At çapın, çox xəstəlikdən azad olacaqsınız - İPPOTERAPİYA

“Biz at terapiyası ilə yanaşı Qarabağ atlarını da təbliğ edirik”...

 

“Kəkələmə, serebral iflic, özgüvən əskikliyi, davranış pozğunluğu, diqqətsizlik, əqli gerilik kimi bir çox diaqnozlarda at terapiyası reabilitasiya proqramının tərkibinə daxildir”...

 

“Bir neçə seansdan sonra uşaqda səslər, sözlər əmələ gəlir, danışmağa başlayır”...

 

“Hər at terapiya üçün uyğun deyil, yalnız sakit və nəvazişlə böyüdülmüş atlardan istifadə etmək olur”...

 

“İlk dəfə Qarabağ atını görən avropalı, fransız qadınlar öz saçlarını həmin rəngdə boyamağa başlayıblar”...

 

“Əlil arabasında olan uşaqlar həmişə aşağıdan yuxarıya baxmağa öyrəşiblər, lakin at sürən zaman onlar üstünlük əldə edirlər və bu onlarda psixoloji güvən yaradır”...

 

“Pişik, it, balıq, hər hansı bir heyvana sevgi bəsləmək uşaqda başqa canlılara sevgini artırır”...

 

“Bu layihəyə dəstək olunsa, tək isti aylarda yox, ilin hər vaxtı üçün uyğun şərait olar”...

 

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səsləndirilib. Proqramın qonağı, Azərbaycanda at terapiyası layihəsinin rəhbəri Nəzakət  Zeynallı ideyanın yaranma səbəbi barədə danışıb: “Azərbaycanda at terapiyası layihəsi ayrı-ayrı şəxslər tərəfindən pərakəndə idarə olunurdu. Amerika səfəri zamanı biz 200 nəfərdən çox könüllünün çalışdığı böyük bir at fermasının sahibəsi ilə tanış olduq. Orada könüllülərin iştirak etdiyi terapiyanın müharibə veteranları, müxtəlif problemli insanlara təsirini gördükdən sonra düşündük ki, ölkəmizdə də bunu tətbiq edək. Bizim layihəyə xaricdən maraq çoxdur. Hal-hazırda buradakı xarici təşkilatların nümayəndəliklərinin də diqqət mərkəzindədir. Biz terapiya ilə yanaşı Qarabağ cinsi atlarımızı da təbliğ edirik. Hamı arzusundadır ki, bu layihə inkişaf etdirilsin və Qafqazda səhiyyə turizmi sahəsi kimi Azərbaycan ilk addımı atsın. Bizim buna həm texniki potensialımız var, həm gənclərimiz buna maraqlıdır. Bu işi inkişaf etdirsək, paralimpiya oyunları bizdə də keçirilə bilər, dünyanın hər tərəfindən iştirakçı dəvət edə bilərik”.

 

Verilişdə iştirak edən psixoloq Almara Məlikova at terapiyasının hər kəs üçün faydalı olduğunu deyib: “Təkcə sağlam insanlarda deyil, problemli insanlarda da at terapiyasının çox böyük təsiri var. Biz psixi-sosial reabilitasiya mərkəzinin uşaqlarını da bu terapiyaya cəlb etdik. Atla terapiya sağlam insanda özünə inamı yaxşılaşdırır, depressiv vəziyyətdən çıxarır, stress və gərginliyi aradan qaldırır. At və balıqlarla təmas insandakı neqativ enerjini çəkir və pozitiv enerji ilə yükləyir. İki-üç seansdan sonra autizmli uşaqlarımızda dəyişikliklər hiss olunur. Kəkələmə, serebral iflic, özgüvən əskikliyi, davranış pozğunluğu, diqqətsizlik, əqli gerilik kimi bir çox diaqnozlarda at terapiyası reabilitasiya proqramının tərkibinə daxildir. At terapiyası mütləq həkim məsləhətindən sonra təyin olunmalıdır. Bu üsul autizmli uşaqlarda kiçik motor, böyük motor sistemini, beyni aktivləşdirir və nitq aparatına da təsir edir. Bir neçə seansdan sonra uşaqda səslər, sözlər əmələ gəlir, danışmağa başlayır. Belə uşaqlar təmasdan qorxurlar, atla təmas bu problemi aradan qaldırır. Gündəlik həyatımızda hərəkət etməyən əzələlər atla təmas zamanı hərəkət edir. Bu terapiya 6 aya qədər sürsə daha yaxşı olar. At terapiyası zamanı qazanılmış vərdişlər sonra itirilmir, həyat boyu qalır”.

