Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini niyə artırmadı? - EKSPERT
“FED uçot dərəcələrini artıraraq izafi pulu geri yığmaq, bununla da, inflyasiyanın önünə keçmək fikrindədir”...
“FED bundan əvvəl uçot dərəcəsini Çinə görə artırmadı, bu dəfə də Avropa Birliyindəki məsələlərə görə gözləmə mövqeyinə keçdi”...
“Bu il ərzində FED mütləq faiz dərəcəsini artıracaq”...
“Dekabrdakı baş verən devalvasiyanın FED-in qərarı ilə birbaşa əlaqəsini görmürəm, bu, bizim iqtisadiyyatımızın fundamental problemləri ilə bağlıdır”...
“Devalvasiya dollarlaşma prosesinə keçidlə eyni vaxtda baş verdiyi üçün bankların valyuta mövqeyində açıq yarandı”...
“Manat likvidliyi probleminin həlli üçün ya Mərkəzi Bank banklara vəsait verməlidir və ya hökumət sürətli xərcləmələrini artırmalıdır”...
“Son illərdə neftin dəqiq qiyməti ilə bağlı nə istehsalçı ölkələr, nə dünyanın bu sahədəki aparıcı şirkətləri, nə istehlakçı ölkələr tam proqnoz verə bilmir”...
“Neft istehsalçısı olan ölkələrinin hasilatı azaltmaqla qiyməti qaldırmasını real hesab etmirəm”...
“Hazırda neftin qiymətini istehsalçı ölkələrdən çox, istehlakçı ölkələr müəyyənləşdirir”...
“Artıq bankların aktivlərində azalma baş verəcək”...
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, kapital məsələləri üzrə ekspert Cəfər İbrahimov deyib.
Cəfər İbrahimov ABŞ-da Federal Ehtiyat Fondunun qərarlarının dünya iqtisadiyyatına təsirinin səbəblərindən danışıb: “2008-ci ildən başlayan dünya böhranından sonra böhrandan çıxış yolu kimi, mərkəzi bankların maliyyə bazarlarında pul kütləsinin artırılması çıxış yolu kimi göstərildi. FED və ya Avropa Mərkəzi bankı başda olmaqla, bütün dünyanın mərkəzi bankları iqtisadiyyatın yenidən aktivliyini təmin etmək üçün bazara kifayət qədər valyuta verməyə başladılar. Banklarda olan problemli aktivləri alaraq, likvid vəsaitlə təmin etdilər. Nəticədə FED-in 8 milyard aktivi 4 trilyona qədər yüksəldi. FED və Avropanın mərkəzi bankları digər banklara aşağı faizli likvid vəsait verərək bazardakı mövcud kreditləşməni təmin eləmək, alıcılıq qabiliyyətini artırmaq üçün pul kütləsini artırdı. İşsizliyin də 5 faizə qədər düşməsi gözlənilirdi. İqtisadiyyatın böyümə imkanı FED üçün bir başlanğıc nöqtəsi idi. Bu nöqtəyə qədər FED bazarı əlavə pul ilə təchiz etdi. Bu gün FED hesab edir ki, Amerika iqtisadiyyatında böyümə var, iqtisadi aktivlik var və işsizlik artıq 5 faizin altına düşüb. Əgər genişləndirilmiş pul kütləsi ilə iqtisadiyyat davam etdirilsə, əldə olan pul kütləsi artıqlığı, ölkədə inflyasiya tendensiyası yarada bilər ki, bu da iqtisadiyyatın bir başqa xroniki xəstəliyidir. FED isə uçot dərəcələrini artıraraq, bazarda pulun dəyərini yüksəltməklə izafi pulu geri yığmaq, bunun yaradacağı inflyasiyanın önünə keçmək fikrindədir”.
Qonaq FED-in bu dəfə uçot dərəcələrində dəyişiklik etməməsinin səbəbini belə izah edib: “Faiz dərəcəsinin yüksəltməməsinin səbəbi, işsizlik faizinin qaneedici olmamasıdır. İkinci, ən böyük faktor var idi ki, gözdən qaçdı, bu isə Britaniyanın AB-dən çıxmaq məsələsidir. İngiltərə iqtisadiyyatının Avropa iqtisadiyyatında xüsusi yeri var. FED bundan əvvəl uçot dərəcəsini Çinə görə artırmadı, bu dəfə də AB-dəki məsələlərə görə gözləmə mövqeyinə keçdi. Lakin bu il ərzində FED mütləq faiz dərəcəsini artıracaq. Qaldırılacaq 0,25 faiz dərəcəsinin dünya iqtisadiyyatı üçün ajiotaj yaradacağını gözləmirəm”.
