Neftin qiyməti yenidən bahalaşacaqmı? - EKSPERT RƏYİ

“Sentyabrın 28-də Əlcəzairdə beynəlxalq energetika forumu çərçivəsində OPEC-in qeyri-rəsmi görüşü bazar iştirakçıları üçün sürpriz oldu. Çünki, OPEC ölkələri neft hasilatının 33 mln. barel səviyyəsində dondurulması barədə razılığa gəldi. Bu ilin fevral ayından həm OPEC ölkələri, həm də kartelə daxil olmayan iri neft hasilatçıları neftin müəyyən səviyyədə dondurulmasına çalışırdı. Düzdür, neft hasilatçısı olan ölkələrin iqtisadi və siyasi blokuna daxil olan insanların bu görüşdən gözləntiləri böyük deyildi. Amma iş elə gətirdi ki, Əlcəzairdə nəticə əldə edildi və nəhayət bu ilin ikinci ayından başlayan cəhdlər 9-cu ayda öz bəhrəsini verdi”.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, neft sahəsi üzrə ekspert İlham Şaban deyib. Onun sözlərinə görə, hasilatın yüksək olması bu sahəyə yönəldiləcək xərclərin çox olmasını, daha çox kapital qoyulmasını şərtləndirir. İ.Şabanın fikrincə, neftin ucuz olması şəraitində bu amil “qara qızı” hasilatçılarına sərf etmir. Bunları əsas gətirən İ.Şaban bildirib ki, qeyd olunan amillər hasilatın 33 mln. barel səviyyəsində dondurulması barədə qərara təsir edib: “Hər 100 min barel neftin çıxarılması milyonlarla vəsaitin xərclənməsi deməkdir. Bu, kapital qoyuluşundan da öncə, istismar xərclərinin də artırılması deməkdir. İstismar xərcləri yatağın yerləşdiyi ərazidən də asılıdır. Bir yataqda neftin bir barelinin maya dəyəri 5 dollar, digərində isə 10 dollar ola bilər. İstehsala artırmaq üçün xərclər də artırılmalıdır. İran hasilatı 300 min barel artırmaq əvəzinə hasilatın mövcud səviyyədə qalması hesabına 3-4 dollar yüksələcəyi təqdirdə əldə edəcəyi gəlirlərin daha çox olacağını nəzərə alıb. Səudiyyə Ərəbistanı da eyni mövqedən çıxış edib. Bu mövqe iki əzəli rəqibin iqtisadi müstəvidə özlərinin imkanlarını qiymətləndirməsi ilə bağlıdır. Yəni bu razılığın kökündə kommersiya dayanır”.    

 

Ekspert qeyd edib ki, hazırda sutkada 94 mln. barel neft hasil edilir ki, bunun 33,24 mln. bareli və ya 35%-i OPEC ölkələrinin payına düşüb. Onun sözlərinə görə, Vyana görüşündə bu kvotanın 700 min barel azaldılması gözlənilir. “Azalan həcmlərin böyük hissəsi Səudiyyə Ərəbistanın üzərinə düşəcək. Bu ölkələr arasında Səudiyyə Ərəbistanı ən böyük neft istehsalçısıdır. Səudiyyə Ərəbistanının neft hasilatı 10 mln. barelin üzərindədir. İranın üzərinə böyük yük düşmür. Çünki, İran bu addımı ilə hasilatın 4 mln. səviyyəyə çatdırılacağı ilə bağlı niyyətindən əl çəkdiyini göstərir və hasilatı 3,7 mln. barel səviyyəsində saxlayır”, - deyə İ.Şaban qeyd edib.   

 

İ.Şaban əlavə edib ki, indi OPEC-in atdığı addımlar yeni qiymət dəhlizinə keçidlə bağlıdır.

O hesab edir ki, OPEC neftin bir barelinin 50-55 dollar civarında bərqərar olmasına nail olmaq istəyir: “ Daha sonrakı hədəf isə neftin qiymətlərində sabitliyə nail olmaqdan ibarətdir. Çünki, sabit qiymət həm istehsalçı, həm də istehlakçı dövlətlər üçün məqbul sayılır”.  

