Subasma problemi ilə əlaqədar yol xəritəsi hazırlanacaq
“Fövqəladə Hallar Nazirliyinin səlahiyyətləri və vəzifələri çox genişdir. Nazirliyin səlahiyyət və vəzifələrindən biri də texnogen və ekzogen hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Heydər Əliyevin dediyi kimi təbii fəlakətlərin qarşısının alınması onların nəticələrinin aradan qaldırılmasından daha asan, daha yüngüldür. Fövqəladə Hallar Nazirliyi 11 il ərzində fəaliyyətini Heydər Əliyevin bu müdrik sözlərinin əsasında qurmağa çalışıb”.
Bunu “Sosium” proqramının qonağı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, nazirlikdə təbii fəlakətlərin öncədən xəbərdar edilməsi və qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq qurumlar və bölmələr fəaliyyət göstərir: “Təbii fəlakətlərin təsirlərini minimuma endirmək və azaltmaq üçün kifayət qədər qabaqlayıcı tədbirlər görməyə çalışırıq. Amma dünya miqyasında belə təbiətin bütün şıltaqlıqlarına qarşı tam hazır olmaq, təsirini tam sıfıra endirmək mümkün deyil. Bu hadisələrə də hazır olmalı və baş vermiş hadisələrin nəticələrini aradan qaldırmalıyıq”.
E.Əsədov bildirib ki, təbii və texnogen proseslər zamanı nazirliyin xüsusi riskli xilasedici qüvvələri ilk növbədə hadisənin miqyasını qiymətləndirir, təxirə salınmaz xilasetmə işləri aparırlar: “Sonra nazirliyin digər mütəxəssisləri hadisə yerinə yetişirlər. Onlar tərəfindən də hadisənin miqyasının və təhlükəsinin qiymətləndirilməsi işləri aparılır. Bundan sonra nazirliyin digər qurumları tərəfindən baş vermiş hadisənin həm maddi, həm də texniki nöqteyi-nəzərdən qiymətləndirilməsi işləri davam etdirilir. Bu qiymətləndirmələr nəticəsində sonradan nazirliyin müvafiq qurumları tərəfindən hadisələrin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planı hazırlanır və bu plan üzrə işlərə başlanılır”.
FHN rəsmisi əlavə edib ki, şəhər təsərrüfatında da insanlar bir çox texnogen və ekzogen hadisələrlə qarşılaşırlar. E.Əsədov qeyd edib ki, bəzi insanlar bu hadisələr zamanı hansı quruma müraciət edəcəklərini bilmir: “Nəzərə almaq lazımdır ki, şəhər təsərrüfatının bütün sahələrində, insanların həyat fəaliyyətində qarşılaşdığı problemlərin aradan qaldırılması üçün müxtəlif təşkilatlar, idarələr, qurumlar var. Vətəndaşlar ilk növbədə bu hadisələrin baş verdiyi sahə üzrə cavabdeh qurumlara müraciət etməlidir. Çünki, onlar birbaşa öz sahələrinin normal fəaliyyətinə cavabdehdirlər. Təbii ki, çox böyük, genişmiqyaslı hadisələr baş verdikdə və ya təxirəsalınmaz xilasetmə işləri tələb olunduqda, birbaşa Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına, qaynar xəttinə müraciət etmək olar. İnsanlar ya məlumatsızlıqdan və yaxud digər qurumların fəaliyyətinə daha az ümidlə yanaşdığından çox adi hadisələr zamanı da Fövqəladə hallar nazirliyinin 112 xidmətinə müraciət edirlər”.
Məhz bu səbəbdəndir ki, 2016-cı ilin 11 ayı ərzində “112” çevik reaksiya xidmətinə 3 milyon 505 min 344 müraciət daxil olub: “Müqayisə üçün belə misal çəkim. Demək olar ki, Bakı şəhərinin hər bir sakini “112” xidmətinə iki dəfə müraciət edib. Bu müraciətlərdən yalnız 46 min 212-si “112” xidmətinin, bizim nazirliyin qurumlarının müdaxilə edə biləcəyi və tədbir görəcəyi işlərlə əlaqədardır. Bu müraciətlər daha çox Dövlət Yanğın Mühafizə Xidməti ilə bağlı olur. Çünki, yanğın zamanı “112” xidmətinə dərhal müraciət olunmalıdır. Bundan başqa, qaynar xəttə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə aid olan məsələlər, torpaq sürüşməsi, uçqun hadisələri, xüsusi riskli xidmətə aid müraciətlər daxil olur. Digər 3 milyon 450 minə yaxın müraciət isə nazirliyin səlahiyyətlərinə aid deyil. İnsanlar hüquq və vəzifələrini bilmədiyindən və yaxud hansı hallarda hansı quruma müraciət edəcəyini bilmədiyindən “112” xidmətinə üz tutur. Bu da təbii ki, bizim müvafiq qurumların işinin çoxalmasına və ya qurumlarımızın özlərinə aid olmayan sahələrə yönəlməsinə səbəb olur”.
