"Güzəştli mənzil" sistemi vətəndaşlara nə verəcək?
Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə təsdiqlənən “MİDA” MMC-nin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılacaq.
Bunu “Sosium” proqramına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova deyib. Onun sözlərinə görə, sistem 2017-ci il mayın 1-dən etibarən istifadəyə veriləcək. D.Dadaşova bildirib ki, sistem vasitəsi ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların qeydiyyatı elektron qaydada mümkün olacaq. “Güzəştli şərtlərlə əldə olunan mənzillərin dəyəri həmin ərazi üzrə mənzillərin orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda, bu mənzillərə görə ödəniş həmin ərazi üzrə kirayə haqlarından yüksək olmayacaq. Bu mənzillər tam təmirli və mətbəx mebeli ilə tam təchiz olunmuş şəkildə vətəndaşlara təqdim olunacaq”.
D.Dadaşova qeyd edib ki, “Güzəştli Mənzil” sistemi ilə müraciət iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə vətəndaşlar elektron qaydada müraciət edəcək və onların güzəştli kateqoriyaya aid olan şəxslər qrupuna aid olub-olmaması yoxlanılacaq və onlara cavab gələcək. İkinci mərhələdə, yəni təsdiq cavabı alan vətəndaşlar elan edilmiş mənzilləri seçim hüququna malik olacaq: “Yəni, onlar elektron qaydada ünvan əsasında istədikləri mənzilləri seçə biləcək. Qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. Həmin bəndə uyğun olaraq gənc ailənin üzvü olan şəhid ailəsinin üzvü, Milli Qəhrəmanın özü və ailə üzvləri, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, -idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla), ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər”
Onun sözlərinə görə, agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonunda, xarici dairəvi avtomobil yolunun kənarında ayrılmış və sahəsi 11,6 hektar təşkil edən ərazidə həyata keçirilir. Yasamal Yaşayış Kompleksində 2000-ə yaxın mənzilin inşası nəzərdə tutulub. İlin sonunda tikinti işlərinə başlanılması nəzərdə tutulur. Ərazisinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. Ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir.
“Onu da vurğulayım ki, qaydaya əsasən yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək”, - deyə D.Dadaşova vurğulayıb.
“Sosium” proqramının qonağı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı bildirib ki, elektron qaydada müraciətlərin qəbulu və müraciətlərə elektron qaydada baxılması bir sıra neqativ halları aradan qaldıracaq: “Məsələn, əvvəllər ipotekadan yararlanmaq istəyən vətəndaş hər hansı bir özəl təşkilatdan arayış alırdı və o arayışda göstərilən əmək haqqı çox yüksək olurdu. Bu müraciətləri araşdırmaq fiziki cəhətdən mümkün olmurdu. Birdən-birə daxil olan 1000-ə yaxın müraciəti yoxlamaq fiziki cəhətdən mümkün deyil. Amma elektron qaydada müraciət və Elektron Hökumət vasitəsi ilə müraciəti qəbul edən təşkilat daxil olan müraciətləri tam araşdırmaq imkanı əldə edir. Mənzil sahibi olmaq istəyənin əmək haqqı barədə dərhal məlumat əldə edə bilir, onun neçə ildir əmək fəaliyyəti və sair məlumatları qısa zamanda əldə edə biləcək. Bundan başqa, müraciətlərin elektronlaşdırılması dinamikanı da artıracaq. Yəni, əgər əvvəl şifahi şəkildə müraciətin daxil olması və baxılması uzun vaxt tələb edirdi. İndi isə müraciətlərə baxılması cəmi 3-5 gün vaxt tələb edəcək.
Dövlət xətti ilə ipoteka kreditlərində fasilənin olduğunu deyən R.Osmanlı bu layihənin bazarda canlanma yaradacağını düşünür: “Bir ildən çoxdur ki, ölkədə ipoteka kreditlərinin verilməsində fasilə yaranıb. Bu gün Azərbaycanda 5-10 ailə bu imkandan yararlanacaqsa, bunu təqdir etmək lazımdır. Çünki, bu sosial layihə nəticəsində Azərbaycan ailələri güzəştli formada mənzil sahibi olacaq. Yəni, uzun müddətdən bəri gözlədikləri mənzil həsrətinə son qoyulacaq. Bu elə başa düşülməməlidir ki, kimin evi yoxsa bu layihədən yaralanacaq. Bəzən insanlar bu cür düşünürlər. Bu düşüncənin özü son aylarda daşınmaz əmlak bazarında vəziyyəti gərginləşdirib. Faktiki olaraq potensial alıcıların əksəriyyəti gözləmə mövqeyinə keçib. Hətta əlində ev almaq üçün müəyyən məbləği olan olanlar da düşünür ki, bu layihə ilə hamıya mənzil almağa şans veriləcək. Düzdür, biz də arzu edərdik ki, xüsusi ilə aztəminatlı və mənzil şəraiti bərbad olan insanlar da bu kateqoriyaya aid edilsin. Yəqin ki, gələcəkdə bu istiqamətdə işlər görüləcək. Amma hələlik bu gün üçün qəbul olunan qərarlar bunlardır. Güman edirəm ki, bu qərarı alqışlamaq lazımdır”.
Daşınmaz əmlak bazarı üzrə ekspert hesab edir ki, “Güzəştli mənzil” sisteminin tətbiqi sosial ipotekanın verilməsi səlahiyyətinin MİDA-ya həvalə olunacağını göstərir.
Mənzillərə görə ödənişlə bağlı ilkin rəqəmlərin açıqlandığını deyən R.Osmanlı qeyd edib ki, MİDA bu məbləğə yenidən baxa bilər. Onun fikrincə, sosial evlərə görə aylıq ödənişin 250 manatdan çox olması ödəmə riskləri yarada bilər: “Hələlik ortada yekun qiymətləndirmə yoxdur. Hesab edirəm ki, mənzillərin maya dəyəri hesablanacaq. Çox güman ki, əlçatanlığı artırmaq üçün sosial mənzillərə görə ödənişlər aşağı salınacaq”.
Bunu səmərəli layihə adlandıran R.Osmanlı vurğulayıb ki, ipoteka vasitəsi ilə alınan mənzillərdən fərqli olaraq vətəndaşlara yeni binalarda mənzillərin təklif olunması təqdirəlayiqdir.