İntensiv yağışlar yağanda niyə yollar keçilməz olur?- RƏSMİ AÇIQLAMA

“Bakı şəhərində yağış kollektorlarının sayı çox azdır. Təəssüf ki, bir çox hallarda yağış kollektorları olmadığına görə yollarda yığılan suyu kanalizasiya kollektorlarına yönləndirməyə məcbur oluruq. Bakıda əhalinin sayı sürətlə artdığından, tikinti sürətlə getdiyindən kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır. Yağış kollektorları da kanalizasiya kollektorlarına qoşulanda su yenidən yollara qayıdır.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, Bakıda intensiv yağışlar zamanı 10-a yaxın yerdə böyük problemlər yaranır: “Binəqədi şosesi, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, Keşlə bazarının qarşısı, Heydər Əliyev prospektində Bağırov körpüsünün altında və digər ərazilərdə yollarda su yığılır. Bəzi memarlar deyir ki, həmin küçə və prospektlər salınarkən kanalizasiya sistemi qurulmayıb. Mən bu fikirlə razı deyiləm. Z. Bünyadov prospektində səth sularının kənarlaşdırılması üçün hər istiqamət üzrə yağış-kanalizasiya sistemi qurulub. Həmin yağış-kanalizasiya sistemi yaxınlıqdakı kanalizasiya kollektorlarına və ya yağış kollektoru varsa, ora qoşulur. Z. Bünyadov prospektində də yağış-kanalizasiya sistemi kanalizasiya kollektoruna qoşulur. Kollektorun gücü çatmadığından suyu yenidən yola vurur. O yolda yeni yağış kollektorunun çəkilməsinə ehtiyac var. Həmin kollektor Keşlə bazarının qarşısından keçir. Eyni vəziyyət burada da yaranır. Həmin kollektor H. Əliyev prospektində Bağırov körpüsünün üstündə, dəmiryolu xəttinin altından keçir. Orada da su ötürmə qabiliyyəti aşağı düşür və su yenidən yola tökülür. Ona görə də intensiv yağışlar zamanı bu körpüdə avtomobil tunelinin sağ istinad divarında su fontan kimi vururdu. Çünki, bu kollektor həmin təzyiqdə suya hesablanmayıb. Bununla bağlı biz “Azərsu”ya müraciət etmişik. “Azərsu” tərəfindən Master Plan hazırlanıb. Yaxın müddətdə icrasına başlanılacaq”.

 

O əlavə edib ki, yağş-kanalizasiya sistemlərinin çəkilməsi ilə iş bitmir. A.Nəcəfli vurğulayıb ki, əsas məsələ yağış barmaqlıqlarının kanalizasiya və ya yağış kollektoruna qoşulmasıdır: “Kollektora qədər yağış-kanalizasiya sistemlərinin qurulması prosesini biz həyata keçiririk. Amma kollektor yoxdursa, yağış barmaqlıqların qoyulmasının heç bir mənası yoxdur”.

 

Hər payış-qış mövsümündə “Azəravtoyol” ASC-də qərargah yaradıldığını deyən A.Nəcəfli bildirib ki, mümkün problemlərin həlli üçün tədbirlər planı hazırlanır: “Tədbirlər planında ilk növbədə yağış barmaqlıqların təmizlənməsi nəzərdə tutulur və bunun təmizlənməsi prosesi həyata keçirilir”.

 

Əsas mərkəzi yolların “Azəravtoyol”un, qəsəbədaxili və məhəlləarası yollar bələdiyyə və icra hakimiyyətlərinin balansında olduğunu deyən A.Nəcəfli qeyd edib ki, son 1 ildə Bakıda 6 kilometrə yaxın yeni yağış-kanalizasiya sistemi çəkilib. “Azəravtoyol” rəsmisi qeyd edib ki, yağış-kanalizasiya sisteminin çəkildiyi yollara su yığılmasının qarşısını alınıb.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv