Ofeliya Sənani: ““Günün ekranı”nı ağlaya-ağlaya oxumuşam”

Ofeliya Sənani: ““Günün ekranı”nı ağlaya-ağlaya oxumuşam”         

 

...Əvvəlcə radio haqqında fikirləşmişəm. Təhsilə gəldikdə isə xarici dil üzrə təhsil almaq istəyirdim. İngilis dilini çox gözəl bilirdim. Hələ orta məktəbdə ikən qızlardan ibarət sinif yoldaşlarımın hamısı bizə gələrdilər. Axundov adına kitabxanadan ingiliscə nağıl kitabları alırdım. Onu özüm oxuyurdum. Bilirdim ki, söhbət nədən gedir. Sonra qızlara tərcümə edirdim. Evdə mən bunlarla məşğul olurdum. Bizim bütün müəllimlərimiz, ümumiyyətlə, məktəbimiz - hamısı bilirdi ki, mən ingilis dilinə gedəcəyəm. Amma səsim də olub. Elə bilirdilər, bəlkə,  müğənni də ola bilərəm. Ailəyə görə mən müğənni olmadım. Atam razılıq vermirdi. Amma ingilis dilini, həqiqətən, ürəkdən sevirdim.

Özümdən asılı olmayaraq, balaca yaşımdan radioya qulaq asmışam, onu sevmişəm. Oradan danışığı, gözəl səsləri eşitmişəm. Fatma Cabbarova, Gültəkin Cabbarlı, Züleyxa Hacıyeva, Sevda Məmmədzadə, Sabutay Quliyev, Aydın Qaradağlı, Ramiz Mustafayev, qəzəl ustası Soltan Nəcəfov... Mən bunlara qulaq asa-asa deyirdim, İlahi, nə gözəl insanlar var, nə gözəl səslər var, bu insanlar dinləyicini necə cəlb eləyə bilirlər. Yəni, bu mətni oxuyanda və yaxud danışanda insan çaşa bilməz, ixtiyarı yoxdur çaşmağa? Anama sual verəndə anam deyirdi: “Dərsini oxu. O sənlik deyil. Böyüyəndə bilərsən, başa düşərsən”. Nə isə, məni dərsdən yayınmağa qoymurdular. İstəyirdilər ki, dərsimi oxuyum.

 

...Sonra radiodakı müsabiqəni eşitdim. Evdə heç kəsə demədim. Radioya gəldim. Biz də köhnə məhəllədə - Azdramanın yanında, Poluxin küçəsində  yaşayırdıq. Oradan da şəhərə çıxış çox yaxın idi. Radio “Prodmağ” deyilən yerdə yerləşirdi, Fioletov küçəsi, 9-da. Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev, qızlar böyük bir zalda, böyük bir masanın arxasında oturmuşdular. Hərəsinin əlində də bir kitab. Kitab əllərindən düşməzdi. Mütaliə çox vacib sayılırdı. Məni də elə öyrətdilər. Deyirdilər ki, mütaliəsiz olmaz. Sənin gözün, gərək, daim sətirlərdə işləsin  ki, sən yaxşı diktor olasan. Məni də güzəştlə işə götürdülər. Dedilər oxumağa hara gedəcəksən?  Dedim Xarici Dillər İnstitutuna. Aydın Qaradağlı dedi: “Xeyr! Xeyr! Nəbadə! Tu, tu, mor edəcəksən, diksiyan təmiz olmayacaq!” Mən də rəyimi dəyişdim. Diktorluğun xətri üçün... Dedi ya Teatr İnstitutuna gedəcəksən, ya da sənin burada işləməyə ixtiyarın olmayacaq. Ümumiyyətlə, səni götürməyə ixtiyarımız olmayacaq. Çünki diplomun yoxdur, məktəblisən. Amma Soltan Nəcəfov, Sabutay Quliyev, Teymur Elçin müsabiqədə mənim səsimə qulaq asdılar, sonra qayıtdılar ki, a bu xəbər oxuyur ki... Heç qımıldanmır, heç çaşmır, həqiqətən. Gətirdilər tanış olmadığım şeir verdilər. Nəbi Xəzrinin şeiri idi, onu oxudum. Soltan Nəcəfov səhifəni qabağıma qoydu. Gördüm qəzəldir. Qəzəli çaşmadan oxudum. Soltan Nəcəfov qayıtdı ki, “məfaülün, məfaülün, faülün” var, onu öyrədərəm sənə, bəzi yerlərdə səhv elədin, eybi yoxdur, ona ixtiyarın var. Onda onuncu sinifdə oxuyurdum. Sentyabr ayı idi. Verilişləri mənə verdilər. Onda nə qədər veriliş var idi... “Pioner şeypuru”ndan tutmuş, “Sağlamlıq” radio jurnalı, “Kənd təsərrüfatı” jurnalı, “Biləyən”, bədii verilişlər, şeirlər... Hamısından oxuyurdum. Özü də  böyük həvəslə. Konsertlər aparanda isə, tutaq ki, Motsartın əsəri 40-45 dəqiqə gedirdi. Motsart gedə-gedə radionun studiyasında otururdum, dərslərimi oxuyurdum, imtahanlara hazırlaşırdım. Beynim də yüngülləşirdi. Radioda belə işləmişəm. Sonra isə avqust ayında filologiya fakültəsinə qəbul olundum, rahatlandım ki, artıq tələbəyəm. Seçimimdən razı da qaldım, çünki radioda qalıb işlədim. Martın 8-də ilk dəfə 17.00 “Xəbərlər”ini oxudum.

