Ödəmə qabiliyyətini itirən banklarla bağlı hansı tədbirlər görüləcək? - Ekspert rəyi
“Son il yarımdır ki, Azərbaycan bank sektoru özünün ağır dövrünü yaşayır. Bank sektorunda böhran başa çatmayıb və buna görə də bankları xilas etmək lazımdır”.
Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, gələcəkdə problemlərlə üzləşməmək üçün bank sistemini təkmilləşdirmək lazımdır.
“Azərbaycanda Bankların fəaliyyətinə dair istər sərtləşdirici tədbirlərin görülməsi, müəyyən cərimə və sanksiyaların tətbiq edilməsi, istərsə də inzibatçıların idarəçiliyi ilə bağlı qanunvericilikdə kifayət qədər boşluqlar var. Müasir dövrdə baş verənlər göstərdi ki, hazırda bank fəaliyyətini tənzimləyən “Banklar haqqında” qanun çevik bir qanun deyil, mövcud şəraitə cavab vermir”.
Bütün bunları nəzərə alan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkliflərin verildiyini deyən S.Əliyev bildirib ki, qanuna ediləcək təkliflər qanunvericilikdəki çatışmazlıqların aradan qalxmasına gətirib çıxaracaq : “Təkliflərdən biri bankda yaranmış kapital çatışmazlığının həlli yolları ilə bağlıdır. “Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsində müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Müvəqqəti inzibatçı kapitalının artırılması məqsədilə bankda mühüm iştirak payına malik səhmdarlarının və aidiyyati şəxslərinin bankda saxlanılan əmanətlərini 1-ci dərəcəli kapitala keçirəcək (bankın bu Qanunla tələb olunan çatışmayan kapitalı həcmində). Bundan başqa, qanun layihəsində müvəqqəti inzibatçı tərəfindən bankın mühüm iştirak payına sahib səhmdarlarının banka verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan 1-ci dərəcəli kapitala keçirilməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsi ilə müvəqqəti inzibatçıya bankın səhmdarı olduğu törəmə şirkətlər, mülkiyyətində olduğu daşınmaz əmlakı, digər aktivləri sata, girov qoya bilər. Bunu bankın xilasetmə mexanizmlərindən biri kimi qəbul etmək olar. Dünya ölkələrində əmanətçilərin vəsaitlərinin kapitala ötürülməsi ilə bağlı təcrübə var. İndi bunun bizdə də tətbiq ediləcəyi gözlənilir. Ümumiyyətlə, digər əmanətçilərin vəsaitlərinin kapitala yönləndirilməsi əmanətçiləri bank sektorundan qaçıra bilər. Amma nəzər almaq lazımdır ki, digər dövlətlərdən fərqli olaraq bizdə bankın səhmdarlarının və ya banka aidiyyatı olan şəxslərin əmanətlərinin kapitala yönləndirilməsi nəzərdə tutulur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, burada söhbət əmanətin itirilməsindən getmir. Çünki, əmanət kapitala çevrilir, bank böhrandan çıxır və əmanətçi bankın səhmdarına çevrilir. Bu zaman o istəsə gələcəkdə öz payını sata da bilər”.
S.Əliyev əlavə edib ki, qanuna təklif edilən dəyişikliklərdə inzibatçılara əlavə səlahiyyətlərin verilməsi də nəzərdə tutulur. “Məsələn, dəyişikliklərdə inzibatçının son iki ildə bağlanılmış müqavilələrin şərtlərinin ədalətsiz, bankın rəhbərinin sui-istifadə etdiyi müqavilə olduğunu və ya bankın xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə inzibatçıya bu müqavilənin etibarsız elan etməsi ilə bağlı hüquq verilir”.
İqtisadçı-ekspert vurğulayıb ki, bu addımlar bankların dözümlülüyünün artmasına gətirib çıxaracaq: “Bir şərtlə ki, bütün atılacaq addımlar düşünülmüş olsun və əmanətçilərin bankdan qaçmasına gətirib çıxarmasın”.
