Azərbaycanda ildə 60 min qan donoruna ehtiyac var - SOS

“Azərbaycanda 3 mindən çox talassemiya xəstəsi var, irsi xəstəlikləri də bura əlavə etsək, il ərzində təxminən 60 mindən çox donora ehtiyac var”...

 

“Könüllü donorlar 5-6 aydan bir qan verdiyi zaman onlarda məsuliyyət hissi yaranır və sağlamlıqlarına nəzarət edirlər”...

 

“Donor talassemiyalı uşaq üçün ikinci valideyn deməkdir”...

 

“Talassemiyalı uşaqlara qan çatmazsa, iştah azalır, daxili orqanlarda problem yaranır”...

 

“Azərbaycanda +II qrup qan çox yayılıb, bu isə o deməkdir ki, +II qrup qana ehtiyac da çoxdur”...

 

“Bəzən günlərlə mənfi rezuslu qan axtarırıq”...

 

“Qan vermək tək dini əhəmiyyətli günlərdə yox, ilin hər günündə savabdır”...

 

“Bir gün ərzində toplanan çoxlu miqdarda qanlar zaman keçdikcə istifadəyə yarasız olur”...

 

“Təəssüf ki, biz bu gün 35 yaşlı adama qan vermənin faydalarını izah edirik”...

 

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səslənib. Proqramın qonağı, LAYF İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev könüllü qan donorluğun əhəmiyyətindən danışıb: “Digər vasitələrdən fərqli olaraq, qan təbii yolla əldə olunur. Bu məcburiyyət deyil, könüllü əsaslarla alınmalıdır.  Artan irsi qan xəstəliklərimizlə yanaşı digər xəstəliklərdə də qana ehtiyac yaranır. Azərbaycanda 3 mindən çox talassemiya xəstəsi var, irsi xəstəlikləri də bura əlavə etsək, il ərzində təxminən 60 mindən çox donora ehtiyac var. Unutmayaq ki, gündəlik əməliyyatlar və cəbhə bölgəsində yaralılar da qana ehtiyacı daha çox artırır. Amma könüllü donorların sayı artmır. Bunun səbəblərindən biri təbliğatın zəif olmasıdır. Azərbaycanda ən böyük problemlərdən biri qan tələbatı zamanı qohumluq əlaqələrinə üstünlük verilməsidir ki, insanlar yalnız öz qohumlarına və yaxınlarına qan verirlər. Könüllü donorlarda qanla keçən xəstəliklər olmur. Bir neçə il əvvələ qədər qan verən insanlar pul alırdılar. O zaman qana ehtiyac az idi. Lakin bu vaxt qan qarışıqlığında pul alan insanların çoxunda xəstəliklər olurdu. Normal həyat yaşayan insanlar pul üçün qan verirdilər, bu da bir çox xəstəliklərin yayılmasına səbəb olurdu. Bundan sonra qanla təmin olunma mərkəzləşdirildi və könüllü donorluq əmələ gəldi. Könüllü donorlar 5-6 aydan bir qan verdiyi zaman onlarda məsuliyyət hissi yaranır və sağlamlıqlarına nəzarət edirlər. Bu zaman qanların təmizlənməsinə də daha az vəsait sərf olunur”.

 

Proqramda iştirak edən müəllimə Gülnarə Aslanova qana ehtiyacın böyük olmasının səbəblərindən danışıb: “Məlumatsız insanlar hər zaman düşünürlər ki, qan çoxdur, hər zaman təmin olunur, və bu qədər qan nəyə gərəkdir? Lakin mənim övladım talassemiyadan əziyyət çəkir, belə uşaqları yaşatmaq üçün daim donor lazımdır. Donor talassemiyalı uşaq üçün ikinci valideyn deməkdir. Mən 2006-cı ildən bəri oğlumla bərabər qan donorları, donorlarla əlaqə yaradan insanları axtarıram. Oğluma ayda iki dəfə qan köçürülür. Bizim övladlarımızın da yaşamaq, böyümək haqqıdır. Qan azalanda, çatmayanda oğlum iştahsız olur, yemək yemir. Mən övladımı hər şeylə təmin edirəm, amma qanla təmin edə bilmirəmsə, demək ona heç nə verə bilmirəm. Övladımız gündəlik həyat sevincindən kənarda qalması bizim üçün çətindir. Qan azaldıqca daxili orqanlarda problem əmələ gəlir. Amma ardıcıl olaraq qan veriləndə ən azından normal həyatını təmin eləmək mümkün olur”.