 

 

...Ora aktyorlar da gəlirdi.  Əli Zeynalov, Leyla Bədirbəyli, Hökumə Qurbanova kimi aktyorlarla radio tamaşalarda oynamışam. Mən onların səslərindən qidalanırdım. Bir aktyora iki obraz düşəndə o, obraza uyğun səsini dəyişirdi. Sonra Xoruz baba gəldi, Hüseynağa Sadıxov, Leyla Bədirbəyli və mən. Baxıb görürdüm necə xoruz olur, necə toyuq olur, necə qoyun olur. Onları da ondan öyrəndim.

Uzun illərdən sonra Rafiq Savalanın müəllifi olduğu “Biləyən” verilişini apardım. Rafiq Savalan bir müddət “Xəbərlər”də, başqa redaksiyalarda işlədi və nəhayət, “Uşaq” redaksiyasına gəldi və “Biləyən” radio jurnalını açdı. Orada da Sadıq Hüseynov, Rafiq Əzimov və mən o səslərdən istifadə edirdim. Paolo Messinin “Gəlin” tamaşası var idi. Çox faciəli gəlin obrazı idi. Mən görürdüm ki, aktyorlar səslə süni ağlayır, mən özüm ağlayırdım. Tamaşa qurtarandan sonra Əli Zeynalov dedi: “Qızım, daha bu qədər də demədik ki...” Tamaşa istər- istəməz insanı cəlb edirdi. Aktyor oyunu çox güclü idi. Dinləyici hiss eləmirdi ki, bu, radio-tamaşadır, onu heç kim görmür. Mən aktyorların arasında dublyaja gedəndə öz rolumun öhdəsindən çox yaxşı gəlirdim. Bir filmi biz iki həftəyə yazırdıq. Hamı bir yerdə olanda 10 günə filmi təhvil verirdik. Ədil İsgkəndərov həmişə məni tərifləyərdi. Həmişə deyərdi: “Səni başa düşmürəm, sən aktyorsan, ya diktorsan?..”

