Payız depressiyasından necə çıxmaq olar? - Psixoloq
“Yaz və payız aylarında mövsümi depressiyalar çoxalır. Payız depressiyası ilə əlaqədar psixoloqlara müraciətlərin sayı çoxalıb”. Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, yayda istirahətdən sonra təhsil və iş həyatının başlanması bəzi insanlar üçün çətinlik yaradır. “Yayda yuxu rejimi pozulur. Əksər insanlar yayda dincəldikləri üçün istənilən saatda yuxudan ayılır. Buna görə də mövsümi depressiya daha çox aktiv iş həyatı olan insanlarda müşahidə edilir. İşləməyən insanlarda mövsümi depressiyalar özünü çox büruzə vermir. Ümumiyyətlə, depressiya heç də asanlıqla yaranan və bundan dərhal çıxacağımız hal deyil. Yəni, əhvalın bir az pis olması depressiya demək deyil. Əhval-ruhiyyənin xroniki halda 1 ay pis olması artıq depressiyanın olmasından xəbər verir. Depressiya əlamətləri bir aydan çox davam edərsə, insan mütləq mütəxəssis dəstəyi almalıdır. Depressiya əhval-ruhiyyənin düşməsi, ruh düşkünlüyü deməkdir. İnsan bu halda sevdiyi işlə belə əvvəlki kimi məşğul ola bilmir, əvvəlki həyəcanı hiss etmir. Hətta özünə baxmaq istəmir. Düzdür, günün müəyyən saatlarında depressiyada olan insanın əhval-ruhiyyəsi yaxşılaşa bilir. Amma bu o demək deyil ki, insan depressiyadan çıxıb”.
N. Rüstəmova deyib ki, payız depressiyası birbaşa olaraq mövsümi amillərdən asılı olur: “ Başqa sözlə, digər depressiyalardan fərqli olaraq payız depressiyasında təşvişli fikirlər olmur, bu halda insan kiminsə onun izlədiyini düşünmür. Digər depressiyalarda insanın gözünə nə isə görünə bilər. Payız depressiyasında belə hal olmur, insan sadəcə yatmaq istəyir, yuxululuq halı özünü göstərir. İşə qarşı istəksizlik yaranır, işə gecikmə halları çox olur. Mövsümi depressiyada insan işə gedəndə tənhalıq hissi ona güc gəlir, o insan heç kimlə danışmaq istəmir. Bununla yanaşı, payız depressiyasına düşən insanlar iştaha problemi yaşaya bilər. Ya çox qidalana bilər, əksinə iştahası azala bilər. Bu halda insan evdə də, işdə də faydalı olmur”.
Hər bir insan profilaktik tədbir görə bilmək üçün hər altı aydan bir psixoloji müayinədən keçməlidir. Psixoloq depressiyaya düşməmək üçün insanlara su ilə təması çoxaltmağı məsləhət bilir: “Suda olan ionlar həm aktiv insanların rahatlanmasına kömək edir, həm də ruh düşkünlüyünün qarşısını alır. İnsan davamlı şəkildə duş qəbul eləməlidir. Payız depressiyası zamanı mühit təzələnməlidir. Depressiyada olan şəxs evdə və ya iş yerində əşyaların yerini dəyişdirməlidir. Bu mövsümi depressiya ilə üzləşmiş insanlar üçündür”.
Qadınların emosional olduğunu deyən N.Rüstəmova onların mövsümi depressiya ilə daha çox üzləşdiyini bildirir: “Qadınlarda depressiya halları kişilərə nisbətən 15-20% çox olur. Əvvəllər insanlar 30 yaşında depressiya ilə üzləşirdisə, indi daha gənc yaşlarında insanlarda depressiya müşahidə edilir. Bəzən qadınlar depressiyadan çıxmaq üçün daha çox şirniyyat yeyir. Bu düzgün deyil. Bundan başqa, qadınlar alış-veriş ilə depressiyadan çıxmaq istəyir. Düzdür, alış-veriş müəyyən zaman kəsiyində qadınların depressiyadan çıxmasına kömək edir. Amma uzunmüddətli alış-veriş kiçiləri depressiyaya salır. Depressiya zamanı problemin kökünü axtarılmalıdır”.
Psixoloq depressiyada olan insanlara işlərini planlı şəkildə qurmağı tövsiyə edir. Bundan başqa, depressiyada olan şəxs qidalanmaya da xüsusi fikir verməlidir.
N. Rüstəmova əlavə edib ki, xroniki depressiyadan əziyyət çəkənlər digər xəstəliklərlə üzləşməmək üçün mütləq psixoterapevt və klinik psixoloqa müraciət etməli və dərman dəstəyi almalıdır. “Uzun müddət depressiyada olmaq insanlarda saçın tökülməsi, dəridə ləkələr, ürək-damar xəstəlikləri və sair xəstəliklərə yol aşa bilər. Buna görə də depressiyadan çıxmaq üçün insanlar mütləq psixoloqa müraciət etməlidir. Bəzən depressiyada olan insanlar nevropatoloqa müraciət edir. Bu, düzgün deyil. Çünki, depressiyada olan insanda nevroloji problem olmur. Mövsümi depressiyanın xroniki hala keçməməsi üçün psixoloq insanla mərhələli şəkildə işləməlidir”.