Qadına qarşı zorakılıq və erkən nikahlar niyə artır? - Komitə rəsmisi

“Kişinin qadına qarşı zorakılıq tətbiq etməsi onun zəifliyindən irəli gəlir. Çox təəssüf ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qadına qarşı zorakılıq halları var”.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, regionun digər dövlətləri – Rusiya, Gürcüstan, İran və Türkiyə ilə müqayisədə Azərbaycanda məişət zorakılığı halları daha azdır.

 

“Hər il Azərbaycanda qadınlara qarşı zorakılıq ilə bağlı 1000-ə yaxın fakt qeydə alınır. Bu halların fərdi araşdırılması və xüsusi tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycanda məişət zorakılığı ilə bağlı 2010-cu ildə xüsusi qanunvericilik aktları qəbul edilib. Bu gün hər rayonda, hər bir yerli icra hakimiyyətləri çərçivəsində məişət zorakılığına qarşı mübarizə ilə bağlı monitorinq komissiyaları fəaliyyət göstərir. Bu komissiyaların fəaliyyəti məişət zorakılığı qurbanına dərhal yardımın göstərilməsi və məişət zorakılığı halının baş verməməsinə istiqamətlənib. Çox təəssüf ki, qanunvericilik bazasının və mexanizmlərin yaradılmasına baxmayaraq biz hələ də Azərbaycanda qadınlara qarşı zorakılıq halları ilə rastlaşırıq. Bu onu göstərir ki, həm fəaliyyətdə, həm də qanunvericilikdə təkmilləşdirmə işləri davam etməlidir”, - deyə E.Səfərov vurğulayıb.   

 

Bununla belə komitə rəsmisi bildirib ki, ölkədə qadınlara qarşı zorakılıq hallarının  hamısını qeydə almaq mümkün olmur. O, bunu zərif cinsin nümayəndələrinin hüquq-mühafizə orqanları və aidiyyatı qurumlara müraciət etməməsi ilə əlaqələndirir: “Qadınlar vəziyyət daha da ağır olanda, yəni intihar həddinə çatdırıldığı, vəziyyət dözülməz hal alan zaman müraciət etməyə üstünlük verir. Azərbaycanda ailə dəyərləri çox güclü olduğundan çalışırlar ki, bütün problemlər ailə daxilində həll edilsin”.

 

Onun sözlərinə görə, məişət zorakılığı təkcə fiziki zorakılıqla məhdudlaşmır. E.Səfərov əlavə edib ki, ölkədə psixoloji, iqtisadi zorakılıq hallarına rast gəlinsə də, insanlar daha çox fiziki zorakılıq ilə bağlı komitəyə müraciət edir. O, digər hallarda zorakılıq qurbanlarının müraciət etməyə ehtiyac görməməsindən şikayətlənir.

 

E.Səfərov qeyd edib ki, ötən il komitənin nəzdində xüsusi məlumat bankı sistemi yaradılıb: “Sistemdə olan məlumatları təhlil edəndə məlum olur ki, zorakılıq törədənlərin 98%-ni kişilər təşkil edir. Qadınlara qarşı zorakılığa yol verənlərin 99%-nin ali təhsili yoxdur. Müşahidələr göstərir ki, ailədə zorakılıq halları ilə daha çox qadınlar üzləşir. Bu zaman uşaqlara birbaşa fiziki zorakılıq tətbiq edilməsə də, dolayısı ilə azyaşlılar da zorakılığa məruz qalmış olur. Zorakılıq hallarının şahidi olan uşaqlar gələcəkdə ya zorakılıq törədir, ya da məruz qalanda müdafiə oluna bilmir. Bu uşaqlıqda aldığı psixoloji travma ilə əlaqədar olur. Adətən həmin psixoloji gərginlikdən çıxmaq mümkün olmur. Belə uşaqlar ya təhsildən geri qalır, ya da fiziki inkişafdan geri qalır”.

 

Azərbaycanda hər il təxminən 13 min boşanma halının qeydə alındığını deyən E.Səfərov bildirib ki, ailələrin dağılmasının əsas səbəbi məişət zorakılığı ilə bağlıdır: “İl ərzində Azərbaycanda 13 minə yaxın boşanma faktı qeydə alınır. Boşanmaların 7-8 mini məhz zorakılıqla əlaqədardır”.

 

E.Səfərov əlavə edib ki, bu ilin 6 ayı ərzində məişət zorakılığının qurbanlarına ümumilikdə 5 mühafizə orderi verilib: Bu mühafizə orderlərinin 3-ü uzunmüddətlidir, 2-si isə qısa müddətlidir. Qurbana mühafizə orderinin verilməsi onun təhlükəsizliyinin təmin edilməsi, sığınacaq verilməsi, qida və geyim verilməsinin təmin edilməsi deməkdir. Hər il məişət zorakılığı ilə bağlı 800-900 hal qeydə alınsa da, barmaqla sayıla biləcək mühafizə orderinin verilməsi ölkədə sığınacaq yerlərinin az olması ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda bir dənə də dövlət sığınacağı yoxdur. Yalnız 10 QHT akkreditasiyadan keçib. Onların Bakı, Gəncə və Sumqayıtda sığınacaqları fəaliyyət göstərir. Amma  bu sığınacaqların fəaliyyətinin də təkmilləşdirilməsinə ehtiyac var. Bir dənə dövlət sığıncağının yaradılmasına ehtiyac var. Sığınacaq olmalıdır ki, aidiyyatı qurumlar qurbanın müdafiə olunması ilə bağlı bura vətəndaş göndərə bilsin. Niyə? Çünki, məişət zorakılığının qurbanı məhkəmə zamanı uzunmüddətli yaşayış yeri ilə təmin edilməlidir. Bu məsələ növbəti illərdə öz həllini tapmalıdır”.

 

Komitə rəsmisi qeyd edib ki, indiyədək aparılan işlər öz bəhrəsini verib. Onun sözlərinə görə, 2012-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişiklikdən sonra erkən nikahların sayı 10 dəfə azalıb: “Bu dəyişikliyə qədər hər il 4-5 min erkən nikah qeydə alınırdı. Yetkinlik yaşına çatmayanları nikaha məcbur etmə ilə bağlı cərimələr 4000 manat və 4 ilə qədər azadlıqdan məhrumetmə qərarı tətbiq olunandan sonra bu halların sayı 500-ə qədər azalıb”.

 

Bunu əsas gətirən E.Səfərov qeyd edib ki, problemlərin həlli üçün hazırda komitə tərəfindən məişət zorakılığı, boşanma və abort ilə bağlı sorğu keçirilir: “Sorğular nəticəsində problemlərdən çıxış yolları müəyyənləşdiriləcək. Bundan başqa, “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı” hazırlanıb. Güman edirəm ki, 2017-ci ildən qəbul olunacaq və burada nəzərdə tutulan tədbirlər reallaşdırılacaq. Eyni zamanda, “Ailə strategiyası”nın qəbul edilməsi gözlənilir ki, bu sənədin tətbiqi ilə ailə dəyərlərinin qorunması istiqamətində xüsusi tədbirlər həyata keçiriləcək. Eləcə də, ayrıca qaynar xəttin yaradılması üzərində də iş gedir. Onlayn məlumat bazasının yaradılması da planlaşdırılır. Bu məlumat bazası məişət zorakılığının baş vermə ehtimalı olan ailələri əvvəlcədən müəyyən etməyə imkan verəcək”.

 

Komitə rəsmisi vurğulayıb ki, nəzərdə tutulan bütün tədbirlərin reallaşması məişət zorakılığı hallarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. 

Müəllif | Apa.Tv
Apa.tv