 

...Mən Valid Sənanidən gözəl redaktəni öyrəndim. Onun çox gözəl xətti var idi,  mirvari kimi... Əlyazmasını götürüb studiyaya girsən, heç vaxt çaşmazdın, çünki çox aydın yazırdı. Mən ora gələndə 10-cu sinif şagirdi idim. Həyat görməmişdim, atam aparırdı, anam gətirirdi. Baxırdım ki, Valid çox diqqətcildir, başımın üstündə dururdu ki, səhv olmasın. Qrammatik səhv olanda və ya ahəng qanunu ilə bağlı yanlışlıq olanda düzəliş edirdi ki, efirdə çaşmayım. Mən ondan çox şey öyrəndim. Sonra gördüm ki, mənə qarşı çox mehribandır, biz ailə qurduq. İnandırım sizi, Valid ailə həyatında da elə idi. Biz mütaliəni çox sevirdik, o da, mən də. Deyirdi, filan qəzetdə filan məqaləni oxumusan? Deyirdim, yemək bişirirəm axı. Deyirdi, əvvəlcə, bunu oxu, sonra yeməyi bişirərsən, sənə kömək edərəm. Özü durub kömək edirdi ki, məqaləni oxuyum. Hətta 16 ildən sonra ki, mən televiziyaya keçdim, onda da materiallarımıza fikir verirdi, yanımızda dayanırdı ki, səhv olar. Həm də dayaq olurdu ki, yorulmayım. Zəhmətin hesabına, ailədə söz-söhbətin olmaması hesabına. Ürəyimdə həmişə şən idim, sənətimi sevirdim. Düzdür, həmişə radionu sevmişəm. Radioda sərbəstlik var, mətnin hansı üslubda oxunmasını özün müəyyən edirsən. 80-120 səhifə material oxuyurdum. Səsim də yorulmurdu, çünki, sevirdim işimi.

 

...İndi də geriyə baxanda fikirləşirəm, görəsən necə çatdırmışam. Yuxu nədir, bilməmişəm. Gecə 11-də zəng edirdilər ki, sabah saat 2-də dublyaja gələ bilərsinizmi? Gecədən artıq işimi bilirdim ki, səhər 7-də işdə olmalıyam, 2-də isə kinostudiyada olmalıyam. Uşaqlarımı təmin edirdim. Düzdür, dayələri var idi, amma mənim bişirdiyim yeməkləri yeyirdilər, mənim yuyub ütülədiyim paltarları geyinirdilər. Mən nə bilim o necə yuyacaq, necə ütüləyəcək, necə bişirəcək... Bilirsiniz, uşaq, gərək, ananın bişirdiyi yeməyi yesin. Anadan qidalansın. Qoy o sevsin ki, bu, anamın bişirdiyi yeməkdir, dayənin bişirdiyi yox.

 

...Kino çəkilişlərində Möhsün Sənaninin mənə çox təsiri var idi. Yumoru sevən adam idi. Filmə çəkilməyə getmişdik, Nalçikdə, Qobustanda, Şamaxıda olduq, hər yerə də ailəsi ilə gedirdi. Şamaxıya isə ailəsi ilə getməmişdi, çünki orada çəkilişlər bir həftəlik idi. Yəni vaxt az idi. Şamaxının havası bir az soyuq idi. O, xəstələndi. Mən də özümlə zoğal mürəbbəsi aparmışam. Səliqə ilə, sahmanla, bankası ilə, nəlbəkisi ilə, qaşığı ilə, dəsmalı ilə... Gördüm, bu belə xəstələnib. Həyətdə də at var idi, mindim o ata, ayaqla getmədim. Qorxurdum axı. Özgə yerdir... At sürməyi öyrənməyim də belə oldu. Filmin rejissoru Kamil Rüstəmbəyov mənə dedi ki, qızım, səni əvəz edən bir adam tapaq, atı sürsün. Arxadan səni çəkək, guya, atı sən sürürsən. Dedim, nə danışırsınız, onu heç mən qoyaram?..  Dedi, qorxuludur, birdən səni yerə çırpar. İşin-gücün var, birdən qabırğan sınar... Dedim, heç nəyim sınmayacaq. Özüm  cıdıra gedib atla tanış olacağam, onu yedizdirəcəyəm. At mənim rəfiqəm olacaq. Elə də oldu. Atı özümə öyrəşdirdim. At çox etibarlıdır. Gözünün qıyığı ilə adama elə baxır ki, elə bil ki, psixoloqdur. Nə isə, mürəbbəmi, stəkanımı götürdüm, ata mindim getdim. Möhsün Sənani məni görəndə təəccüblənib dedi ki, vay, sən bu gecə vaxtı niyə gəlmisən? Dedim, bəs mən eşitdim ki, qızdırmanız var. Onda ailəm var idi. Məni elə o özü bəyənmişdi. Gəlib otağın kəlləsində otururdu, mənə baxırdı, daim izləyirdi. Sonra Validə demişdi ki, çox zəhmətkeş qızdır, çox yaxşı gələcəyiniz olacaq. Həqiqətən, sevirsənsə, evlənə bilərsən...