Ekspertin sözlərinə görə, manatın kursuna ciddi təzyiq gözlənilmir: “Dekabrdakı baş verən devalvasiyanın FED-in qərarı ilə birbaşa əlaqəsini görmürəm, bu, bizim iqtisadiyyatımızın fundamental problemləri ilə bağlıdır. FED uçot dərəcəsini qaldırsa belə, bunun manat üzərində kəskin təzyiq yaradacağını, kursda dəyişiklik olacağını real hesab etmirəm. Bizim iqtisadiyyatın böyümə tendensiyasında olması, böyüməni qarşılamaq üçün Mərkəzi Bankın bazara verdiyi manat kütləsi və sonda manatın aktivlərinin kəskin yüksəlməsi müşahidə olunur. Devalvasiya dollarlaşma prosesinə keçidlə eyni vaxtda baş verdiyi üçün bankların valyuta mövqeyində açıq yarandı. Manat çatışmazlığı olduğu üçün banklar bir müddət öhdəliklərini yerinə yetirə bilmədilər. Hazırda manatın dövriyyəsi kifayət qədər aşağı düşüb, 11 milyarddan 6 milyarda qədər azalıb. Bazarda yenidən manat likvidliyi problemi var. Bunun qarşısını almaq üçün Mərkəzi Bank banklara vəsait verməlidir və ya hökumət sürətli xərcləmələrini artırmalıdır”.
Cəfər İbrahimov neftin dünya bazarında qiymətinə təsir edən əsas amillərdən də danışıb: “Bizim büdcənin əsas hissəsi neft gəlirləri ilə təmin edilirdi, neft qiymətlərinin aşağı düşməsi və əvvəlki illərdə infrastruktura yatırımların çox olması büdcənin azalmasına səbəb oldu. Hazırda büdcənin yenidən genişləndirilməsi gözlənilmir, MB da bazardakı tendensiyanı izləyərək bazara kifayət qədər manat likvidliyi vermək istəmir. Hazırda MB hələ ki, manatın kursunun 1,50 ətrafında hərəkətini istəyir. Son illərdə neftin dəqiq qiyməti ilə bağlı nə istehsalçı ölkələr, nə dünyanın bu sahədəki aparıcı şirkətləri, nə istehlakçı ölkələr tam proqnoz verə bilmir. Neftin qiymətinin kəskin düşməsinin səbəbləri var, xüsusilə alternativ enerji mənbələrinin tapılması bunlardandır. Dünya böhranından sonra ölkələr məhdudlaşmalara getdilər və bu da neft resursuna olan tələbatı artırdı. Neft istehsalçısı olan ölkələrinin hasilatı azaltmaqla qiyməti qaldırmasını real hesab etmirəm. Çünki bu ölkələrin iqtisadiyyatının böyük hissəsi enerji resurslarından asılıdır. Neftlə bağlı maraqlı situasiya yaranıb, həm hasilat ölkələri üçün qiymətin aşağı düşməsi sərf eləmir, həm də nefti emal edən, sənayeləşmiş ölkələr üçün. Gələcəkdə neftin tələbatında müəyyən sıxıntılar yarana bilər deyə, həmin ölkələr alışa keçərək nefti depolamağa başladılar. Bunun nəticəsində neftin qiyməti bir qədər yüksəldi. Amma hazırda neftin qiymətini istehsalçı ölkələrdən çox, istehlakçı ölkələr müəyyənləşdirir. Azərbaycanda neft qiymətlərinin düşmə həddi kimi 25 dollar müəyyənləşdirilib, yaxın illərdə bizi belə azalmanı gözləmirik. Qiymətlər indiki kimi olsa, ilin sonuna qədər büdcə kəsiri bağlana bilər”.
Qonaq son vaxtlar Azərbaycanda kreditləşmənin məhdudlaşdırılmasının da vacib olduğunu deyib: “Əvvəllər banklar müştəri risklərini ölçə bilmədiyi halda, ciddi böyüməyə getdilər. İndi həm məcburən bankların aktivləri azalacaq, problemli kreditlərin həcmində artım gözlənilir. Həmişə banklar böyümə ilə öyünürdülərsə, indi isə bir ildə aktivlərinin 10 faiz azalması ilə öyünəcəklər. Hamı xərcləmələri də buna görə eləməlidir. Banklar kredit verəndə yeni ehtiyatlar yaratmalıdır, bu isə kapital həcminin azalmasına səbəb olur. Bu baxımdan banklar aktivlərini sağlamlaşdırmalıdır. Banklar ağıllı davranaraq vəsaiti daha az riskli sahələrə yönləndirməyə maraqlıdır. Faizlərə gəldikdə isə, bankların da faizləri aşağı salması bir az çətindir, çünki faizi müəyyənləşdirən faktorlar var, bunu hər hansı bank müəyyənləşdirmir. Bizim xaricdən vəsait cəlb etməyimiz üçün risklərimiz kifayət qədər aşağı olmalıdır. Burda dövlətin və fərdi şirkətlərin reytinqi də nəzərə alınır. Daha şəffaf sistem yaratmalıyıq və ölkənin reytinqi yüksəldikcə bu faizlər də aşağı düşəcək”.