Asif Bəkirli: “SOCAR-ın yüksək ixtisaslı, peşəkar kadrlara ehtiyacı var”
“1848-ci ildə Bibiheybətdə qazılmış quyunun fontan vurması ilə Azərbaycanda neft hasilatına start verilib, Azərbaycanda ilk dəfə neftin sənaye üsulu ilə çıxarılmasına başlanılıb. Bu hadisədən sonra tarixdə bir çox mühüm hadisələr baş verib. Bunlardan ən önəmlisi bütün bəşəriyyətə, dünyadakı proseslərə təsir edən Böyük Vətən müharibəsində faşizm üzərində qələbədir, bu qələbədə Azərbaycan nefti həm keyfiyyətinə, həm də təminatına görə çox mühüm rol oynamışdı. O dövrdən bəri Azərbaycan neft sənayesi inkişaf edib. Bu hadisədən təxminən 100 il sonra, 1949-cu ildə dünyada ilk dəfə olaraq Azərbaycanda dənizdə neft çıxarılmasına başlanılıb, dünyanın möcüzəsi olaraq Neft Daşları şəhərciyi salınıb. Beləliklə də, Azərbaycanda neft-qaz yataqlarının işlənməsi hasilatı və istismarı ilə bağlı böyük bir fəaliyyət həyata keçirilib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalanıb. Bununla da, Azərbaycan müstəqil şəkildə öz sərvətinə sahib çıxıb, neft yataqlarını istismar edib və müstəqil şəkildə gəlirlərin xərclənməsi ilə bağlı qərar verib. Burda əsas məqsəd neftin satışından pul, mənfəət əldə edilməsi yox, eyni zamanda həmin gəlirdən Azərbaycanda sosial məsələlərin həlli, intellektual potensialın güclənməsi üçün sərmayə qoyulması olub. Bu, neft kapitalının insan kapitalına çevrilməsində böyük əhəmiyyət kəsb edib. O dövrdən başlayaraq Azərbaycan iqtisadiyyatı ilbəil dinamik şəkildə inkişaf edib”.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli deyib.
Azərbaycanda neft-qaz sənayesinin ildən-ilə inkişaf etdiyini deyən SOCAR rəsmisi bildirib ki, bu sektorda yüksək ixtisaslı, peşəkar kadrlara ehtiyac var: “Azərbaycanda iş problemi yox, işçi problemi var. SOCAR-ın İT, qazma ustaları, geoloqlar, yüksək neft-kimya mühəndislərinə, neft sahəsi üzə energetiklərə, ekoloqlara, əməyin mühafizəsi üzrə yüksək sertifikatları olan şəxslərə ehtiyacı var”.
A. Bəkirli SOCAR-a işə qəbul prosesindən də danışıb. Onun sözlərinə görə, Dövlət Neft Şirkətinə işə qəbul bir neçə mərhələdən ibarətdir. SOCAR-ın fəaliyyətinin ölkədaxili ilə məhdudlaşmadığını xatırladaq A. Bəkirli qeyd edib ki, işə qəbul prosesində beynəlxalq standartlara tam əməl edilir: “2011-ci ilə qədər SOCAR-da da kadrlar xidmətləri fəaliyyət göstərirdi. İşə qəbul birbaşa struktur rəhbərliyi tərəfindən həyata keçirilirdi. 2011-ci ildən sonra bütün beynəlxalq şirkətlərdə olduğu kimi, SOCAR-da işə qəbul subyektiv qaydada deyil, mərkəzləşdirilmiş qaydada aparılır. İnsan Resursları Departamenti işə qəbul prosesinin təşkilatçıdır. SOCAR-da 2000-ə yaxın müxtəlif növ peşə, ixtisas və fəaliyyət növləri var. SOCAR-da vakansiyalar olduqda mütəmadi olaraq kütləvi informasiya vasitələrində elan verilir. Bu vakansiyalar barədə SOCAR-ın saytında da məlumatlar yerləşdirilir. İlkin sənəd seçimindən keçənlər testə dəvət olunur. Testdən keçən namizədlər peşə sınağından və müsahibədən keçməlidir. Müvəffəqiyyət əldə edən namizədlər müvafiq strukturlara göndərilir. Burada onların sənədləri yoxlanılır və tibbi yoxlamadan keçir. Bütün bu prosesdən sonra onlara iş təklif edilir. Əgər bir vakansiya üzrə bir neçə şəxs yüksək nəticə əldə edibsə, onlardan ən yüksək nəticə göstərən işə qəbul edilir. Yerdə qalan şəxslər barədə məlumat kadr ehtiyatı bazasında toplanır. Vakansiya yarandığı təqdirdə bu şəxslər də işə dəvət edilir. Burada əsas məqsəd işçi seçimi zamanı vaxta qənaət etməkdən ibarətdir”, - deyə A.Bəkirli vurğulayıb.
A. Bəkirli sənədlərin qəbul olunması üçün aidiyyatı müəssisəyə və ünvana müraciət edilməsini məsləhət görür. Onun sözlərinə görə, işə qəbul prosesindən narazı qalanların şikayətinə apelyasiya şurasında baxılır və müvafiq qərar qəbul edilir.
SOCAR rəsmisi əlavə edib ki, mütəxəssislərə olan ehtiyacı ödəmək üçün həm dövlət proqramı hesabına, həm də daxili təqaüd proqramları hesabına SOCAR gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almalarına dəstək verir. Bu proqramlar hesabına xaricdə təhsil almış 300-ə yaxın gənc SOCAR-da çalışır.
A. Bəkirli bildirib ki, SOCAR neftçilərin mənzil şəraitinin yaxşılaşdırılmasına da böyük önəm verir və mütəmadi olaraq onları mənzillə təmin edir.
Neftin hasilatı və istismarı zamanı xoşagəlməz hadisələrin, təbii fəlakətlərin, baş verdiyini təəssüflə qeyd edən A. Bəkirlinin sözlərinə görə, SOCAR peşə borcunu yerinə yetirən zaman həlak olan neftçilərin ailələrini daim diqqətdə saxlayır: “Bütün sahələrdə olduğu kimi neft-qaz sahəsində də istehsalatda bədbəxt hadisələr qeydə alınır. Günəşli hadisəsi zamanı 33 nəfərin həyatı xilas edildi, təəssüf ki, 33 nəfəri xilas etmək mümkün olmadı. SOCAR onların ailə üzvlərindən bəzilərini himayəyə götürüb və ailə üzvlərindən bir nəfərinin müsabiqədən kənar işə götürülməsi məsələsinə baxılır. Bu iş nəzarətdədir”.