Tələbələrə ən aşağı faizli təhsil krediti - YENİLİK
“Ödənişli təhsil alan tələbələr ali məktəbi bitirdikdən bir il sonra ödəniş etməyə başlayacaqlar”...
“Banklar əlavə qazanc əldə etmək məqsədilə tələbə krediti adlanan mexanizm tətbiq edirlər, Maarifçi Tələbə Kredit Fondu isə sosial layihədir”...
“10 universitetdən ümumilikdə 350-400 nəfərə güzəştli kredit verilə bilər, lakin həmin universitetlərdə ehtiyacı olan tələbələrin sayı ən azı 800-1000 nəfərdir”...
“Gələcəkdə digər universitetlər də Maarifçi Tələbə Kredit Fonduna qoşula bilər”...
“İllik limit təxminən 4 min manata qədər müəyyənləşdirilib, bir tələbə 5 il ərzində 20 min manata qədər vəsait ala bilər”...
“Fondun məqsədi tələbələrə yardım etməkdir, təhsil haqqını universitetlərə ödəyərkən dolayı yolla universitetlərə də yardım etmiş oluruq”...
“Hələlik proqram yalnız bakalavr təhsili üçün nəzərdə tutulub”...
“Fond heç yerdən vəsait cəlb etmir, ona görə də bizdə faiz dərəcəsini yuxarı qaldırmaq nəzərdə tutulmayıb”...
“Tələbələrə kreditlər girovsuz verilir, lakin kredit ödənilməsə, həmin adam məhkəməyə cəlb oluna bilər”...
“Birinci kurs tələbələrinə kredit ayırmağı düşünmürük”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud deyib.
Rüfət Mahmud aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqını ödəməklə bağlı yaranan problemin həlli üçün təklif olunan modeldən danışıb: “Uzun müddət idi ki, bu problemin həlli yolları ilə bağlı həm Təhsil Nazirliyi, həm Milli Məclisdə variantlar axtarılırdı. Universitetlərin öz təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə yeni bir mexanizm təklif olundu. Bu təklif ondan ibarətdir ki, sırf universitetlər tərəfindən yeni bir fond yaradılır, dövlət vəsaiti cəlb olunmadan bu fond fəaliyyətə başlayır və tələbələrin problemi həll olunur. Layihənin mahiyyəti ondan ibarətdir ki, tələbə təhsil haqqını dərhal yox, uzun müddət ərzində ödəyir. Fond həmin vəsaiti kredit şəklində tələbə ilə rəsmiləşdirir, kredit müqaviləsi imzalanır, tələbənin fondun agent bankına kredit borcu yaranır. Tələbə ali məktəbi bitirəndən sonra bir il də güzəşt müddəti alır. Bir il işlə təmin olunmaq müddətidir. Ali təhsil başa çatdıqdan bir il sonra ödəniş başlayır. Borc verilən məbləğ seçilmiş kredit paketindən asılı olaraq 5, yaxud 10 il ərzində aybaay ödənilir”.
Qonaq bu güzəştli ödənişli təhsil növünün dünyanın hər yerində həyata keçirildiyini deyib: “Ölkəmizdə ödənişli və ödənişsiz təhsil eyni səviyyədədir, bir-birindən qətiyyən fərqlənmir, ali məktəblərə qəbul planının müəyyən faizi dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan tələbələr öz hesablarına təhsil alırlar. Banklar əlavə qazanc yeri axtararaq tələbə krediti adlanan mexanizm tətbiq edir. Maarifçi Tələbə Kredit Fondu isə sosial layihədir. Ona görə də burda gəlir və ya qazanc nəzərdə tutulmur. Lakin eyni zamanda agent bank fondun maliyyə əməliyyatlarını həyata keçirir və bu zaman əməliyyat xərcləri əmələ gəlir. Təbii ki, fond həmin əməliyyat xərcləri bağlamaq üçün müəyyən faiz tətbiq edir. Bu dərəcə illik kredit paketindən asılı olaraq 6-8 faizə qədər müəyyənləşib. Faiz dərəcəsi təhsil bitdikdən sonra, güzəştli müddətdən sonra tətbiq olunmağa başlayır”.