 

Nəzakət  Zeynallı layihənin çətinliklərini də dilə gətirib: “Biz dövlətimizdən böyük dəstək gözləyirik, çünki bununla Azərbaycanda səhiyyə turizmi inkişaf edəcək, qonşu ölkələrdən bura böyük bir axın olacaq. Rayonlarda da atlarımız çoxdur, lakin hər at terapiyaya uyğun deyil. Sakit və nəvazişlə böyüdülmüş atlardan terapiya üçün istifadə etmək olur. Bu baxımdan Qarabağ atlarını sevməmək qeyri-mümkündür. Təlimçimiz Qarabağ atlarını dünyaya tanıdan, Zaman adlı atı İngiltərə kraliçasına hədiyyə etmiş insanın nəvəsi Sərxan Tağıyevdir. İlk dəfə Qarabağ atını görən avropalı, fransız qadınlar öz saç rənglərini o rəngdə boyamağa başladılar. Atlarımız moda tendensiyasına da təsir etmiş oldu. Atlarla terapiya zamanı könüllülərdə də dəyişiklik baş verir, uşaqlar hər həftə sonunu səbirsizliklə gözləyirlər. Burda pozitiv aura var. İnsanları qarşılamağa, kömək etməyə hazır olan komandamız var. Atçılıq Federasiyasının təşəbbüsü ilə hər Qarabağ atının öz pasportu, cinsi kodu var. Bu yolla cinsi qoruyub saxlamış oluruq və paralel olaraq öz sərvətimizlə dünyaya çıxış tapırıq”.

 

Almara Məlikova onurğa problemləri zamanı at terapiyası üçün həkim təyinatının vacib olduğunu deyib: “At terapiyasına başlamazdan qabaq onurğa zədələnmələri olan insanlar həkim müayinəsindən keçməlidirlər, çünki bu zaman onurğa dayaq sütununa zərəri ola bilər. At sürməyin hər bir sağlam insana xeyri var. Lakin bu zaman mütləq şəkildə nəzarət olmalıdır. Bu layihəyə dəstək olunsa, tək isti aylarda yox, ilin hər vaxtı üçün uyğun şərait olar”.

 

Nəzakət  Zeynallı at terapiyasına sərf olunan vəsaitlə bağlı da sualı cavablandırıb: “Hal-hazırda maliyyəsiz işləyirik. Buna may ayından başlamışıq, kortəbii proses deyil. Hər bir könüllü təlimatlandırılır, xüsusi təhlükəsizlik qaydalarımız var. Valideynlər də təhlükəsizlik qaydaları ilə məlumatlandırılır və qaydalara ciddi əməl olunmasını tələb edirik. Atların baxımı müəyyən maliyyə tələb edir. At terapiyası getdikcə dünyanın daha çox üz tutduğu bir müalicə üsuludur ki, insanın daxili ünsiyyətini bərpa edir. Xüsusilə yeniyetməlik və keçid dövrünü yaşayanlarda, öz yaşıdları ilə ünsiyyət qura bilməyən uşaqlarda atla daxili ünsiyyət özgüvəni bərpa edir. Əlil arabasında olan uşaqlar həmişə aşağıdan yuxarıya baxmağa öyrəşiblər. Atda olan zaman onlar üstünlük əldə edirlər və bu onlarda psixoloji güvən yaradır. Bu sahədə elmi araşdırmalar, sübutlar var. At terapiyası cəmiyyətdə aqressivliyi də azaldır.  Könüllülərimiz 14 yaşdan başlayır, amma terapiyaya qoşulan uşaqların yaşını aşağı hədd olaraq 4 yaş müəyyənləşdirmişik. Qayğıya ehtiyacı olan bütün uşaqlar terapiyaya qatıla bilirlər”.

 

Bütün animaloterapiya növləri arasında at terapiyasının ən üstün olduğunu deyən Almara Məlikova bunun səbəbini belə izah edib: “Atlarda pozitiv enerji çoxdur. Bu isə hiperaktivlik problemi olan, təmasdan qaçan, diqqət əskikliyi olan uşaqlarımıza yaxşı təsir edir. Eləcə də pişik, it, balıq, hər hansı bir heyvana sevgi bəsləmək uşaqda başqa canlılara sevgini artırır. İnsan sevgisini bildirmədikdə, o aqressiyaya çevrilir. İnsanda toplanan enerji davranış pozğunluğuna gətirib çıxardır. Atlarla təmasda isə bu toplanan enerji dağılır”.

Müəllif | Apa.Tv
Apa.tv