İcbari tibbi sığortanın vətəndaşlar üçün faydası nə olacaq?

İlkin olaraq icbari tibbi sığortanın tətbiqi pilot qaydada həyata keçiriləcək. Mingəçevir şəhəri və Yevlax rayonu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər seçilib. 2017-ci ildən bu şəhər və rayonda icbari tibbi sığorta həyata keçiriləcək. Bu ərazilərin seçilməsi onunla bağlıdır ki, əhali sayı, onlara ayrılan səhiyyə büdcəsi və tibbi kadrlarla təminatı, o cümlədən müəyyən qədər infrastrukturu gələcəkdə icbari tibbi sığortanın pilot qaydada həyata keçirilməsinə imkan verir. Mingəçevir və Yevlaxdakı xəstəxanalar icbari tibbi sığorta sistemində işlərini qurduqdan sonra bu proses bütün ölkəni əhatə edəcək. Artıq 2018-ci ildən ölkənin digər ərazilərində də mərhələli qaydada icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və informasiya-texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib.

 

Onun sözlərinə görə, pilot layihənin həyata keçirilməsi bu dövr ərzində aşkar olunan problemlərin mümkün səbəblərini müəyyənləşdirməyə imkan verəcək: “Bununla da gələcəkdə ölkə üzrə icbari tibbi sığortanın tətbiqi zamanı bu problemləri əvvəlcədən müəyyənləşdirmək və qısa zamanda həll etmək mümkün olacaq. Nəticədə ölkə üzrə daha ideal modeli tətbiq etmək mümkün olacaq”. 

 

İ. Əliyev bildirib ki, hazırda tibbi xidmətlər mövcud infrastruktur və potensiala uyğun maliyyələşdirilir. “Əgər hansısa rayonda çoxlu sayda tibb müəssisəsi varsa, hansısa ərazidə daha çox çarpayı, həkim varsa, həmin ərazilərdə tibbi xidmət xərcləri də çox olur. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini köklü surətdə dəyişdirəcək. Burda əsas məqsəd odur ki, maliyyə vəsaitləri xəstələri və vətəndaşları izləsin. Səhiyyə sisteminin mürəkkəbliyini nəzərə alaraq səhiyyə sisteminin maliyyələşdirilməsi 3 səviyyədə aparılacaq. Bəzi tibbi xidmət növləri var ki, onlar ilkin səhiyyə xidmətlərinə aiddir. Onların maliyyələşməsi adambaşına ödəniş mexanizmi ilə həyata keçiriləcək. Belə ki, hər ərazidə təxminən 1500-2000 nəfərə “ailə həkimi” müəyyən olunacaq. Həmin “ailə həkiminə” ərazidəki əhalinin sayına uyğun olaraq müəyyənləşdirilmiş məbləğdə vəsait ödəniləcək. Ambulator xidmətlərə daxil olan dar ixtisaslı həkimlərin xidmətləri - kardioloji, terapevtik və digər xidmətlər üçün ödəniş nisbətən fərqli olacaq. Başqa sözlə, həmin həkimlərin göstərdikləri xidmətlərin sayına və həmin xidmətlərə görə müəyyən olunmuş məbləğə uyğun olaraq onlara ödəniş həyata keçiriləcək. Eyni zamanda, xəstəxana xidmətlərinə görə ödəniş mexanizmi fərqli olacaq. Burada daha çox fəaliyyətin nəticələrinə uyğun olaraq hər bir müalicə olunmuş xəstəlik halına görə ödəniş nəzərdə tutulur”, - deyə İ. Əliyev vurğulayıb.     

 

Agentlik rəsmisi əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığın təmin edəcək. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinə gətirib çıxarır: “Yaxud sığorta olunanın yaşadığı rayonda və ya kənddə tələb olunan tibbi xidmət göstərilmirsə, Agentlik onun qonşu rayonlarda və ya Bakıda müalicə və müayinəsini təşkil etməklə vətəndaşın qarşılaşa biləcəyi maliyyə risklərinin qarşısı alacaq. Beləliklə, icbari tibbi sığorta vətəndaşların sağlamlığının təminatı olacaq”.

 

Agentlik rəsmisi qeyd edib ki, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. 2015-ci ilin sonuna olan məlumata görə, təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər: “İqtisadi fəal əhali isə icbari tibbi sığorta haqlarını özləri ödəyəcək”. 

 

İ. Əliyev bildirib ki, icbari tibbi sığorta ilə bağlı xidmətlərin siyahısı hazırlanıb və bu xidmətlərə görə qiymətlər müəyyən edilib. O əlavə edib ki, sənəd müvafiq qurumlara və hökumətə təqdim edilib: “Müvafiq qurumların rəyi alındıqdan sonra həmin tariflər təsdiqlənəcək”.

 

  

 

 

Müəllif | Apa.Tv
Apa.tv