Nikahın pozulması zamanı əmlak mübahisəsi necə həll olunur?
Bu il ərzində boşanmaların sayı artıb. Boşanmaların sayı artdıqca tərəflər arasında olan mübahisələrin də sayı artır. Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem isə daşınar və daşınmaz əmlakın, pulun bölgüsü zamanı meydana gəlir.
Bunu “Sosium” proqramının qonağı, vəkil Emil Aslanov deyib. Onun sözlərinə görə, boşanmadan sonra qadınların mülkiyyət hüquqları daha çox pozulur: “Hazırda kişilər daha çox işlədiklərinə və mentalitetə görə mülkiyyət daha çox kişilərin adına qeydiyyata alınır. Buna görə də, qadınların mülkiyyət hüququ daha çox pozulur. Məhz bu səbəbdən də qadınlar tərəfindən məhkəməyə müraciətlərin sayı daha çox olur”.
E.Aslanov deyib ki, əgər daşınar və daşınmaz əmlak birgə nikah dövründə əldə olunubsa və rəsmi nikahla bağlı sənəd varsa, qadınlar məhkəməyə müraciət edərək öz hüquqlarını qoruya bilər. Onun sözlərinə görə, bu halda qadın mənzilin yarısını, əgər övladlar qadının himayəsində qalarsa, daha çox hissəsini tələb etmək hüququna malikdir. Vəkil bildirib ki, mülkiyyətin bölünməsi həm Ailə, həm də Mülki Məcəlləyə əsasən tənzimlənir. “Əgər mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıbsa, ilk növbədə mübahisə edən tərəf məhkəməyə müraciət etməlidir. Tərəflər birgə nikah dövründə əldə edilən mülkiyyət barəsində məlumat verərək məhkəmə qarşısında iddia qaldırmaqla öz problemini həll edə bilər. Bu halda mənzildə yaşayış hüququ təmin edilə bilər. Və ya satıldıqdan sonra mənzilin dəyəri tərəflər arasında bölünə bilər. Qanunla satış mümkündür, amma notarial qaydada evdə qeydiyyatda olan və nikahda olan şəxslərin razılığı alınmalıdır”, - deyə E.Aslanov vurğulayıb.
Vəkil deyib ki, nikahın pozulması zamanı tərəflər mənzilin satılması barədə ümumi razılığa gələ bilər. Bu halda məhkəmənin qərarı ilə müəyyən olunmuş pay onlar arasında bölünür. Tərəflərdən biri evin satılmasına razılıq vermirsə, bu halda naturada bölgü aparılır. Yəni, boşanan tərəflərin eyni mənzildə qalması mümkün olmadığı təqdirdə mülkiyyətin naturada bölgüsü aparılmalıdır: “Bununla bağlı ekspertiza təyin edilməlidir. Fərdi evlərdə naturada bölgü bir çox hallarda mümkün olur. Bina evlərində naturada bölgü bir az çətin olur. Məsələn, mənzilə bir giriş olarsa və ev 3 otaqdan ibarət olarsa, burada ekspertiza naturada bölgünün mümkün olmayacağı barədə rəy verəcək. Tərəflər arasında razılıq olarsa, mülkiyyət hərrac yolu ilə satılacaq və mənzilin dəyəri mübahisə edən tərəflər arasında bölünəcək”.
O vurğulayıb ki, tərəflər arasında rəsmi nikah olmadığı təqdirdə mülkiyyətin bölünməsi mümkün olmayacaq. Başqa sözlə, kəbinin olması mülkiyyətin bölünməsi üçün yetərli olmayacaq. E.Aslanov qeyd edib ki, nikah pozulduqdan sonra 3 il müddətində ər və arvad əmlakın bölünməsi ilə bağlı iddia qaldıra bilərlər.
Vəkil qeyd edib ki, birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: “Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir”. Bu halı sübut etmək üçün evin tikintisində iştirak edən fəhlə və ustalar məhkəməyə dəvət olunur və xərclənən vəsaitin məbləği müəyyən olunur. Bununla da bu vəsaitin yarısını almaq mümkün olur”.
Vəkil əlavə edib ki, bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur: “Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər və arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb və mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir”.
Azərbaycanda nikah müqavilələrinin bağlanmasına marağın az olduğunu deyən vəkil hesab edir ki, cütlüklər rəsmi nikaha girən zaman şərtlərini rəsmiləşdirsə, nikahın pozulması zamanı problemlər yaranmaz.