Dünyada bir nömrəli ölüm səbəbi - SİQARET
“Passiv siqaret çəkmək, aktiv siqaret çəkmək qədər ziyan verir”...
“Tezliklə ictimai yerlərdə, qapalı məkanlarda siqaret çəkmək qadağan ediləcək”...
“Təcrübə göstərir ki, cərimələr çox güclü təsiredici mexanizmdir”...
“Siqaretin qiymətinə 70 faiz vergi tətbiq olunmalıdır”...
“Artıq siqaretlərin sadə qutularda qablaşdırılması təklif edilir, yəni brendlər bir-birindən seçilməyəcək”...
“Siqaret özü yüngül narkotikdir”...
“Yüngül hesab etdiyimiz siqaret əslində daha ağırdır, çünki onun tərkibində kimyəvi maddə daha çoxdur”...
“Elektron siqaretlər də təhlükəlidir”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev deyib.
Tofiq Musayev siqaretin səbəb olduğu qeyri-infeksion xəstəliklərin dünyada insan ölümlərinin birinci səbəbi olduğunu deyib: “Bu gün dünyada 6 milyon insan siqaretdən dünyasını dəyişir, təbii ki, bu, ailələrə, iqtisadiyyata, dövlətlərə çox böyük zərər vurur. Biz çalışırıq ki, bu gün siqaret çəkmək sosial normaya çevrilməsin. Keçən il prezidentin qərarı ilə Azərbaycanda qeyri-infeksion xəstəliklərinin qarşısının alınması və bu xəstəliklərlə mübarizə strategiyasının əsas məqsədlərindən biri də məhz siqaret çəkmək vərdişinin qəti surətdə aradan qaldırılmasıdır”.
Azərbaycanda siqaret çəkən qadınların sayının rəsmi statistikadan çox olduğun deyən qonaq tədricən bu sahədə də ictimai qınağın azalacağını bildirib: “Məsələn, qonşu Türkiyədə bəzən qadınlar kişilərdən çox siqaret çəkir ki, 10-15 il əvvəl orda belə deyildi. Bizdə də getdikcə problem böyüyür. Orada ictimai yerlərdə siqaret çəkilməsi tam qadağan edilib, bir çox tədbirlər aparılır ki, insanlar tütün çəkmədən əl çəksinlər, qiymətlər artırılır. Mübarizənin başlıca səbəbləri də passiv siqaret çəkmədən qurtulmaqdır. Passiv siqaret çəkmək, aktiv siqaret çəkmə qədər ziyan verir. Ona görə də siqaret çəkən adam öz məsuliyyətini hiss etməlidir. Ailədə bəzən siqareti evdə çəkirlər. Artıq üçüncü dərəcəli siqaret çəkməklə bağlı araşdırmalar var. Ətrafa yayılan tüstü yumşaq mebellərə, paltara çökür, sonra insana təsir etməyə başlayır”.
Tofiq Musayev Azərbaycanda da bu sahədə siyasətin dəyişdiyini söyləyib: “Bu yaxınlarda tütün və tütün məmulatları haqqında qanunda dəyişikliklər ola bilər. Artıq cəmiyyət də bu dəyişikliklərə hazırdır və qanunun da təkmilləşdirilməsi baş verir. Tezliklə ictimai yerlərdə, qapalı məkanlarda siqaret çəkmək qadağan ediləcək. İnzibatı Xətalar Məcəlləsinə də dəyişiklik ediləcək. Lakin əsas məsələ bu qanunun yerlərdə tətbiqidir. Təcrübə göstərir ki, cərimələr çox güclü təsiredici mexanizmdir. Təsiredici mexanizmlərdən biri də qiymətlərin, vergilərin artırılmasıdır. Məsələn, Türkmənistanda qiymətlər çox bahadır, siqaret almaq çətindir, ona görə də insanlar siqaret çəkməkdən imtina edir. Azərbaycan 2005-ci ildən ÜST-nın Tütünə Qarşı Mübarizə Haqqında Çərçivə Konvensiyasına qoşulub. Sübut olunmuş mexanizmlər həyata keçirəndə tütün çəkmə problemi tədricən aradan qalxacaq. Bir çox dövlətlər artıq 2025-2040-cı illərdə öz ölkələrində tütün istehsalının və satışının olmayacağı təşəbbüsü ilə çıxış ediblər”.