 

İ.Şaban əlavə edib ki, dünya bazarında neftin proqnozlaşdırılan qiyməti ilə bağlı 3 ssenari mövcuddur: “Bəzi təşkilatlar gələn ilin may-iyun aylarına kimi neftin bir barelinin qiymətinin 55-60 dollar olacağını proqnozlaşdırır. Cari ilin sonuna qiymətin 55-60 dollar olacağı barədə də proqnozlar verilirdi. Ancaq indi hər şey dəyişib. İndi qeyd edirlər ki, bu ilin sonuna neftin bir barelinin qiyməti 50 dollar civarında olması bazar iştirakçıları üçün çox yaxşıdır. Bəzi təşkilatlar bu il üçün neftin proqnozunu 41 dollardan 43 dollara yüksəltdilər. Başqa proqnoza görə, neftin qiyməti 45-50 dollar ətrafında dəyişəcək.  Ancaq daha pessimist proqnoz verənlər də var. Ümumiyyətlə, proqnozlar aranda fərq 15 dollardan çoxdur. Neftin bir barelinin qiyməti 100 dollar olanda proqnozlar arasında 3, maksimum 5 dollar fərq olurdu. Hazırda neftin qiyməti ucuzlaşdığı vaxtda proqnozlarda 15 dollarlıq xəta olur. Bunun nəyi proqnozdur. Məsələ ondadır ki, neftin qiymətinə təsir edən amillər çoxalır. İlin əvvəlindən Rusiyada hasilat artaraq 11 mln. bareli ötüb. Rusiya bu həcmin 5,45 mln. barelini ixrac edir. Rusiya hasilatı pik səviyyədə saxlamaq iqtidarında deyil. Bu ilin sonuna hasilat azalacaq. ABŞ-da hazırda 8,5 mln. barel neft hasil edilir. Amma ABŞ 2014-cü ilin oktyabrında 9,6 mln. barel həcmində neft istehsal edirdi. Bu şist neftinin hasilatının yüksək olması ilə bağlı idi. 2014-cü ilin IV rübündən qiymətlər azalmağa başlayandan ABŞ-da hasilat azalmağa başladı. Düzdür, hasilat 8,3 mln. barelə düşmüşdü, indi 8,5 mln. barelə çatıb. Neftin qiyməti 50 dollara çatsa, ABŞ-da buruqların sayı artacaq. Bu o deməkdir ki, hasilat artacaq. Hasilat artacağı təqdirdə ABŞ bazarına ixrac edilən neftin həcmi azalacaq və okeanın o tayına ixrac edilən neft digər bazarlara yönəldiləcək. Bu isə təklifi artmasına və son nəticədə neftin ucuzlaşmasına səbəb olacaq. Neft ucuzlaşmağa başlayanda yenidən neft buruqlarının sayı azalacaq və ABŞ neft idxal etməyə başlayacaq”.

 

İ.Şaban hesab edir ki, yaxın iki ayda neftin qiymətində dəyişkənlik müşahidə ediləcək. Onun fikrincə, dünya üzrə neft hasilatı ilə bağlı açıqlanan statistika “qara qızıl”ın qiymətinə təsir edəcək: “Yaxın iki ayda neftin qiymətinin sabit olmasını deyil, dəyişməsini müşahidə edəcəyik. OPEC və təşkilata üzv olmayan ölkələr müxtəlif bəyanatlar səsləndirəcək. Kvotadan razı və narazı olan ölkələr olacaq. Bununla bağlı məlumatlar bazara təsir edəcək və sonradan qiymətlərdə düzəliş müşahidə olunacaq”.

 

Azərbaycan üçün məqbul sayıla biləcək neft qiymətinə gəlincə, İ.Şaban bildirib ki, qiymətlərin yüksək olması ölkəmizin xeyrinədir: “Azərbaycan neft ixrac edən ölkədir. Bu ilin 4-cü rübündən Azərbaycanda neft hasilatı azalmağa başlayacaq və gələn il də azalma davam edəcək. İstehsalın azalmasını dəyər formasında kompensasiya etmək üçün neftin qiymətlərinin 3-4 dollar artması məqbul sayılır”.

 

       

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv