Kreditlə tətil... mümkündürmü?

“Azərbaycanda alternativ turizm növlərinin inkişaf etdirilməsi çox vacib məsələdir”...

 

“Dünyada hər il 1 milyard insan turist kimi səfərə çıxır, yaxın iki il ərzində bu rəqəm 2 milyarda çatacaq”...

 

“Sağlamlıq turizmi XXI əsrin bir fenomeni kimi dəyərləndirilməlidir”...

 

“Yaxın gələcəkdə Azərbaycana gələn turistlərin 25-35 faizinin sağlamlıq turizmin payına düşəcəyini proqnozlaşdırmaq olar”...

 

“Ölkəyə turist gətirən şirkətlərə yerli aviaşirkətlər tərəfindən endirimlərin olması vacibdir”...

 

“Turizm vətənpərvərlik və xalq diplomatiyasının çox bariz bir nümunəsidir”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, turizm üzrə ekspert Ruslan Quliyev deyib.

 

Azərbaycanda turizmin özünəməxsus dinamika ilə inkişaf etdiyini deyən Ruslan Quliyev bu sahəni tənzimləmək üçün qanun layihəsinin hazırlandığını bildirib: “Bu gün turizmin inkişafında maraqlı olan bütün tərəflər nəzərə alınaraq bu qanunun mükəmməl şəkildə işlənməsi turizmin inkişafında yeni bir mərhələnin başlanğıcını gətirəcək. Dünya bazarında neftin ucuzlaşması turizm sektorunun inkişafını ön plana çıxarır. İlk olaraq turizm bazarına çıxarılan məhsulların qiymətləri və rəqabətə qabiliyyətli olması vacibdir. Bu baxımdan xidmətlərin maya dəyərini təşkil edən amillər, dövlət tərəfindən olan güzəştlərin tətbiq olunması, gələcəkdə vergi sisteminə yenidən baxmaq məsələsi də nəzərə alınmalıdır. Artıq Azərbaycanda 500-dən çox otel, 200-dən çox turizm şirkətimiz var”.

 

Qonaq turizm sahəsində fəaliyyət göstərənlərin təşkilatlanmasının vacibliyini qeyd edib: “Bu sahədə həm qeyri-hökumət təşkilatları, həm özəl sektor tərəfindən koordinasiya düzgün həyata keçirilməlidir. Bölgə üçün xas olan turizmin meyarlarını müəyyən edərkən bütün tərəflər - kənd icmalarından tutmuş bələdiyyələr və özəl sektor koordinasiyanı düzgün həyata keçirməlidir. Eyni zamanda Azərbaycanda alternativ turizm növlərinin inkişaf etdirilməsi çox vacib məsələdir. Son 3 ildə mədəni, etnoqrafik, eyni zamanda, sağlamlıq turizmi sürətlə inkişaf edir. Sağlamlıq turizminin əsas üstünlüyü odur ki, 365 gün ərzində fəaliyyət göstərir, mövsümi deyil. Sağlamlıq turizmində minimum 14-18-21 gün mütləq qaydada kurs müalicəni almaq üçün gecələmə faktoru var ki, bu da iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Dünyada hər il 1 milyard insan turist kimi səfərə çıxır, yaxın iki il ərzində bu rəqəm 2 milyarda çatacaq. Dünyada 100 milyona yaxın insan sağlamlıq turizmi məqsədilə öz yaşadığı məntəqəni tərk edir. Sağlamlıq turizmi XXI əsrin bir fenomeni kimi dəyərləndirilməlidir. Bu sahədə də biz yeni marka və trend ortaya qoyuruq. Naxçıvanda Duzdağ, Naftalan bölgəsində və Qalaaltı sanatoriyası və s. bu baxımdan maraq cəlb edir. Qalaaltı Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü olduğu üçün bu o deməkdir ki, Avropa xəritəsində artıq yeri var. Naftalana gələn turistlərin 35 faizi Qazaxıstanın payına düşür. Araşdırma göstərir ki, Pribaltika ölkələrindən də Naftalana gələn çoxdur. Qazaxıstanın şimalında olan bəzi əyalətlərin əhalisi də Duzdağ sanatoriyasına çox böyük maraq göstərir. Yaxın gələcəkdə Azərbaycana gələn turistlərin 25-35 faizinin sağlamlıq turizmin payına düşəcəyini proqnozlaşdırmaq olar”.

