Hansı məhsullar üzrə “Made in Azerbaijan” brendi yaratmaq mümkündür? – EKSPERT rəyi

"Milli iqtisadiyyatın strateji yol xəritəsi" üzərində işlər yekunlaşmaq üzrədir. Sənəddə iqtisadiyyatın prioritet istiqamətlərinin hər biri üzrə yaxın, orta və uzaq müddəti əks etdirən xüsusi proqram və sənədlər hazırlanıb. Sənəddə iqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı 2020-ci ilə qədər konkret tədbirlər, 2025-ci ilə kimi hədəflər və ondan sonrakı müddətə baxış da öz əksini tapıb. Sənəddə nəzərdə tutulan tədbirlərin konkret müddətləri, bunun üçün lazım olan investisiya, təsirinin qiymətləndirilməsi məsələləri də yer alıb. Strateji yol xəritəsində nəzərdə tutulan işlərin ÜDM-ə, məşğulluğa, iqtisadiyyatın inkişafına verəcəyi töhfələr hesablanıb”.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn deyib. Onun sözlərinə görə, təmsil etdiyi mərkəzi “Made in Azerbaijan” brendinin təşviqinə dəstək vermək üçün yerli malların vahid məlumat bazasının yaradılması üzərində iş aparır: “ Üç müddətində bu portal istifadəçilərin ixtiyarına veriləcək. Birinci mərhələdə bu portalda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sahibkarlar, müəssisələr haqqında məlumat yer alacaq. Yəni, yerli istehsal olunan mallar barədə məlumatlar bir bazada toplanacaq”.

 

R.Hüseyn qeyd edib ki, portalda məlumatlar Azərbaycan, rus və ingilis dilində olacaq ki, bu da xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların yerli istehsal olan məhsullarla tanış olmasına imkan verəcək: “Xarici sahibkar portala daxil olmaqla yerli məhsulların istehsal yeri, qiyməti və keyfiyyət göstəriciləri ilə bağlı məlumat əldə edə biləcək. Növbəti mərhələdə biz bu işə onlayn ödəniş və logistikanı da əlavə edəcəyik. Bununla da, xarici ölkələrdəki iş adamları yerli məhsulların sifarişini verə biləcək və bu məhsullar qısa müddət ərzində sifarişçiyə çatdırılacaq. Qarşıdakı dövrdə məqsədimiz “Made in Azerbaijan” brendi altındakı məhsulu təkcə, Azərbaycanda yox, dünyanın hər bir yerində bəyənənlər üçün əlçatanlığı təmin etməkdən ibarətdir”.

 

R.Hüseyn əlavə edib ki, portalda hər bir sahibkar üçün “şəxsi kabinet” yaratmaq mümkün olacaq. Onun sözlərinə görə, sahibkarlar “şəxsi kabinet”ə daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. “Növbəti addım ki, portal vasitəsi ilə sahibkarların bir-biri ilə əlaqə yaratması təmin ediləcək. bununla da, sahibkarlar istədikləri malları elektron qaydada sifariş verə biləcək. Eyni zamanda, məhsulların daşınması, sığortası məsələsi də öz həllini tapacaq. Elektron portal sahibkarların xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Çünki, sahibkar istədiyi məhsulu seçərkən vaxt itirməyəcək və vasitəçi olmadan münasib qiymətə ala biləcək”.  

 

Onun fikrincə, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə elektron ticarətin inkişafı ilə nəticələnəcək və sahibkarların bazarına çıxışını asanlaşdıracaq.

 

Müəllif | Apa.Tv
Apa.tv