 

Verilişin qonağı, könüllü donor Sirxan Məmmədov qan donorluğunun orqanizmə faydalı olduğunu deyib: “Mən xaricdə olanda könüllü donorluğun təbliğ olunduğunu görürdüm. Bir neçə il bundan  əvvəl LAYF İctimai Birliyinin “Qəhrəman donorlar” layihəsi ilə tanış oldum və artıq mütəmadi olaraq 4-5 aydan bir talassemiyalı uşaqlar üçün qan verirəm. Bu yaxınlarda trombosit donoru da oldum. Bununla mən insanlıq borcumu yerinə yetirirəm”.

 

Emil Vəliyev Azərbaycanda ən çox ehtiyac olan qan qrupları və çətin tapılan qanların siyahısını açıqlayıb: “Azərbaycanda ən çox yayılmış qan qruplarının müəyyən faizi var, bu baxımdan +II qrup daha çoxdur. Bu isə o deməkdir ki, +II qana ehtiyac da çoxdur. Mənfi rezuslu qana malik olanlar azdır, həmin qana ehtiyac da azdır. Amma bəzən günlərlə mənfi rezuslu qan axtarılır. Mənfi rezuslu donorlarla hal-hazırda aktiv işləyə bilmirik. LAYF İB-in bazasında mənfi rezuslu qanlar var, biz bazanı saxlayırıq və ehtiyac olan zaman donorları dəvət edirik. Mümkün qədər irsi qan xəstəliklərindən əziyyət çəkənləri qanla təmin edirik, eyni zamanda bizə müraciət edən, həyati əhəmiyyətli hallarda digər xəstələri də qanla təmin edirik. Bəzən insanların donorluq barədə məlumatı olmur, lakin qana ehtiyacı olarkən bunun necə vacib olduğunu görür və sonra donora çevrilir”.

 

Qonaq cəmiyyətin qan vermək üçün maarifləndirilməsinin vacib olduğunu deyib: “Aprel  döyüşləri zamanı cəmiyyətimizdə bir oyanış oldu. Bir neçə gün ərzində bir neçə ayda toplanan qədər qan yığıldı. Biz donorlarımızı həvəsləndiririk. Bayramlar, tədbirlər, ödənişsiz film biletləri ilə donorları aktiv saxlamağa çalışırıq. İstərdik ki, insanlar özləri könüllü olaraq qan versinlər. Yaxşı olardı ki, bizim kimi təşkilatlara da ehtiyac olmasın”.

 

Gülnarə Aslanova yalnız qanvermə aksiyaları zamanı problemin diqqətə çatdırılmasını təəssüflə qeyd edib: “Bəzi dini tədbirlərdə kütləvi qanvermə aksiyası keçirirlər. Lakin qanın da istifadə müddəti var.  Yaxşı olardı ki, hamı ilin yalnız bir günündə içində yox, növbə ilə ay ərzində gəlib qan versinlər. Çünki zaman keçdikcə toplanan qanlar istifadəyə yarasız olur. Qan vermək tək dini əhəmiyyətli günlərdə yox, ilin hər günündə savabdır. Orucluq dövründə də qan tapmaq problem olur, çünki oruc tutan adamlar fiziki cəhətdən zəifləyirlər. Zəif qanın uşağa vurulmasının faydası yoxdur”.

 

Emil Vəliyev də orucluq zamanı qan verənlərin sayının azaldığını deyib: “Bir çox insanlar düşünür ki, orucluq vaxtı qan vermək olmaz, bu zaman oruc batil olar. Amma dini inancı güclü olan donorlarımız var ki, oruc tutduqda da qan verirlər. Sadəcə, fiziki cəhətdən zəif olan insanlar oruc tutduqları zaman qan verə bilmirlər. Həm də son vaxtlar orucluğun yay aylarına düşməsi donorlarla bağlı çətinlik yaradır. Bakıda qana ehtiyacın daha çox olması donorların da burda çox olmasına səbəb olur. Mərkəzi Qan Bankı bölgələrdə də qanvermə aksiyaları təşkil edir, ehtiyacı olanları qanla təmin edir. Bölgələrdə yaşayan talassemiyalı xəstələrin çoxu Bakı həkim nəzarətindədirlər. Onlar hər dəfə müayinə üçün Bakıya gələndə qan köçürürlər. Bu isə Bakıda daha çox qan toplamağa zərurət yaradır. Təəssüf ki, biz bu gün 35 yaşlı adama qan vermənin faydalarını izah edirik, məncə, bu təhsil sistemindəki boşluqdan əmələ gəlir. Donorluğun əhəmiyyəti, faydaları və tələbat orta məktəblərdə, təhsil ocaqlarında təbliğ olunmalıdır ki, biz insanları buna cəlb edə bilək. Ehtiyac böyükdür, gündən-günə donorların sayı artmalıdır”. 

Müəllif | Apa.Tv
Apa.tv