 

... Mənim içim işlə qaynayırdı. Mən bir dəqiqə sakit otura bilməzdim. Uğur qazanmağın sirri zəhmətdə, bir də sənəti sevməkdədir. Gərək sənətini sevəsən, tənbəl olmayasan. Bu sənət elə sənətdir ki, zəhməti sevir. Bir də istəyir ki, ona sevgin olsun. Sevgin olmasa, o sevgini tamaşaçıya ötürə bilməzsən. Daim, mütləq, gecə də, gündüz də öz üzərində  işləməlisən.

 

... Fatma xanım çox gözəl xörəklər bişirərdi. Züleyxa xanım da, Sevda xanım da həmçinin... Hərə öz yeməyini ortaya qoyurdu. Fatma xanım da şoraba sevən idi. Şorabanı da ortalığa qoyanda istər-istəməz götürürsən. Adamın tamahı düşür. Aydın Qaradağlı deyirdi ki, yeyin, görüm, necə yeyəcəksiniz? Hərənizin əlinə karandaşla bir dəfə vuracağam. Mən belə götürdüm ağzıma qoydum, yedim. Dedi, sən hələ çox cavansan. Səsinin qədrini hələ çox bilməlisən. Bunlar, 15 ildir artıq buradadırlar,  heç olmasa, bir az işləyiblər... Amma sən səsini qorumalısan. Mən, doğrudan da, onda turşu yemədim. Soyuq su içmək, soyuq şey yemək olmaz. Misal üçün, indi işləmirəm deyə baxmıram. Yayda hərdən soyuducudan götürüb meyvə yeyəndə və yaxud da su içəndə, görürəm ki, beş dəqiqədən sonra səs xırıldayır. Düzdür, indi yaş da var...Yaş da ötüb, səs telləri işləmir. Səsimi qoruyurdum...

 

...Qəmgin vaxtlar da olurdu. Qəmgin material olanda onu qəmgin səslə oxuyurdum.1991-ci ildə müstəqilliyimizi qurduq. Amma həm də qurbanların hesabına qurduq. Şəhərimizə tanklar girdi. 20 yanvar qırğını oldu. Mən ona biganə qala bilmirdim. “Günün ekranı”nı mən ağlaya-ağlaya oxumuşam. Yaralananlar, ölənlər çox idi. Bu barədə məlumat  var idi. Mən onları oxuyanda pis oldum...

 

