Tələbələrin mənzillə təminatı üçün təklif - EKSPERT
“Hər il yeni tədris ili ərəfəsində, xüsusilə iyun ayından təqribən sentyabr ayının axırlarına qədər kirayə mənzil bazarında canlanma müşahidə olunur. Ötən ildən fərqli olaraq, bu il prosesin ən dinamik dövrü qısa müddəti əhatə etdi. Belə ki, bu il proses avqust ayının sonundan başladı və artıq başa çatmaq üzrədir. Ötən ildən fərqli olaraq bu il qiymət artımında xeyli dərəcədə fərq müşahidə olundu”.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda, xüsusilə paytaxtda şəhərsalma ilə bağlı tədbirlər
aktivləşdikcə, kirayə mənzil bazarının həcmi getdikcə azalır. Ramil Osmanlı qeyd edib ki, bu da qiymətlərə təsir edir: “Bu səbəbdən də məsələn, iyun ayında aylıq icarə qiyməti 500 manata qədər olan mənZillərdə qiymətlər təqribən 50-100 manat aşağı düşmüşdüsə, həmin rəqəm indi bərpa olundu və hətta müəyyən qədər artım da müşahidə edilib. Bu il qısa dövr ərzində kirayə mənzil bazarında mikrorayonlar ərazisində təqribən 50-100 manat, hətta Yasamal ərazisində daha çox qiymət artımı müşahidə etdik”.
Ramil Osmanov qeyd edib ki, əvvəllər kirayə mənzil bazarında təklif olunan mənzillərin 22%-ni tələbələr kirayələyirdisə, indi bu rəqəm 35%-ə yüksəlib. O, bu artımı yataqxanaların söküntüsü ilə əlaqələndirib: “Tələbələrin kirayə mənzil bazarındakı payı 30-35% civarında dəyişir. Ona görə də bu gün tələbə kontingenti kirayə mənzil bazarında tələbin formalaşmasında əsas qüvvələrdən biri hesab olunur. Məhz bu səbəbdən onların bazardan çıxışı və geri dönüşü bazarda ciddi dəyişikliyə səbəb olur”.
Daşınmaz əmlak bazarı üzrə ekspert əlavə edib ki, Bakı şəhərində təklif portfelinin azalması ilə yanaşı, tələbin azalması da müşahidə edilir. “Ona görə ki, bir çox müəssisələr öz fəaliyyətini dayandırıb, regionlardan paytaxta işləməyə gələn bəzi insanlar geri qayıtmaq məcburiyyətində qalıblar bu səbəbdən təklif paketinin həcmi azaldığı üçün tələb paketinin də həcmi azalıb. Buna görə bir çox regionlarda mənzillərin qiymətində Bakı şəhəri ilə müqayisədə daha çox qiymət artımı müşahidə olunur. Məsələn, əvvəl regionlarda ayı 30-40 manata bir otaqlı mənzil tapmaq mümkün idisə, bu gün bu rəqəm 100 manatdan yüksəkdir. Yəni, bu gün Azərbaycanın heç bir regionunda 100 manatdan aşağı qiymətə kirayə mənzil tapmaq mümkün deyil.
Ramin Osmanlı tələbələrin mənzillə təminatı üçün yeni layihələrin icrasını məqsədəuyğun sayır. O, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da yataqxana tipli sosial obyektlərin tikintisini sürətləndirməyi vacib bilir. “Belə mənzillərdə tələbələr ayı 70-80 manata qala bilir. Eyni zamanda, burda qalmaqla yanaşı, gündə 3 dəfə yeməklə təmin olunurlar. Hətta bəzilərində servis xidməti təşkil olunur. Azərbaycanda sahibkarları bu prosesə cəlb etməklə ciddi irəliləyişə nail olmaq olar”, - deyə R.Osmanlı qeyd edib.
R.Osmanlı hesab edir ki, kirayə mənzillərin vergiyə cəlb olunması ilə mülkiyyət sahibi və kirayənişin arasında münasibətləri tənzimlənəcək: “Vergilər Nazirliyi kirayə mənzillərin vergiyə cəlb olunması ilə bağlı yeni qaydaları Nazirlər Kabinetinə təqdim edib. Bu qaydalar tətbiq olunduqdan sonra müəyyən qaydada yeni qiymət artımına təsir göstərəcək. Bu gün mənzilini kirayə verən 14% vergi verməlidir. Amma bunun üçün qarşılıqlı münasibətlər rəsmiləşdirilməlidir. Azərbaycanda bu gün kirayə bazarının 20%-i münasibətlərini rəsmiləşdirmir. Bu münasibətlər rəsmiləşdirilsə, mülkiyyət sahibi ilə kirayənişin arasındakı narazılıqlar əhəmiyyətli dərəcədə azala bilər. Eyni zamanda, kirayə evlərin vergiyə cəlb olunması büdcə daxilolmalarının artımına gətirib çıxaracaq”.