Azərbaycanda bioloji müxtəliflik necə qorunacaq? - MİLLİ STRATEGİYA
“Azərbaycan ərazisinin 20%-nin işğal altında olması, iqlim dəyişikliyi, eroziya, çirklənmə ölkədə bioloji müxtəlifliyə mənfi təsir edir”.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin baş mütəxəssisi Rəşad Allahverdiyev deyib. Onun sözlərinə görə, bu amillər bioloji müxtəlifliyin qorunmasını zəruri edir. Bunları əsasa gətirən R. Allahverdiyev bildirib ki, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın əsas məqsədi ölkədə genetik ehtiyatların, nəsli kəsilməkdə olan flora və faunanın qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsini nəzərdə tutur. Milli Strategiyada nəzərdə tutulan tədbirlərin icrası Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına mühüm töhfə verəcək.
Nazirlik rəsmisi qeyd edib ki, Milli Strategiyada 10 əsas istiqamət üzrə 30-a yaxın hədəf müəyyənləşdirilib: “Hər istiqamət üzrə milli hədəflər müəyyənləşdirilib. Yəni, biz 2020-ci ilə qədər nəzərdə tutulan tədbirləri reallaşdırmaqla nəyə nail olacağıq? Bunun ölkə üçün töhfəsi nə olacaq? Bu sənəddə nəzərdə tutulan tədbirlərin icra olunmasında bir çox dövlət qurumları iştirak edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əsas icra orqanı olacaq”.
Hal-hazırda Azərbaycan ərazisinin 10,3%-i xüsusi mühafizə altında olduğunu deyən R. Allahverdiyev bu rəqəmin 12%-ə çatdırılacağını vurğulayıb. Bundan başqa, Milli Strategiyada dəniz hövzəsində mühafizə olunan ərazilərin 2%-ə çatdırılması da nəzərdə tutulur. “Hazırda Azərbaycanda dənizdə xüsusi mühafizə olunan ərazi yoxdur. Quruda isə xüsusi mühafizə olunan ərazilərin 10,3%-dən 12%-dək artırılması nəzərdə tutulub. Hazırda bizdə Qızılağac dövlət təbiət qoruğunun bazasında Qızılağac Milli Parkının yaradılması istiqamətində işlər gedir. Aydın məsələdir ki, burada ərazinin genişləndirilməsindən söhbət gedir. Yəni, dənizin bir hissəsi də bura əlavə ediləcək. Digər tərəfdən, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması da planlaşdırılır ki, bura da xüsusi mühafizə olunan ərazi statusu veriləcək. Gələcəkdə bioloji müxtəliflik cəhətdən daha qiymətli ərazilər müəyyən olunarsa, nazirlik tərəfindən yasaqlıq, qoruq statusunun verilməsi tərəfindən məsələ qaldırıla bilər”.
R. Allahverdiyev şoranlaşmış torpaqların əkin dövriyyəsinə qaytarılması məsələsinə də toxunub. Onun sözlərinə görə, torpaqların təmizlənməsi ilə yenidən əkin dövriyyəsinə cəlb edilməsi ölkədə bioloji müxtəlifliyə mənfi təsirləri azaldacaq.
O əlavə edib ki, bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi istiqamətində də tədbirlər görüləcək: “Monitorinq sistemi bioloji müxtəliflik komponentlərinin trendlərinin artıb-azalmasını müşahidə etmək üçün bir sistemdir. Bunun üçün inventarlaşdırma aparılacaq və həmin məlumatlar elektron bazaya ötürüləcək. Bundan sonra ekosistemdə baş verən istənilən dəyişikliyi asanlıqla müəyyənləşdirmək mümkün olacaq. Yəni, monitorinq sisteminin təkmilləşdirilməsi ilə hər hansı bir növün azalmasını və hansı səbəbdən azalmasını müəyyənləşdirmək mümkün olacaq. Bütün bu tədbirlər mərhələli qaydada aparılacaq”.