Səhiyyə Nazirliyinin nümayəndəsi siqaretlərin satış qaydalarında dünya təcrübəsindən danışıb: “Bəzi ölkələrdə, məsələn, Rusiyada satış yerlərində siqaretlər görünmür. Onlar vitrinlərə qoyulmur. Açıq vitrinə qoyulan siqareti çəkməyən yeniyetmə gənclər də istəyir, bu da dolayı yolla bir reklamdır. Siqaretlərin görünüşü də buna təsir göstərir. Hər il Ümumdünya Tütünsüz Gündə bir təklif irəli sürülür. Bu il isə siqaretlərin sadə qutularda qablaşdırılması təklif edildi. Bütün tütün qutuları eyni olacaq. Yəni brendlər bir-birindən seçilməyəcək. Bu isə siqaretin cəlbedicilik xüsusiyyətini öldürür”.
Tofiq Musayev Azərbaycanda siqaretlə mübarizədə ən effektiv və mümkün yollar barədə fikirlər səsləndirib: “Əvvəlcə, monitorinq keçirərək vəziyyəti dəyərləndirmək lazımdır. İnsanları tütün çəkməkdən uzaqlaşdırmaq üçün telefon xidmətləri açıla bilər. Siqaret qutularının üzərində xəbərdarlıq olmalıdır. Qiymətlərə vergi artırılmalıdır. Adətən, siqaretin qiymətinə 70 faiz vergi tətbiq olunmalıdır. Burada konkret hədd yoxdur, bəzi ölkələr qiyməti lap bahalaşdırır, bu dövlətin öz siyasətindən asılıdır”.
Həkim siqaret istehsalçılarının cəlb etməyə çalışdığı gənc və yeniyetmələri bu zərərli vərdişdən qorumağın əhəmiyyətini xüsusi qeyd edib: “Çalışmaq lazımdır ki, yeni nəsil siqaret çəkməni norma kimi qəbul etməsin. Yaşlı insanlara siqareti tərgitmək bir az çətindir, biz çalışmalıyıq ki, yeni nəsil siqaretsiz yetişsin”.
Qonaq siqaret çəkməklə narkotik arasında əlaqə barədə fikirlərə də münasibət bildirib: “Bəzən deyilir ki, siqaretin özü yüngül bir narkotikdir. Çünki siqaretin özü psixoloji və getdikcə fiziki asılılıq yaradır. Siqaretin tərkibində olan nikotin asılılıq yaradır, istehsal prosesi zamanı siqaretə müxtəlif aromatlar qatılır. Tütün tüstüsünün tərkibində 5 minə yaxın maddə var. Onların təxminən 40-nın onkoloji xəstəliklərə səbəb olur. Bəzi ölkələrdə artıq tütün plantasiyaları yerində digər bitkilər yetişdirilir”.
Yüngül siqaret anlayışının yanlış olduğunu deyən Tofik Musayev nargilənin zərərindən də danışıb: “Siqareti yüngülləşdirən ona qatılan əlavə maddələrdir. Yüngül hesab etdiyimiz siqaret, əslində, daha ağırdır, çünki onun tərkibində kimyəvi maddə daha çoxdur. Nargilə daha çox ziyandır, çünki insan qapalı şəraitdə onu çəkir və əmələ gələn karbon qazı adi siqaretdən 4 dəfə çoxdur. İnsanın qəbul etdiyi təmiz havadan başqa hər şey ağciyərlərə mənfi təsir edir. Hətta görünməz hissəciklər belə. Bu baxımdan elektron siqaretlər də təhlükəlidir, çünki onun tərkibinin nə olduğu məlum deyil”.