...Oğlum bir yaşında olanda ikitərəfli sətəlcəm olmuşdu. Uşağın gözünün bəbəyi getmişdi. 6 saylı xəstəxanada yatırdı. Mən onun yanında qalırdım.  Baş həkim Tumruz xanım idi. Uşağa baxırdım, ağlayırdım. Bir də gördüm, axşam gəldilər ki, “Mavi işıq” yazılır. Tez ol, gəl. Dedim mən uşağın yanındayam. Mən necə “Mavi işığa” çəkilə bilərəm?..Dedilər, çəkilərsən, heç nə olmaz. Allah Tumruz xanıma rəhmət eləsin. O gəldi, qayıtdı ki, ay Ofeliya, biz səni həmişə gülərüz, şən görmüşük. Sən bizə enerji vermisən. Ömrümüz boyu biz səndən zövq almışıq. Yorğun olanda yorğunluğumuz çıxıb sənə baxanda. Sən indi göz yaşı tökürsən, sənə yaraşmır axı... Mən oturacağam sənin uşağının yanında. Burada ütü də var, paltarı da gətir burada ütülə. Fen də var, saçını da dara, lazım gəlsə, başqa şeylər də var. Mən otururam sənin uşağının yanında, nigaran qalma. Baş həkimdə insanlığın dərəcəsinə bax!.. Mən bunu heç vaxt yadımdan çıxartmaram. Allah ona rəhmət eləsin. Xalqın sevgisi həmişə mənə dayaq olub. Mən ki, xalqımı, həddindən artıq çox sevmişəm, mənə elə gəlir ki, xalqım mənim içimdir, mənim canımdır, ürəyimdir. Bəlkə də, Tumruz xanım həmin sevgi idi ki, mənə qaytarırdı... Paltarımı gətirdilər. Ütülədim, geyindim. Validə zəng elədim. Dalımca gəldi. Məni xəstəxanadan götürdü. Gəldim “Mavi işığı” lentə yazdıq. Gecə saat 3-dür. Çəkiliş hələ qurtarmayıb. Ürəyim qalıb uşağın yanında. Mənim o cür ağlamış gözlərimdə bir parıltı əmələ gəldi, bir sevinc gülüşləri oldu ki... Axı mən bununla yaşamalıyam. Yaşamasam, alınmazdı. Mən o sözləri qəlbimə saldım. O sözlərlə yaşadım və bəxtəvər bir insan oldum. Mən kameranın qabağında bəxtəvər insan idim. Amma kənarda itkimiz də olurdu. Anamızı, atamızı da dəfn eləmişik. Yaxın qohumlarımız da dünyanı tərk edib. Heç birinə biganə qala bilməmişəm. Hönkürtü ilə ağlamışam. Amma o yasdan çıxıb efirə gedəndə, kamera qarşısında olanda mən hər şeyi unudurdum...

 

...Cavan yaşımdan ikinci qrup əliləm. Bir böyrəyim işləmirdi. 220 təzyiqlə “Günün ekranı”nı oxumuşam. Yanımda ya Davud olub, ya Sabirlə oxumuşam. Demişəm ki,  siz Allah, qurban olum, məni izləyin ha, başım fırlanır, təzyiqim yüksəkdir. Yarım saatın içində halım dəyişib. Kim gəlib əvəz eləyəcək məni? Deyirdim, məni izləyin. Görsəniz ki, hansı cümlədəsə “hıqq” elədim, nə olar, təbii şeydir, oradan kağızı götürün, qoyun qabağınıza, özünüz oxuyun. Mən cavabdeh olaram. “Günün ekranı”nı oxuyub çıxandan sonra deyirdilər ki, bizə badalaq gəlirdin? Əsəbdən ölürəm, deyir, mənim fikrim qalırdı sənin yanında ki, indi birdən çaşarsan... Fikrim sənin yanında qalanda mən öz mətnimi də itirirdim. Deyirdim, vallah, məni bağışlayın da, hər ehtimala qarşı, Sizdən xahiş etmişdim ki, halım pis olsa, mənə kömək edəsiniz. Amma mətni elə ürəklə oxuyub çıxırdım ki, heç kəs onu hiss eləmirdi. Valid maşınsız olanda bəzi vaxtlar yaz havasında, deyirdik, səhərdən axşama qədər studiyadayıq da, bir az ayaqla yeriyək. Valid taksini tutanacan  qan təzyiqinin yüksəkliyindən aşırdım yerə. Onu tamaşaçıya bildirə bilmərəm axı... Heç kəs onu bilmirdi. Heç idarəmiz də bilmədi ki, mən ikinci qrup əliləm. Mən o sənədi verməmişdim ki, heç kəs bilməsin. Niyə desinlər ki, ay yazıq, niyə bu cavankən belə xəstələndi. Olmaz. Biz xalqa sevinc gətirmək üçün yaranmışıq. Onu gülər üzlə salamlayaq ki, dərdi, qəmi varsa, unutsun. Şəhidləri görəndə mən ağlayıram. O anaların dərdinə evdə ayaqüstə şərik oluram. Televizorun qabağında dayanıram. O ana ağlayırsa, mən onunla bərabər ağlayıram. Qoy o analar bilsinlər ki, onların da dərdinə şərik olanlar var.

