Qazın təzyiqinin azalmasının səbəbləri nədir?
“Havanın kəskin dəyişməsi nəticəsində şənbə və bazar günlərində əhalinin qaza olan tələbatı birdən-birə kəskin artdı. Ona görə də bəzi ərazilərdə qaz təchizatında çatışmazlıqlar meydana gəldi”.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev son günlərdə qaz təchizatında yaranan problemin səbəblərindən danışarkən belə deyib: “Əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. Yay aylarında qaza olan tələbat 3 milyon kubmetr təşkil edirsə, qış aylarında tələbat 16 milyon kubmetrə qədər yüksəlir. Qış mövsümündə, havalar kəskin soyuyanda tələbat artır. Oktyabrın 15 və 16-da əhaliyə verilən təbii qazın sərfiyyatında 1 milyon 193 min kubmetr artım olubsa, artıq oktyabrın 16 və 17-də bu artım 2 milyon 514 min kubmetr təşkil edib. Qazın olmaması və təzyiqinin aşağı olması tələbatın kəskin artması ilə bağlıdır. Həmişə keçid dövründə artan tələbatı təmin etmək məqsədilə aparılan tənzimləmə işləri üçün 2-3 gün vaxt tələb edilir. Bu tənzimləmə ona görə aparılır ki, əhalinin qaza artan tələbatını ödəmək mümkün olsun. Çünki, şəbəkəni qaz ilə birdən-birə doldurmaq mümkün deyil. Bu, texniki təhlükəsizlik qaydalarına da ziddir. Ona görə də hər hansı bir qəzanın baş verməməsi üçün mütləq tənzimləmə işləri aparılmalıdır. Son günlər qazla təchizatda çatışmazlıqlar tənzimləmə işləri ilə əlaqədardır. Onu da qeyd edim ki, hava qəflətən soyuyan günlərdə belə problem Bakının hər yerində müşahidə olunmadı. Mən Xətai rayonunda yaşayıram. Mən yaşadığım binada da qaz çatışmazlığı hiss olunub. Azəriqaz İstehsalat Birliyinin nəzdində olan təmir-tikinti idarəsinin çoxsaylı əməkdaşları Çağrı Mərkəzlərinə daxil olan müraciətlər əsasında dərhal həmin ərazilərdə yaranan çatışmazlıqların aradan qaldırılmasına başlayıb və hazırda bu proses davam edir. Günün axırına qədər problemlərin mövcud olduğu yerlərdə həmin çatışmazlıqlar aradan qaldırılacaq”.
İ.Kərbalıyev əmin edib ki, qaz təchizatında çatışmazlıqların mövcud olduğu yerlərdə tənzimləmə işləri qısa zaman ərzində yekunlaşacaq və həmin ərazilərdə qazın fasiləsiz verilişi təmin ediləcək.
“Azəriqaz” rəsmisi qeyd edib ki, bəzi hallarda əhalinin “mavi yanacaq”la təminatında fasilələrin yaranması ölkədə tikinti-abadlıq işlərinin aparıldığı zaman qaz xətlərinin yerlərinin dəyişdirilməsi ilə bağlıdır. İ.Kərbalıyev əlavə edib ki, Bakı şəhərində qaz təsərrüfatı 50-60-cı illərində qurulduğundan erroziya və korrosiya ilə əlaqədar qaz sızmalarının qarşısını almaq üçün yeni xətlərin çəkilməsi ilə əlaqədar qaz təchizatında məhdudiyyətlər yaranır.
“Azəriqaz” rəsmisi bildirib ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb. “May ayından sentyabr ayına qədər xeyli işlər görülüb. Oktyabrda bu işlər yekunlaşacaq. 17607 paqonometr yeni qaz xətti çəkilib, qaz xətləri üzərində 143 qaz tənzimləyici yenisi ilə əvəz edilib, 67 siyirtmə-şkaf quraşdırılıb ki, bu da havaların şaxtalı keçdiyi vaxtda əhalinin təbii qazla təchizatını yaxşılaşdırmaq məqsədi daşıyır. Qarşıdan gələn soyuq, şaxtalı havalarda qaz təchizatında yaranan problemlər təkrarlanmayacaq”, - deyə o vurğulayıb.
İ.Kərbalıyev əlavə edib ki, Azərbaycan regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq 2016-cı ilin 9 ayı ərzində 158 yaşayış məntəqəsi qazlaşdırılıb. Onun sözlərinə görə, hazırda 30 rayonda 96 yaşayış məntəqəsində tikinti-quraşdırma işləri aparılır, 22 yaşayış məntəqəsində işlər yekunlaşmaq üzrədir.
Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı əhalinin narazılığına gəlincə, İ.Kərbalıyev vurğulayıb ki, tələbat artığı kimi “Azəriqaz”a müraciətlərin də sayı kəskin artıb: “ Qaynar xəttimiz günün 24 saatı ərzində fəaliyyət göstərir. Çağrı Mərkəzinin 104 və 185 nömrələri var. Qaynar xəttə daxil olan zənglər avtomatlaşdırılır və müraciətlər elektron qaydada sahəyə ötürülür, araşdırma aparılır və həmin sahəyə briqada göndərilir. Bununla bağlı çatışmazlıqlar ola bilər. Bu, onunla müraciətlər çox olduğundan xətt dolu olur, sakinlər gözləmə mövqeyində qalmalı olur. Bəzən sakinlər səbirsizlik edirlər. Bütün bunları nəzərə alaraq biz 104 veb-saytının yaradılmasını planlaşdırmışıq. Burada qaynar xəttə daxil olan suallara uyğun cavablar yerləşdiriləcək. Abonent sayta daxil olaraq istənilən sualla cavab tapa biləcək”.
“Azəriqaz” rəsmisi bəyan edib ki, qışda əhalinin qaza olan tələbatı tam ödəniləcək və “mavi yanacaq” təminatında heç bir problem olmayacaq.