Vergi Məcəlləsinə dəyişikliklərin səmərəsi nə olacaq? - Ekspert rəyi

“Vergi Məcəlləsinə dəyişikliklər 3 istiqamət - vergi inzibatçılığı, vergi ödəyicilərinin bir sıra hüquqlarının genişləndirilməsi və vergiyə cəlb etmə, o cümlədən vergi güzəştləri və azadolmalarla bağlıdır”.

 

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Rəşad Əliyev deyib. Buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 3 il artırılmasının təklif olunduğunu deyən R. Əliyev bildirib ki, dəyişikliklərdə ölkədə quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur: “Güzəştlərin olduğu mal qrupuna quş əti də daxil edilib. Bunu biz ilk dəfə görürük. Təkliflərdə quş ətinin istehsalı və təkrar satışı 3 il müddətinə ƏDV-dən azad edilməsi öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, əvvəllər quş ətinin istehsalı kənd təsərrüfatı təyinatlı hesab edildiyindən quş ətinin istehsalı ƏDV-yə cəlb edilmirdi. Yeni qaydalara əsasən artıq quş ətinin təkrar satışı da ƏDV-dən azad olunacaq. Yəni, quş ətinin istehsaldan başlayaraq tam satışına qədər bütün zəncir ƏDV-dən azad olunacaq. Quş ətinin ƏDV-dən azad olunması bu məhsulun satışı ilə məşğul olanlar və istehlakçılar üçün çox əhəmiyyətlidir. Bu addımla quş ətinin bahalaşmasının qarşısı alınacaq. Son nəticədə istehlakçılar udacaq. Çünki, hər hansı bir mağaza və supermarketdən quş əti alanda bu məhsul üzrə ƏDV tutulmayacaq. Bu dəyişikliyi sosial addım kimi də qiymətləndirmək olar”.

 

R.Əliyev aqrar məhsulların pərakəndə satışı ilə məşğul olanlardan ƏDV-nin ticarət əlavəsindən tutulması da müsbət qiymətləndirir: “Bilirsiniz ki, kənd təsərrüfatı məhsulu istehsal edənlərdən ƏDV tutulmurdu. Ancaq ticarət şəbəkələri bu məhsulları alanda onun üzərinə ƏDV gəlirdi. Ancaq yeni dəyişikliklərdə təklif olunur ki, bu məhsullardan ƏDV alış ilə satış arasındakı fərqdən tutulsun. Bu dəyişiklik supermarketlərdə satışın stimullaşdırılmasına xidmət edəcək. Çünki, məhsulun üzərinə daha az faizin gəlinməsi ticarət üçün faydalı addımdır. Bu sahibkarlarla yanaşı, istehlakçılar üçün də xeyirlidir”.

 

R.Əliyev hesab edir ki, kənd təsərrüfatı məhsullarının ƏDV-dən azad olunması fəaliyyətini şəffaf şəkildə quran ticarət şəbəkələrində qiymətin azalmasına səbəb olmalıdır. 

 

Vergi Məcəlləsində təklif olunan digər dəyişikliklərə əsasən bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir. Aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanların əvvəllər də vergiyə cəlb olunduğunu deyən  iqtisadçı-ekspertin fikrincə, o zaman bu şəxslərin vergiyə cəlb olunmasında müəyyən problemlər meydana çıxırdı: “Çünki, bu cür vergi ödəyicilərinə nəzarət çox çətin idi. İndi onlara təklif olunur ki, bu fəaliyyətlə məşğul olanlar sabit vergi ödəsinlər. Məsələn, çalğıçılar, aparıcılar, aşıqlar üçün sabit vergi məbləği 30 manat müəyyən edilib. Bu məbləğlərə şəhər və rayonlar üzrə əmsallara vurulmaqla vergi ödəniləcək. Bu vergi sistemi çox güzəştlidir”.

 

R.Əliyev əlavə edib  ki, torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyinin notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməsi də planlaşdırılır. Onun fikrincə, torpaq sahələrinin satışının sadələşdirilmiş vergiyə cəlb olunması vergidən yayınmanın qarşısını alacaq.

 

Mütəxəssis kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəalar daxil edilməsini də müsbət qiymətləndirir: “Əvvəllər vergi bəyannaməsi təqdim ediləndən 5-6 ay sonra vergi ödəyicisindən əlavə sənəd tələb olunurdu və ya uyğunsuzluq olanda əlavə vergilərin ödənilməsi tələb edilirdi. Bəyannamənin təqdim olunmasından uzun müddət keçəndən sonra sənədlərin və verginin tələb olunması bir çox vergi ödəyicisində narazılıq yaradırdı. Amma bu o demək deyil ki, vergi ödəyicisi vergidən yayına biləcək. Vergi orqanları uyğunsuzluq aşkar etdikdə yoxlama apara bilər. Vergilər Məcəlləsinə təklif olunan daha bir dəyişikliyə könüllü vergi açıqlayanlara maliyyə sanksiyaları tətbiq edilməyəcək”.

 

R.Əliyev hesab edir ki, elektron qaimələrin tətbiqi də vergi ödəyicilərinin işini asanlaşdıracaq: “Vergi ödəyicisi bu yenilikdən sonra heç bir yerə kağız qaimələri təqdim etməyəcək. Bu vergi ödəyicisinin vaxt itkisinin qarşısını alacaq. Elektron sistem tətbiq olunandan sonra sui-istifadə hallarının da sayı azalacaq”.

 

 

Müəllif | Apa.Tv
Apa.tv