraitində ayırd eləmək mümkün deyil. Bunu laboratoriya şəraitində və xəstəlik tarixini öyrənməklə ayırd etmək mümkündür”.
Anar Salayev ev şəraitində zəhərlənmələrə müdaxilə barədə də məsləhət verib: “Əgər qida qəbulundan əgər 30-40 dəqiqədən çox keçməyibsə, mədə ilıq su ilə yuyula bilər. Xörək duzu ilə soda qarışdırılmış suyun da faydası var. Lakin səbəbi bilinməyən zəhərlənmələrdə qatıqdan, ayrandan istifadə etmək qəti qadağandır. İnsan turşu və ya qələvi məhsul içib zəhərlənibsə, onu qusdurmaq olmaz. Bu zaman təcili xəstəxanaya müraciət etmək lazımdır. Əgər qida ilə zəhərlənmə şübhəsi varsa və qidanın qəbulundan 3-4 saat, və ya hətta 3-4 gün keçibsə, qusdurmaq olmaz”.
Qidaların saxlanma şərtlərinin pozulmasının zəhərlənmələr səbəb olduğunu deyən qonaq bu şərtlər barədə danışıb: “Qidalar isti vaxtlarda hətta evdə açıq saxlanılarsa, qıcqırma və zəhərlənmə baş verə bilər. Hər bir məhsulun açıq və bağlı şəkildə saxlanma dövrü var. Lakin soyuducu sterilizator deyil. Gündəlik istifadə etdiyimiz məhsulları uzun müddət saxlamaq məsləhət deyil. Böyük ölçülü qarpızları saxlamaq lazım gələrsə, yaxşı olar ki, onu ağzı bağlı polietilen qabda qısa müddət saxlanılsın. Əgər məhsulda problem varsa, hər kəsə təsir edəcək, amma birinə güclü, birinə az təsir edə bilər. Amma təkcə bir nəfərə təsir edirsə, bu zaman onun qəbul etdiyi başqa qidalara diqqət yetirmək lazımdır”.
Anar Salayev geni dəyişdirilmiş qidaların orqanizmə təsirlərindən danışıb: “Hazırda bütün dünyada geni dəyişdirilmiş orqanizmlər (GDO) çox geniş yayılıb. İlk dəfə 1972-ci ildə Pol Berq tərəfindən geni dəyişdirilmiş qida hazırlanıb. Bir il sonra 1973-cü artıq o geni dəyişdirilmiş bakteriya ala bilib. Bu hər hansı bir canlıya, meyvəyə, tərəvəzə başqa canlıya məxsus yad bir genin köçürülməsi və həmin köçürülmüş genin yeni orqanizmdə fərqli xüsusiyyətlər yaratmasıdır. Məsələn, çiyələyin soyuqda yetişdirilməsi üçün soyuğadavamlı canlıların, məsələn, soyuq sularda yaşayan balığın genindən istifadə olunur. Geni dəyişdirilmiş orqanizmlərdən yeni məhsul, toxum almaq mümkün deyil. Onların həm sağlamlığa, həm də xarici mühitə təsiri böyükdür. Onlar uzun müddət qaldıqda torpağa xüsusi zəhərlər buraxır. GDO tozları külək və digər təbii vasitələrlə təbii məhsulları tozlandıraraq onlara da zərər verir. Bu gün allergiya dünyada tənəffüs sistemi xəstəliklərindən ən geniş yayılanıdır. Bu astmaya qədər gətirib çıxara bilər. GDO-lar heyvanlarda və insanlarda antibiotiklərə müqaviməti artırır və hər hansı bir xəstəliyin müalicəsində həmin antibiotiklərin tətbiqi zamanı effektsiz edir. Rusiya EA-nın alimləri siçanlar üzərində apardıqları tədqiqat nəticəsində GDO-nun erkən ölümə səbəb olduğunu sübut ediblər. Hindistanda geni dəyişdirilmiş pambıq sahəsində işləyən işçilərdə güclü allergiya əmələ gəlib. GDO-lu soya ilə qidalanan qoyunlarda qısa müddət ərzində kütləvi tələfat baş verib. 2005-ci ildə Avstraliyada zərərsiz proteinə malik lobya ilə qidalanan siçanlarda ağciyər iltihabının yayılmasını müşahidə ediblər. Bunlardan əlavə, mədəaltı vəz xəstəlikləri, ölümlə nəticələnən və səbəbi bilinməyən bəzi xəstəliklər də GDO-nun təsiri ilə yaranır”.