 

...Sənətdə qazandığım hansı keyfiyyətlər xarakterə çevrilib? Əlbəttə, ki, məsuliyyət! Mən biləndə ki, sabah toya gedəcəyəm, inanın, Vallah, geyinə bilmirəm. Axı yadırğamışam. Bu bir. Yaş da gəlib üstünə, yorulmuşam.  Biri deyəndə ki, gəl, veriliş var, qalıb ortalıqda, mən işimi- gücümü, bilirsiniz necə atırdım... O verilişə, bu verilişə qaça- qaça gedirdim. Bilirsiniz necə?.. Elə bil ki, bayramdır mənim üçün. Amma, gərək, insan özü ilə işləməyi, özünü döndərməyi bacarsın. Mən elə olmuşam.

 

... Mənim  evimdə indi də 4 saat var. Bilməliyəm ki, neçə dəqiqəyə iş görürəm.Yataq otağında üç yerdə saatım var. Sağa dönəndə də saatı görməliyəm, sola dönəndə də saatı görməliyəm, üzbəüzdə də həmçinin. Bir radio mətbəximdə var, bir radio oturduğum otaqda. O orada danışır, bu burada danışır. Bir televizor bütün günü olduğum otaqda işləyir, orada da mütləq xəbərlərə qulaq asmalıyam, verilişlərə baxmalıyam.

 

... Mənim gənclərə sözüm budur ki, məsuliyyətsiz olmasınlar. Məsuliyyət daim onları izləsin. Onda insan rahat olur. Əzab çəkmirsən. O məsuliyyətə görə yaşayırsan. O məsuliyyəti hiss eləyib, ona köklənirsən. Bir var ki, gecikəsən, gedəsən üzün danlana. Bir də var ki, özün məsuliyyətlisən. Özün öz hərəkətinlə elə eləyirsən ki, vaxtında işdə olursan. Bir də gənclərə tövsiyəm odur ki, işlərini sevib gəlsinlər. Sənəti ürəklərində yaşatsınlar. Aparıcı olanda nə olar ki, onlar da diktor kimi mətn oxuyurlar, xəbər oxuyurlar. O, diktorluq deyil, bəs nədir?.. İndi deyirlər, diktorluq sənəti moddan düşüb. Aparıcılıq dəbdədir. Xəbər oxumaq  nədir bəs?.. Onlar da vaxtında işə gəlməli, materialla, xüsusən siyasi mətnlərlə tanış olmalıdırlar. Bəzən siyasi səhvlərə yol verilir. Vurğular səhv olur. Bizdə Ramiz deyərdi: “Oppuli, Oppuli, lüğətə bax. Lüğəti yanında saxla a...  Çünki “Xəbərlər”ə gedirsən, yarım saatlıq, 20 dəqiqəlik “Xəbərlər”ə. Biz axı bilmirik onun içində nə var... Həmkarın oxuya-oxuya öz səhifənə göz gəzdir, xarici adlar varsa, tez vurğulara bax ki, səhv getməsin. Misal üçün, bizdə o dövrdə heç vaxt səhvlər olmayıb. Tələbkarlıq güclü olub. Senzura da olub. Düzdür, indi elə zəmanədə yaşayırıq ki, senzura lazım deyil. Amma  insan özü-özünün senzoru olmalıdır. O məsuliyyəti özün hiss eləməlisən...

Müəllif | Apa.Tv
Apa.tv