 

Daxili turizmin inkişafının əhəmiyyətindən danışan ekspert bu sahədə çətinliklərə də toxunub: “Statistikaya görə, 2013-cü ildə cəmi 325 min nəfər ölkə daxilində turizm məqsədi ilə yerdəyişmələr edib. Son zamanların tendensiyası göstərir ki, Novruz bayramı və Yeni il dövründə ölkə daxilində səyahət edənlərin sayı artır. Artıq bölgələrdə gecələmə sayı artır. Bu sahədə yol infrastrukturu və istirahətə əlavə dəyər qatan istiqamətlərin inkişaf etdirilməsi, asudə vaxtının təşkili önəmli məsələdir. Turizm ancaq gecələmə və yemək yeməkdən ibarət deyil. Hazırda Quba-Xaçmazda çox böyük təchizatlar yaradılır. Qəbələ, Lənkəran-Astara-Masallı istiqamətində da insanların istirahəti üçün imkanlar var. Azərbaycanda yay turizminin ömrü az olduğundan yerli sahibkarlar 45 günlük mövsümə ümid bəsləyirlər. Əslində, mən qiymətlərin kəskin aşağı düşməsinin tərəfdarı deyiləm. Əgər qiymətlər maya dəyərindən aşağı düşərsə, biz iflas etmiş sahibkarlar ordusu ilə qarşılaşarıq”.

 

Ruslan Quliyev turizmin inkişafı üçün sahibkarlara da müəyyən güzəştlərin edilməsini vacib hesab edir: “Daxili bazara rəqabət qabiliyyətli, ucuz və keyfiyyətli turizm xidmətinin çıxarılması üçün, məhsulun, turpaketlərin layihələndirilməsinə təsir edən amillər var. Orta və kiçik sahibkara dövlət tərəfindən güzəştlər olmalıdır. 1.5 faizdən artıq olmayaraq minimal 10 il müddətinə kredit və digər vəsaitlərin ayrılması bunlardan biri ola bilər. Ölkəyə turist gətirən şirkətlərə yerli aviaşirkətlər tərəfindən endirimlərin olması vacibdir. Eyni zamanda turistlər üçüm  tətbiq olunan 18 faiz ƏDV azaldıla bilər. Hazırda əcnəbilər üçün sadələşmiş vizanın tətbiq olunması ölkəyə gələn turistlərin sayına təsir edir. Son dövrdə MDB ölkələrindən gələnlərin sayında 3-4 dəfə, Körfəz ölkələrindən gələnlərin sayında isə 27 dəfə artım olub. Turizm vətənpərvərlik və xalq diplomatiyasının çox bariz bir nümunəsidir”.

 

Ekspert sifarişlərin zəmanəti və təhlükəsizlik məsələləri barədə də danışıb: “Turizm elə bir həssas sahədir ki, ölkə daxilində baş verən hadisələr, iqtisadi, siyasi böhranlar ona təsir edir. Turistlər şirkətə müraciət edən zaman birinci şirkət haqqında mediada, insanlar arasında olan fikirlərlə maraqlanırlar. Razılaşmaların mütləq yazılı müqavilə təsdiqlənməsi vacibdir. İlkin və ya tam ödənişin kassa-mədaxil qəbzi alınmalıdır. Müqavilə öhdəliklərini həyata  keçirməmək faktları olarsa, qaynar xəttə müraciət edə bilərlər. Yerli turistlərimizi xarici ölkələrə göndərdiyimiz zaman onların vəkili rolunu oynamalıyıq. Uzun müddət bazarda öz sözünü deyən şirkətlərlə işləmək lazımdır”.

 

Ruslan Quliyev istirahət xərclərinin kreditləşdirilməsi təklifinə də münasibət bildirib: “2005-ci ildən etibarən aparıcı və nümunə banklar turizm kreditlərinə başladılar, lakin sonra bu da istehlak kreditinə çevrildi. Bu zaman turpaketin 30 faizi ilkin olaraq, qalanı isə il ərzində ödənilirdi. İstirahət məkanının rezerv sənədləri, biletlər və qaimə əsasında təqdim olunurdu. Turizm təkliflərinin bu növünü məqbuldur. Ancaq faiz dərəcələri illik 12-15 faizi aşmamalıdır. Devalvasiyadan sonra xarici turizmdə bu bir az riskli sayılır”. 

Müəllif | Apa.Tv
Apa.tv