Ərəb turistlər Azərbaycana niyə axın edir? - EKSPERT
“İldən-ilə Azərbaycanda turizm sahəsinin dinamik inkişafının şahidi oluruq. Son zamanlarda dünya bazarında neftin ucuzlaşması və ölkədə iki dəfə milli valyutanın devalvasiyasının baş verməsi səbəbindən Azərbaycan turizm ölkəsi turistlərin diqqətini cəlb edib. Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyə kimi strateji cəhətdən bizim üçün maraqlı ölkələrdə, Avropa və Almaniyada turizm nümayəndəliklərinin açılması, bununla əlaqədar maarifləndirici tədbirlərin həyata keçirilməsi qısa zamanda öz nəticəsini verib”.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, turizm sahəsi üzrə ekspert Ruslan Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada sabit ölkə imicini qazanıb.
Bunun mühüm fakt olduğunu deyən R.Quliyev bildirib ki, ölkədəki sabitlik turistlərin seçiminə birbaşa təsir edir: “İndi hətta qabaqcıl turizm ölkəsi kimi tanınan dövlətlərdə bəlli bir təhdidlər var. Turizm sahəsi o qədər həssas sahədir ki, istər təbiət hadisələri, kataklizmlər, epidemiyalar, iqtisadi böhranlar, siyasi hadisələr turizm sahəsinə dərhal təsir edir. Misirdə, Avropada baş verən hadisələr, Rusiya-Türkiyə münasibətləri fonunda müxtəlif turizm yerdəyişmələri baş verdi. Azərbaycanda uzunmüddətli sabitliyin olması, “Avropa Oyunları”, “Formula 1” və digər beynəlxalq səviyyədə idman yarışları və tədbirlərin keçirilməsi Azərbaycanı dünya ölkələrinə tanıtdı. Bununla yanaşı, turizm sahəsinin inkişafı ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi, fərman və sərəncamların verilməsi ölkəyə gələn turistlərin sayına əhəmiyyətli dərəcədə təsir etdi. Məhz buna görə də, bu il ölkəyə ciddi turist axını müşahidə edildi. Ötən ilinin 7 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycana gələn turistlərin sayında ciddi artım qeydə alınıb. “Mərhələli şəkildə viza sadələşdirilməsinin həyata keçirilməsi və aviadaşımalar sahəsində liberal, pozitiv addımların atılması qısa zamanda nəticəsini göstərməli idi. Məsələn, bu il körfəz ölkələrindən gələn turistlərin sayında 30 dəfə artım müşahidə edilib. MDB, Şərqi Avropa və Türkiyədən gələnlərin sayında 15-20%-lik artım qeydə alındı. Amma biz birqütblü inkişafda maraqlı deyilik. Bizim əzəli bazarlarımız mövcud olub. Bu il MDB, Türkiyə və Rusiyadan turistlərin gəlməsində artım müşahidə edilib”.
Xarici ölkələrdən Azərbaycana gələnlərin sayında artım qeydə alınsa da, bu il Azərbaycandan xaricə üz tutanların sayında 35%-lik azalma olub. Turizm sahəsi üzrə mütəxəssis bunu devalvasiya ilə əlaqədar turpaketlərin manat ifadəsində dəyərinin artması ilə əlaqələndirib: “ Bu il xaricə səfərlə bağlı turpaketlərin qiymətində artım olmayıb, əksinə qiymətlərdə ucuzlaşma var. Bununla belə, devalvasiya ilə əlaqədar manat ifadəsində turpaketlərin dəyəri artıb. Məhz buna görə də, yerli turistlər bu il daha çox ölkənin müxtəlif regionlarında dincəlməyə üstünlük verib”.
Hesablamalar göstərir ki, yerli turistlər xaricdə daha çox Türkiyə, Monteneqro, Xorvatiya, Ukrayna İtaliya və Fransada dincəlməyə üstünlük verir. Bu il Birləşmiş Ərəb Əmirlikləri istiqamətində də satışlar çoxalıb. Ölkə daxilində isə vətəndaşlarımız Şəki, Zaqatala, Qəbələ, Quba, Xaşmaz, Qusar, Lənkəran, Lerik və Masallıya üz tutur.
R. Quliyev bildirib ki, Azərbaycanda bölgələrdə istirahət təxminən eyni səviyyədədir. Onun sözlərinə görə, qiymətlər otellərin kateqoriyasından və göstərdiyi xidmətlərdən asılı olaraq dəyişir: “3 ulduzlu mehmanxanada 2 nəfərlik otaqda bir nəfərin gecələməsi 25 manat təşkil edir. Belə otaqlarda iki nəfərin gecələməsi üçün 50-60 manat tələb olunur. Səhər yeməyindən əlavə qidalanma olarsa, 3 ulduzlu mehmanxanada qiymətlər 80 manata qədər artır. Belə ki, günorta yeməyi 10-25 manata qədər dəyişir. Gün ərzində iki dəfə yeməyi nəzərə alsaq, otellərin kateqoriyalarından asılı olaraq qiymət 20-25 manatdan 50-55 manata qədər dəyişir”.
R. Quliyev Azərbaycanda turizm sahəsinin inkişafı üzün bəzi tədbirlərin görülməsini vacib sayır. Onun fikrincə, ölkənin kütləvi turizmə hazır olması üçün yataq sayları çox olan “ekonom” tipli mehmanxanalar inşa olunmalıdır. R.Quliyev əlavə edib ki, turizm sahəsində xidmətlərin daha da yüksəldilməsinə də ehtiyac var. Bunun üçün o, turizm sahəsində bələdçilərin fəaliyyətinin lisenziyalaşdırılmasını zəruri sayır. Onun fikrincə, bu sahədə çalışanların mütləq ali təhsili olmalı və ya peşə ixtisas məktəblərini bitirməlidir: “Turizm sahəsində pis xidmət, nəqliyyatda baş verən qəzalar əsas problemlərdəndir. Turizm sahəsində yüksək xidmət üçün peşəkar kadrlar hazırlanmalıdır. Çünki, ölkənin
düzgün istiqamətdə mədəni və turizm potensialının təqdim edilməsinə ehtiyac var”.
Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün potensialın olduğunu qeyd edən R.Quliyev turizm sahəsini mövsümilikdən çıxarmağın məqsədəuyğun olduğunu vurğulayıb: “Azərbaycanda sağlamlıq, ekoturizm və digər turizm növlərinin inkişaf etdirilməsi üçün potensial var. Sağlamlıq turizmi bu gün üçün çox aktualdır. Naftalan, Buzdağ, Qalaaltı sağlamlıq turizminin inkişafına töhfə verə bilər. Təkcə sağlamlıq turizmində bir nəfərin gecələmə günü 14-21 gün təşkil edir ki, bu iqtisadi cəhətdən sərfəlidir. Ümumiyyətlə biz Azərbaycanda turizm üçün il boyun istifadə oluna bilər”.
Ekspert 2020-ci ildə Azərbaycana 8 milyon turistin gələcəyini proqnozlaşdırır. Hazırda turizm sektorundan daxilolmaların ÜDM-də payının 3,5-4% olduğunu deyən R.Quliyev qeyd edib ki, 4 ilə bu rəqəmi 6%-ə yüksəltmək mümkündür.