Cəmiyyətin “İnternat uşağı” problemi
Azərbaycanda internat məktəblərini bitirən gənclər müxtəlif çətinliklərlə, psixoloji və sosial problemlərlə üzləşir. İnternat məktəblərinin məzunlarının ən böyük problemi mənzil və işlə təminatla bağlıdır.
Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov deyib. A.Əhmədovun sözlərinə görə, internat məzunlarının iş tapmaqda və mənzillə təminatda çətinliyinin olması onlar üçün ikiqat problemə çevrilir. A.Əhmədov bildirib ki, son dövrlərdə valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olmuş, kimsəsiz gənclərin evlə təminatı istiqamətində irəliləyişlər var: “Masazır qəsəbəsində dövlət tərəfindən 120 mənzil həmin internat məzunlarına təqdim olunub. Nizami rayonu ərazisində də 60 mənzilli bina valideyn himayəsindən məhrum olanların istifadəyə verilib. Digər bina da tam hazır vəziyyətdədir. Bu yaxınlarda internat məzunlarının istifadəsinə veriləcək. Ümid edirik ki, yaşayış evinə ehtiyacı olan digər internat məzunları da mənzillə təmin olunacaq”.
A.Əhmədov əlavə edib ki, qanunvericilikdə 18 yaşı tamam olmuş yeniyetmələrin mənzil və işlə təminatı ilə bağlı maddə yer alıb. O deyib ki, qanunvericiliyə əsasən, 23 yaşadək valideyn himayəsindən məhrum, kimsəsiz yeniyetmələrin problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı, onları işlə və evlə təmin etməlidirlər: “Qanunvericilikdə internat məzunlarının geyim, qida ilə təminatı məsələsi də əksini tapıb. Biz yerli icra hakimiyyəti orqanlarına müraciət edərək 10 internat məzunu üçün torpaq sahəsinin ayrılmasına nail olmuşuq. Lakin internat məzunlarının hətta ev növbəsində olsa belə, mənzil təqdim olunanadək onlar yaşayış sahəsi ilə təmin edilməlidir”.
A.Əhmədov hər bir rayonda internat məzunları üçün xüsusi sığınacaqların yaradılmasını vacib sayır. Onun fikrincə, kimsəsiz gənclər mənzillə təmin olunana qədər sosial evlərdə müvəqqəti məskunlaşdırılmalıdır.
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri hesab edir ki, internat məzunlarının mənzillə təminatı sahəsində islahatlar aparılmalıdır. “Məsələn, elə məzunlar var ki, onlar peşə məktəblərində təhsili davam etdirib. Bu müddətdə internat məktəbinin rəhbəri dəyişib. Yeni rəhbərlərin bu internat məzunları barədə məlumatı olmadığından onların adları ev növbəsində olanların siyahısına düşmür. Buna görə də, bəzi gənclərin ehtiyacı olsa da, onlar mənzil növbəsindən kənarda qalır. Bəzən tələb olunan sənədlərə görə müxtəlif problemlər yaranır. Mənzilin verilməsi ilə bağlı şərtlərdə göstərilir ki, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş insanlar mənzillə təmin olunur. Valideyn himayəsindən məhrum olmuş dedikdə, internat məktəbində olduğu müddətdə valideynin ümumiyyətlə maraqlanmadığı şəxs nəzərdə tutulur. Həmin gənclər mənzil üçün müraciət etdikdə onlardan imtina sənədi tələb olunur. Düşünürəm ki, bu düzgün tələb deyil. Çünki, bu halda uşaq ikən atılan 27 yaşındakı gənc valideynini tapmalıdır. Bu zaman imtina kağızının alınması çox çətin olur. Bu isə internat məzunlarının evlə təminatına problemlər yaradır. Əslində bu məlumat müəssisələrdən alınmalıdır. Elə gəncimiz var ki, bu gün 27-28 yaşı var və o, hələdə yataqxanada qalır. Amma internat məktəbini bitirən 17-18 yaşındakı internat məzununa ev verilir, 28 yaşında olan məzun isə sadalanan problemlərə görə ev növbəsindən kənarda qalır. Əslində qanuna görə, 23 yaşına qədər internat məzunları ev ilə təmin olunmalıdır. Amma 28 yaşı olsa da, evlə təmin olunmayanlar var. Ona görə də birinci növbədə yaşı çox olan internat məzunlarına ev verilməlidir”, - deyə A.Əhmədov vurğulayıb.
Birliyin psixoloqu Nüşabə Nağıyeva qeyd edib ki, cəmiyyətin internat məktəbini bitirən uşaqlara münasibəti dəyişməlidir. Onun sözlərinə görə, internat məzunlarına münasibətdə ayrı-seçkilik onların cəmiyyətə inteqrasiyasında problemlərə gətirib çıxarır:
“İnternatda təhsil almış gənclərlə bağlı cəmiyyətdə stereotiplər var. Valideyn himayəsindən məhrum olmaq bir travmadır. Bu gənclər cəmiyyətdə adaptasiya olmaqda çətinlik çəkirlər. Belə gənclərin özünəməxsus keyfiyyətləri var. Biz onların alışdıqları stereotiplərdən çıxmasına yardım etməklə, uğurlarını cəmiyyətə göstərməklə cəmiyyətin onlara baxışını dəyişmək istiqamətində fəaliyyət göstəririk. Biz onları cəmiyyətə qazandırdıqdan sonra onların necə olduqları ortaya çıxır, yaxşı fəaliyyət göstərirlər. İnternat məzunlarının əksəriyyətində utancaqlıq var. Uşaqlıqdan valideynləri tərəfindən atıldıqlarına görə, onlarda bir dəyərsizlik hissi yaranır. Valideynini itirmişləri qəbul edənlər özü kimi olanlardır. İnternat məzunlarının özü kimi olmayanlar tərəfindən qəbul edilməmək qorxusu var. Buna görə də onlar insanlara yaxınlaşmaqda çətinlik çəkirlər. Əksinə qəbul olunduqlarını gördükcə stimul tapırlar”.
A.Əhmədov əlavə edib ki, cəmiyyətin valideyn himayəsindən məhrum olmuş insanlara münasibətinə görə, belə şəxslər iş tapmaqda çətinlik çəkir: “SOCAR hər il 15-ə yaxın internat məzununu təlim-tədris mərkəzinə qəbul edir və 10 aylıq təhsil müddətində yaşayış, geyim və qida ilə təmin edir. Daha sonra müxtəlif peşəyə istiqamətləndirdikdən sonra onları müxtəlif müəssisələrdə işlə təmin edir. Lakin bu olduqca azdır. Hər il 10-la gənc internat məktəbini bitirir. Belə təşəbbüsə digər təşkilatlar da qoşulsa, internat məzunları arasında işsizlərin sayı əhəmiyyətli dərəcədə azalar”.
Psixoloq N.Nağıyeva qeyd edib ki, internat məzunları iş tapa bilməyəndə psixoloji problemlərlə üzləşir: “İnternat məzunları arasında savadlı və güclü peşə ixtisasına malik gənclər var ki, onların güclü potensialları var. Buna baxmayaraq onlar işlə bağlı müraciət edəndə bir sıra problemlərlə rastlaşırlar. Düzdür, bəzən onlarda ünsiyyət problemi olur. Biz onlarla təlimlər keçirik, düzgün ünsiyyət qurmaq üsullarını öyrətdik. İşə götürən insanlar da onların potensiallarını dəyərləndirib stimul versələr, yaxşı nəticə əldə edəcəklər. Sadəcə onlara inanmaq, dəstəkləmək yetərlidir”.