Dəyişikliklərdə inzibatçıya bankların konsolidasiyası ilə bağlı qərar vermək səlahiyyəti də verilib: “O banklar ki, birləşməkdən qaçır, o bankların hesabatlılığında problem var. Belə banklar birləşəcəyi təqdirdə bu problemlərin üzə çıxacağından ehtiyatlanır. Ona görə də, bizdə banklar konsolidasiyaya getməkdə maraqlı olmadılar. Biz bunu bağlanan banklarda gördük. Bu banklar daha çox kassa rolunu oynayıblar. Əlbəttə, digər tərəfdən də hər kəs istəyir ki, özü idarə etsin, qərarı özü versin. Bu da müasir, korporativ idarəetmə standartlarına heç də uyğun gəlmir. Bizim bankların bir çoxu, xüsusilə də bağlanan banklardan belə gördük ki, bunlar daha çox kassa rolunu oynayırdılar. Bu bankların da birləşməməsi təsadüfi deyildi. Amma bu gün hələ də güclü banklar var. Onların birləşməsi isə yaxşı olardı. Burada məqsəd təmərküzləşmənin azaldılmasıdır. Bu gün Beynəlxalq Bank dövlət bankıdır, ən böyük bankdır və bazarın 40%-nə nəzarət edir. Uzun müddət də bank bazarda böyük paya malik olub. Halbuki, belə bir vəziyyətdə bankın böyüdülməsinin qarşısı alınmalı idi. Bu gün təqdirəlayiqdir ki, müvafiq qurumlar da çıxış edərək bildirir ki, Beynəlxalq Bankın kiçildilməsi istiqamətində işləyirik. Beynəlxalq Bank kiçilməlidir ki, digər bankların da bazarda təsir imkanları olsun. Məsələn, Mərkəzi Bank bu gün bazara mərkəzləşdirilmiş kredit buraxır. Bunu bir neçə böyük bank alır, digər kiçik banklar isə prosesdən kənarda qalır. bu zaman isə bazarda kredit faizlərinə böyük təsiri olmur. Bu gün Beynəlxalq Bank kiçildikcə, kiçik bankların bazarda payı artacaq. Konsolidasiyanın da əhəmiyyəti ondan ibarətdir ki, nisbətən az paya malik banklar birləşib müəyyən güc mərkəzinə çevrilsinlər və bazarda müəyyən şərtlər diktə edə bilsinlər”.
Palatanın bankların kapitallarına qarşı tələblərini sərtləşdirəcəyi də gözlənilir: “Bizdə uzun müddət bankların istər kapitalına, istərsə də adekvatlığına dair göstəricilər ölkə üzrə göstəricilərdən yüksək olub. Amma bu problem yarananda ötən il Mərkəzi Bank banklara dəstək məqsədilə qanunvericiliyə dəyişiklik etdi və bu normanı nisbətən aşağı saldı. Bu addımlardan biri də aktivlərin təsnifləşdirilməsinə dair qayda idi ki, onun da şərtləri yüngülləşdirildi. Belə düşünürəm ki, Palatanın əsas məqsədi bir tərəfdən bankları gücləndirməkdirsə, digər tərəfdən də bankların sayını azaltmaqdır. Bizim qiymətləndirmələrə görə, Azərbaycan üçün 20-25 bank ölkə üçün normaldır. Bankların sayı əhalinin, o cümlədən iqtisadiyyatın səviyyəsinə uyğun arta bilər. Mövcud iqtisadiyyatda kiçilmə prosesinin getdiyini nəzərə alsaq, bankların gəlirliyinin azaldığını deyə bilərik. Bundan başqa, bankların özünün də problemli kreditləri var. Bu problem həllini tapmayıb, üstəlik bankların gəlirlərində də problem var. Ona görə də iqtisadiyyatın mövcud həcmi ilə bankların sayı arasında tərs mütənasiblik var. Buna görə də bankların sayı azaldılmalıdır ki, digər qalan banklar da bazarda sağ qala bilsin. Görünür ki, Palatanın da qaydaları sərtləşdirməkdə məqsədi zəif bankların bazardan çıxması, güclü bankların isə daha da güclənməsidir. Palatanın bu addımını başa düşürəm. Düşünürəm ki, belə addımlar atılarsa, banklarımız daha da güclənər”.
Bankların maliyyə hesabatlarını gizlətməsinə gəlincə, S.Əliyev qeyd edib ki, bunun əsas səbəbi maliyyə vəziyyətinin yaxşı olmaması ilə bağlıdır.