Banklar ipoteka kreditlərini əvvəldən bağlamağa niyə icazə vermir? - EKSPERT

“Mülki Məcəllənin 427-ci maddəsində konkret müddəa var. Orada göstərilir ki, vətəndaş banka olan borcunu istənilən vaxt qabaqcadan ödəyə bilər. Kreditor bundan imtina edə bilməz, vətəndaşı buna görə də cəzalandıra bilməz. Vətəndaş istənilən vaxt gedib borcunu vaxtından əvvəl qaytara bilər”. Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

 

Onun sözlərinə görə, bəzi banklar ipoteka krediti ilə bağlı müqavilələrə borcun göstərilən müddətdə bərabər bölünmüş şəkildə qaytarılmalı olduğu barədə maddə daxil edirlər: “Amma bu, yalnız sahibkarlara, hüquqi şəxslərə verilmiş kreditlər üzrə olur. Kredit müqaviləsində nəzərdə tutulubsa ki, borcu vaxtından əvvəl qaytarmaq olmaz, qaytaran zaman borclu tərəf buna görə cərimələnə bilər, həmin şəxslərdən cərimə tutmaq olar. Amma vətəndaşa verilən kreditlə bağlı müqavilədə bank hətta belə bir müddəa yazsa belə, o müddəa Mülki Məcəllənin 427-ci maddəsinə ziddir, buna görə də qüvvəsi yoxdur. Bu yalnız Azərbaycana xas olan cəhət deyil, Avropa ölkələrinin hamısında, istehlakçıların müdafiəsi haqqında qanunlar var. O qanunlarda birbaşa yazılır ki, istehlakçı öhdəliyini hər an vaxtından əvvəl ödəyə bilər, buna görə də cərimələnməsi mümkün deyil”.

 

Əkrəm Həsənov bankların kreditlərin vaxtından əvvəl bağlanmasına imkan verməməsi hallarının qanunsuz olduğunu deyib: “Eyni hallar əmanətlərin geri götürülməsi zamanı da baş verir. Bizim qanunvericiliyə görə, vətəndaş banka qoyduğu əmanəti istənilən vaxt gedib götürə bilər. Bankın da borcudur ki, əmanəti 5 iş günü ərzində qaytarsın. Müqavilədə əmanəti on illik qoysan belə, bu müddətin vətəndaşa nisbətdə aidiyyəti yoxdur. Bəzi banklar bu məsələ ilə bağlı da qanunu pozurlar. Vətəndaşlar bilməlidirlər ki, onların öz əmanətlərini istənilən vaxt götürmək hüququ var”.

 

Ekspertin sözlərinə görə, bank kreditin tam məbləğini vətəndaşdan qəbul etmirsə, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət olunmalıdır: “Əgər vətəndaş banka gedəndə bank pulu qəbul etmirsə, bu halda, birinci müvafiq dövlət orqanlarına bu barədə şikayət göndərməlidir. Yəni, məsələn ipoteka kreditini tam bağlamaq istəyən şəxs konkret olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət göndərməlidir. Daha sonra o istənilən notariat xidmətə gedə və notariusun depozit hesabına pul qoya bilər. Qanunda qeyd olunur ki, borclu olduğun şəxs səndən ödənişi qəbul etmirsə və sən borclu olduğun məbləği notariusun hesabına yatırısansa, həmin andan borcunu bağlamış hesab olunursan. Notarius banka bildiriş verəcək ki, borc ödənilib. Bank artıq deyə bilməyəcək ki, mən bunu qəbul etmirəm. Azərbaycanda bir nəfər bunu etsə, bunu kifayət qədər işıqlandırılsa, heç bir bank artıq ipoteka kreditinin əvvəlcədən bağlanmasına etiraz etməyəcək”.

 

Əkrəm Həsənov bankların bəzən uzunmüddətli kreditləri nə üçün hissə-hisə geri almaqda maraqlı olduğuna da aydınlıq gətirib: “Banklar uzun müddətli kredit üçün vəsaiti başqa mənbələrdən cəlb edir və buna görə faiz ödəyir. Bank da əmin olmaq istəyir ki, krediti 10-20 il müddətinə verəcəyəm və oradan gəlirimi götürəcəyəm. Vətəndaş borcunu əvvəlcədən bağlayan zaman bank o gəlirini götürə bilmir. Biz ipoteka kreditlərini istisna etsək, Azərbaycanda vətəndaşlara kreditlər üzrə verilən faiz biznesmen və sahibkarlara verilən faizdən çoxdur. Bu da beynəlxalq təcrübəyə uyğundur. Vətəndaşa ona görə çox faiz qoyulur ki, risklər daha çoxdur. O istənilən anda gətirib krediti qaytara bilər. Bankların verdiyi kreditlər üzrə əldə etdiyi gəlir yalnız faizdən ibarət deyil. Banklardan kredit götürən şəxslər bilir ki, kreditin rəsmiləşdirilməsinə görə də bank komissiya haqqı tutur. Azərbaycan bankları o qədər zəhmətsiz gəlir əldə etməyə adət edib ki, bu halda da borcu əvvəldən götürmək istəmir. İpoteka kreditlərinə gəldikdə, bu tip kreditlərin müddəti uzundur. Banklar bir qayda olaraq ipoteka kreditlərini vermək üçün vəsaiti İpoteka Fondundan cəlb edirlər. Vəsaiti uzunmüddətli cəlb etdikləri üçün, elə uzun müddətə də qaytarmaqda maraqlıdırlar”.

 

Əkrəm Həsənov ipoteka kreditlərinin əvvəlcədən ödənilməsi probleminin kredit kartları ilə də bağlı üzə çıxdığını deyib: “Kredit kartlarında bu problem daha çoxdur, çünki ipotekanı vaxtından əvvəl qaytaranlar azdır, kartı bağlamaq istəyənlər isə çoxdur. Bizim banklarımız  cərimələməyə maraqlıdır. Normal bank fəaliyyəti göstərib faizdən komissiya haqqı almaqdansa, cərimələyib pul qazanmaq haqqında düşünürlər. Bu onun göstəricisidir ki, bank sistemində vəziyyət pisidir. Banklarımız uzun müddətli perspektivlərini bazarda görmürlər. Bank fikirləşmir ki, bu müştəri məndə qalsın, onu müştəri olaraq qazanım. İki-üç manat cərimə tutulanda bəzən insanlar düşünür ki, niyə buna görə şikayət edim, halbuki şikayət etməklə haqsız cərimələnməyin qarşısını da almaq olar. Bank sistemi çox həssas sistemdir. Çünki imic məsələsi var, bankların adı nə qədər pis çəkilərsə, bu, banklara pis təsir edir. Banklar müştərilərin hüququnu pozduqca, hər dəfə bu problemi qaldırdıqca, banklar məcbur olub o qanun pozuntularından əl çəkəcəklər”. 

Müəllif | Apa.Tv
Apa.tv