156 dərslik, 1 milyondan çox istifadəçi - AZƏRBAYCANDA ELEKTRON DƏRSLİK PORTALI

“Təhsil Nazirliyi təhsil sisteminin informasiyalaşdırılması məqsədi ilə təhsil müəssisələrində İKT infrastrukturunun inkişaf etdirilməsi, təhsil texnologiyalarının tətbiqi, müəllimlərin İKT-nin tətbiqi ilə pedaqoji hazırlığının artırılması və təhsilin elektron idarə edilməsi istiqamətində tədbirlər görür”.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abışov deyib.

 

Onun sözlərinə görə, təhsil müəssisələrində İKT infrastrukturunun inkişaf etdirilməsi özündə təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı və təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə qoşulmağı ehtiva edir. A. Abışov bildirib ki, hər il Təhsil Nazirliyi təhsil sisteminin informasiyalaşdırılması məqsədi ilə elektron tədris texnologiyalarının təhsilə tətbiqini genişləndirir: “Hazırda Təhsil Nazirliyinin elektron dərslik portalında 156 dərslik elektronlaşdırılıb və portalda yerləşdirilib. Bu elektron kitab I-IX siniflərin dərslikləridir. Bundan həm offline, həm də online qaydada istifadə etmək mümkündür. Bu ilin 9 ayında 300 minə yaxın istifadəçi elektron dərslikdən istifadə edib. Elektron dərslik portalında qeydiyyatdan keçən istifadəçilərin sayı 100 000 nəfərdir. Ümumilikdə isə 1 milyondan çox istifadəçi elektron dərslik portalından istifadə edir”.

 

A. Abışov elektron dərslik portalının üstünlüklərindən də danışıb. Onun fikrincə, mobillik, interaktivlik, online və ofline olması elektron dərslik portalının əsas üstünlüklərindəndir: “Dərsliklər təkcə dərslik halında yox, interaktiv olduğuna görə məzmun şagirdə daha maraqlı formada çatdırılır. Şagirdin dərsliyi evdə qala bilər və yaxud elə bir yerdə ola bilər ki, dərsliyə ehtiyac  yarana bilər. Bu zaman elektron dərslik köməyə gəlir. Ofline və online rejimdə işləməsi əsas şərtlərdəndir. Əgər kimsə, elektron dərsliyi yükləyibsə, internet olmadan da hətta istirahət edəndə də biliklərini artıra bilər”.

 

304 dərsliyin elektron dərslik portalında yerləşdiriləcəyini deyən A. Abışov qeyd edib ki, gələn il ərzində bu proses tam başa çatacaq: “Hazırda elektron dərslik portalı yığılma mərhələsindədir. Bu proses tam başa çatandan sonra nəticələr qiymətləndiriləcək. Ehtiyac və aktuallığı nəzərə alaraq əlavə komponentlərin yaradılması üzərində də tədbirlər görülə bilər”. 

 

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən yaradılan bütün elektron resurslar pulsuz istifadə edə bilər.

 

Təhsil Nazirliyinin rəsmisi elektron məktəb layihəsindən də danışıb. A.Abışov qeyd edib ki, hazırda elektron məktəb layihəsi çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Quba, Şirvan, Göycay da daxil olmaqla ümumilikdə 42 ümumtəhsil məktəbi fəaliyyət göstərir: “Bu məktəblərdə iki qiymətləndirmə sistemi - valideyn nəzarət səhifəsi SMS gündəlik tətbiq olunur. Valideyn nəzarət səhifəsi ilə bağlı proqram təminatı edu.az portalında yerləşir və bu proqram təminatı pulsuzdur. Bu məktəbdə təhsil alanların valideynləri məktəb rəhbərliyindən login və parol alaraq, valideyn nəzarət səhifəsinə daxil olaraq gündəlik olaraq övladının aldığı qiymətlərlə tanış ola bilər. SMS gündəlik xidməti isə məktəb, şirkət və valideyn arasında bağlanan müqavilə əsasında qiymətlərin gündəlik olaraq valideynin mobil cihazına göndərilməsi xidmətidir”.

 

A. Abışov əlavə edib ki, gələcəkdə elektron məktəb layihəsinin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. 

Müəllif | Apa.Tv
Apa.tv