Rüfət Mahmud ilkin olaraq fondun güzəştlərindən məhdud sayda tələbənin yararlanacağını bildirib: “Fondun məhdud sayda tələbə yeri var. Üzv olan 10 universitet hər biri müəyyən kvota ayırıb, ümumilikdə 350-400 nəfərlik yer var. Təbii ki, həmin universitetlərdə ehtiyacı olan tələbələrin sayı ən azı 800-1000 nəfər arasındadır. Kredit alacaq tələbə, ilk növbədə, 25 yaşdan böyük olmamalıdır. İkincisi, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Təsisçi olan 10 universitetin tələbəsi olmalıdır. Aztəminatlı ailədən olmalıdır. Ailənin aztəminatlı olmasını müəyyən etmək üçün tələbə valideynlərinin gəlirləri barədə arayış verməlidir. Ailənin illik gəliri 10 min manatdan yuxarı olmamalıdır. Müraciət və qeydiyyat yalnız onlayn qaydada aparılır. Bütün bunlardan sonra tələbələr fond tərəfindən seçilir və kredit müqavilələri imzalanır. İki kredit paketi mövcuddur, standart adlanan paketdə illik 8 faiz dərəcə tətbiq olunur və 5 il 6 ay ərzində ödənilməlidir. Güzəştli paketdə isə illik dərəcə 6 faiz təşkil edir və borcu 10 il ərzində ödəmək mümkündür. Güzəştli paketdən ailə başçısını itirmiş ailələr və ya sağlam imkanları məhdud olan tələbələr faydalana biləcəklər”.
Qonaq gələcəkdə fonda müraciət edən tələbə sayının və güzəştlərin növünün də artacağını istisna etməyib: “Əlbəttə, təkcə təhsil haqqını ödəməklə iş bitmir, elə tələbələr var ki, kirayə haqqını ödəyə bilmir, hətta kompüterin olmaması da məhdudiyyətlər yaradır. Çox hallarda Gürcüstan vətəndaşı olan tələbələrimiz bu problemlərlə üzləşirlər və bəzən ali təhsildən məhrum olurlar. Lakin 5 ildən sonra fonda real pul axını başlayacaq, yeni vəsait olduqca tələbələrin yaşayış şərtlərinin yaxşılaşdırılması ilə bağlı yeni güzəştlər də təklif oluna bilər. Gələcəkdə digər universitetlər də bu təşəbbüsə qoşula bilər. Artıq özəl universitetlər də fonda qoşulma təşəbbüsü göstərirlər, burada şərtlər eynidir, qoşulmaq istəyən ali məktəb müəyyən sayda tələbə yeri müəyyənləşdirir, fonda qrant şəklində vəsait ayırır və fondun təsisçilərindən birinə çevrilir”.
Ödənişli təhsil üçün illik məbləğ barədə məlumat verən Rüfət Mahmud aylıq ödənişlərdən də danışıb: “İllik limit təxminən 4 min manata qədər müəyyənləşdirilib, bir tələbə 5 il ərzində 20 min manata qədər vəsait ala bilər. Orta hesabla bizdə illik təhsil haqqı 2 min manata bərabərdir. Fondun məqsədi tələbələrə yardım etməkdir, təhsil haqqını universitetlərə ödəyərkən dolayı yolla universitetlərə də yardım etmiş oluruq. Hələlik proqram yalnız bakalavr təhsili üçün nəzərdə tutulub. Pilot mərhələsindəyik, bu yeni bir modeldir. Aylıq ödəniş təxminən 50-100 manat olacaq”.
Qonaq kredit proqramının riskləri barədə də danışıb: “Maliyyə banklarından fərqli olaraq bizim borclanma xərcimiz sıfıra bərabərdir. Fond heç yerdən vəsait cəlb etmir, ona görə də bizdə faiz dərəcəsini yuxarı qaldırmaq nəzərdə tutulmayıb. Əlbəttə, bizdə də risklər mövcuddur, dünya praktikasında oxşar tələbə fondlarında 10, 15 hətta 20 faizə qədər problemli kredit yarana bilər. Biz krediti tələbəyə verərkən heç bir girov tələb eləmirik. Lakin müqavilə imzalanan zaman orda bəndlər qoyuruq ki, sabah kredit ödənilməsə həmin adam məhkəməyə cəlb oluna bilər. Təəssüf ki, birinci kurs tələbələrinə kredit ayırmağı düşünmürük. Təhsilin sonrakı dövründə tələbənin davamiyyət göstəriciləri mütləq nəzərə alınmalıdır. Tələblərdən biri də semestr nəticələrinin 71 baldan yuxarı olmasıdır”.