Tarif Şurasının qərarı fəaliyyətimizə təsir edəcək- “Azəristiliktəchizat" rəsmisi

“Dağlıq rayonlarda noyabr ayının 1-dən, Bakıda isə noyabrın 15-dən “Azəristiliktəchizat” ASC tərəfindən payız-qış mövsümünə start verilib. Noyabrın əvvəllərində havaların soyuq keçməsi ilə əlaqədar olaraq bəzi sosial obyektlərdə, internat məktəblərində, doğum evləri, uşaq xəstəxanaları, digər xəstəxanalarda, əlil ailələri və şəhid ailələri üçün tikilmiş binalarda istilik sistemini tez işə saldıq”.

 

Bunu Sosium proqramının qonağı, “Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

 

Onun sözlərinə görə, mövsüm başlayanda bəzi ərazilərdə istilik təchizatı ilə bağlı müəyyən problemlər müşahidə edilib: “Bu da sırf binadaxili aşağı paylayıcı sistemlərdə olan problemlərlə əlaqədardır. Bəzi yerlərdə yaranan problem qazanxanaların qaz təchizatı zamanı təzyiqin aşağı düşməsi ilə bağlı idi. Bununla bağlı “Azəriqaz”a müraciət edib, onlarla birlikdə fəaliyyətimizi qurduq. Qısa müddət ərzində bu tam aradan qaldırıldı”.

 

R.Əliyev bildirib ki, hazırda “Azəristiliktəchizat"ın 550-ə yaxın qazanxanası, 92 istilik məntəqəsi tam işçi rejimdə fəaliyyət göstərir. O əlavə edib ki, “Azəristiliktəchizat"ın mənbələrindən 3700-ə yaxın yaşayış binası və qurumun mənbələrinə qoşulmuş 280 məktəb, 158 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 800-ə yaxın digər sosial obyekt normal rejimdə istiliklə təmin olunur.

 

R.Əliyev bəzi binalarda istilik təchizatında problemin olduğunu təsdiqləyir. “Azəristiliktəchizat" rəsmisi bunu belə izah edir: “Sovet dövründə mərkəzi istilik sistemlərinə qoşulan binaların bəzilərinin aşağı paylayıcı istilik sistemləri son dövrlərə qədər əsaslı təmir olunmayıb. Bizim qurum yaranan vaxtı cəmi 988 yaşayış binası istiliklə təmin olunurdu, əgər buna istiliklə təmin olunma demək mümkündürsə. 2005-ci ildə 166 qazanxana fəaliyyət göstərirdisə, indi bu rəqəm 550-ə yüksəlib. Fəaliyyəə başlayan andan biz məktəb, səhiyyə müəssisələri və digər sosial obyektlərin istilik təchizatının qurulması ilə bağlı kütləvi layihələr keçirməyə başladıq. Həm bizim qurum, həm də Heydər Əliyef Fondu tərəfindən görülən işlərin nəticəsində bu gün Bakı şəhərində istilik təchizatından kənarda heç bir məktəb qalmayıb. Sosial obyektlərin istilik təchizatında da problem yoxudur. Çoxmənzilli yaşayış binalarına gəlincə, indiyədək 1800-ə yaxın binanın aşağı paylayıcı istilik sistemi yenidən qurulub. Bundan başqa, “Azəristiliktəchizat" mənbələrinə qoşulan binaların sıradan çıxan sistemləri təmir olunub. Buna baxmayaraq yenə də istiliklə təchiz olunmayan müəyyən binalar var. Layihə üzrə “Azəristiliktəchizat"ın mənbələrindən istiliklə təmin olunan binaların 80%-i istiliklə təmin olunur. Yerdə qalan 20% binada istilik təchizatının bərpası üçün yeni istilik mənbəyi yaradılmalı, binalara yeni xətlər çəkilməli, binaların aşağı paylayıcı sistemləri, daxili istilik sistemləri bərpa olunmalı, qazanxanaların qaz təchizatı ilə bağlı tədbirlər görülməlidir.

Bu binalardan 130-a yaxınında döşəmə tavan tipli istilik sistemləri var. 140-a yaxın yaşayış binasının zirzəmisi yoxdur. Şəhərin mərkəzində 120 binanın isə istilik sisteminin bərpası mümkün deyil. Ümumiyyətlə hazırda 450-ə yaxın binada istilik təchizatını bərpa etmək mümkün deyil”.

 

R.Əliyev əlavə edib ki, investisiya proqramlarına uyğun olaraq bu binalarda mərhələli qaydada istilik təchizatı sistemi yenidən qurulacaq.

 

“Azəristiliktəchizat"ın “Azəriqaz”a olan borcuna gəlincə, R.Əliyev qeyd edib ki, bu borclar təmsil etdiyi qurumdan asılı olmayaraq yaranır. “Azəriqaz”a olan borclarla bağlı ötən il müəyyən problemlər yarandı, sonra bu problem öz həllini tapdı. Bilirsiniz ki, hər iki qurum dövlət təşkilatıdır. Bizim də mövqeyimiz belədir ki, borca görə istehlakçılar əziyyət çəkməməlidir. Biz qarşılıqlı anlaşma şəraitində öz işimizi davam etdirəcəyik. Qaz istifadə olunduqca, borc yaranacaq. Bizim özümüzdən asılı olmayan səbəblərə görə  borcu tam ödəyə bilmirik. Borc ona görə yaranır ki, istilik tarifləri bir kvadratmetr üçün 15 qəpikdir. Bu isə maya dəyərindən bir neçə dəfə aşağıdır. Baxmayaraq ki, biz istilik təchizatına görə ödənilməli olan pulların 92-95%-ni yığa bilirik. Amma tariflərin maya dəyərindən aşağı olmasına görə biz istifadə olunmuş qaza görə “Azəriqaz”a borcumuzu ödəyə bilmirik.  “Azəristiliktəchizat" əməkhaqqı və digər zəruri ödənişlərdən sonra yığılan pulların əsas hissəsini qaz, işıq və suya yönəldir”.

 

R.Əliyev vurğulayıb ki, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə bağlı qərarı “Azəristiliktəchizat"ın maliyyə təsərrüfat fəaliyyətinə müəyyən dərəcədə təsir edəcək: “Təbii ki, bu qərar bizə də təsir edəcək. Biz qazın bir kubmetrini 10 qəpikdən alırdıq. Bizim üçün də tariflər artıb. “Azəristiliktəchizat”ın istehsal etdiyi istilik enerjisində istehlaka görə əsas yeri təbii qaz tutur. Mavi yanacaqdan sonra xərclərin əsas hissəsini elektrik enerjisi xərcləri təşkil edir. “Azəristiliktəchizat” bu təsiri hiss edəcək. Biz növbəti ildə bu təsiri hesablayacağıq. Amma vətəndaşlar üçün istilik sisteminə görə tariflər bir kvadratmetr üçün 15 qəpik qalır. Bizim qurum tərəfindən Tarif Şurasına rəsmi müraciət edilməyib”. 

Müəllif | Apa.Tv
Apa.tv