E.Əsədov intensiv yağışlar zamanı yollarda suyun yığılması və keçilməz olması məsələsinə də toxunub: “Noyabr ayının əvvəllərində başlayan yağışlar uzun müddət bütün respublika ərazisində davam elədi. Bakı şəhəri ərazisində 4 gün ərzində, 14-18 noyabrda arasında yağış yağdı və şəhərin yolları, avtomobil və piyadaların hərəkəti iflic vəziyyətə düşdü. Bu, təkcə şəhərətrafı kəndlərdə deyil, hətta şəhərin mərkəzi küçələrində də müşahidə olundu. Hadisənin bu miqyasda baş verməsi dövlət başçısını da narahat elədi, bu hadisənin səbəblərinin araşdırılması, nəticə çıxarılması və vəziyyətin düzəlməsi ilə əlaqədar sərəncam imzaladı. Bu niyə baş verir? İlk növbədə qeyd edim ki, Bakı şəhərinin mərkəzi hissəsi, Bayıldan, Yasamal, Binəqədi rayonun ərazisindəki Azadlıq prospektindən başlayaraq Ziya Bünyadov prospekti, Zığ da daxil olmaqla 8 km qəsəbəsi, Əhmədli və Günəşli qəsəbələri əsasən yeraltı kanalizasiya kollektorları və su qəbul edən sistemlə təmin olub. Yəni, şəhər ərazisində yağış sularının kənarlaşdırılması üçün kanalizasiya sistemi mövcuddur. Gənclik metrosunun ətrafı, Nəriman rayonun bir hissəsi, Montin qəsəbəsində yağış kollektorlarının çatışmadığı ərazilərdəndir. Digər hissələrdə yaşayış zonalarında kanalizasiya kollektorları vardır. Bakı şəhərinin mərkəzi hissəsində 16 kollektor var ki, onlar əsasən 1920-50-ci illərdə tikilib. Bu kollektorlar çox keyfiyyətlə tikilib, onların diametrləri, en kəsikləri kifayət qədər yüksəkdir. Betonlardan ibarət tunel üsulu ilə tikilmiş bu kollektorlarda insanlar hətta sərbəst gəzə bilirlər. Bu kollektorlar bu gün də işlək vəziyyətdədir. Lakin, digər küçələrdən suları yığıb bu 16 kollektora gətirən 250 metrlik borular və həmin boruların üzərində suqəbuledici barmaqlıqların istismar qaydaları pozulur, bu barmaqlıqlara vaxtında xidmət göstərilmir. Müəyyən illərdə şəhərin küçələri təmir olunarkən onların böyük bir qismi asfalt altında gizlədilib. Həmin barmaqlıqların heç biri iri, bərk qurğuları tutub saxlayan qurğularla təmin olunmayıb. Yağış barmaqlıqlarına vaxtında xidmət göstərilmədiyindən şəhərin küçələrində, hətta mərkəzi küçələrdə də subasma hadisələri ilə üzləşdik. Qeyd etmək lazımdır ki, yağış sularının kənarlaşdırılması üçün kollektorlar, kanalizasiya sahəsi layihələndirilərkən onlar beş il ərzində, 20 dəqiqə müddətində güclü leysan yağışına görə hesablanır. Həmin günlərdə Bakıda yağışlar uzun müddətli olsa da, leysan xarakteri daşımayıb. Yağış sularının kənarlaşdırılması sistemi normal işləsə idi, onlara normal xidmət göstərilsəydi, Bakı şəhərində subasma halları baş verməzdi”.
E.Əsədov vurğulayıb ki, Bakı şəhərindən fərqli olaraq Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə yollarda su yığılıb qalmasının əsas səbəbi bu yaşayış məntəqələrində yağış sularını kənarlaşdıran sistemin olmamasından qaynaqlanır: “Bakı şəhərinin mərkəz hissəsinə aid olan problemlərdən danışdım. Ancaq tək Bakı deyil, biz bu problemi Abşeron ərazisi və Bakı ətrafı yaşayış məntəqələrində, kəndlərdə də gördük. Bu ərazilərdə yağış sularını kənarlaşdıran sistem yoxdur. Hətta bir çox ərazilərdə heç fekal suların da kənarlaşdırılması üçün kanalizasiya xətləri yoxdur. Lakin bu, tək səbəb deyil. Son illərdə Bakı ətrafı kəndlərdə kütləvi şəkildə icazəli və icazəsiz çoxlu tikinti işləri aparılıb. Bu tikinti işlərinin əksəriyyətinin plansız şəkildə, ərazilər əvvəlcədən planlaşdırılmadan, baş plansız, mühəndis hazırlıq işləri aparılmadan həyata keçirilməsinə icazə verilib və yaxud icazə verilməyən hallarda göz yumulub ki, insanlar orda yaşayış massivləri salıb. Ona görə də yağış sularının kənarlaşdırılması məsələsi həll olunmamış qalıb. Bundan əlavə, həmin yaşayış massivində yaşayan insanların istehlak etdiyi suların axıdılması üçün yer olmadığından bu sular əlavə olaraq yeraltı su tutarlarına yönəldilib ki, bu da torpağın həddən artıq su ilə doymasına və yağış sularını qəbul edə bilməməsinə gətirib çıxardıb”.
FHN rəsmisi deyib ki, dövlət başçısının fərmanından sonra intensiv yağışlar zamanı yollarda suyun yığılıb qalmaması üçün müvafiq işlər aparılır. Onun sözlərinə görə, artıq dövlət komissiyasının işçi qrupunun nəzdində ekspert qrupları yaradılıb. E.Əsədov qeyd edib ki, ekspert qrupları tərəfindən Bakı şəhəri ərazisində, ətraf kəndlərdə yaşayış məntəqələrində baş verən subasma hadisələrinin və ərazilərinin hər biri qeydə alınır. “Mütəxəssislər tərəfindən bu hadisələrin hər birinin qarşısının qlınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün mühəndisi təkliflər verilir. Biz yaxın 1 ay müddətində bu tədbirlər və müayinə işlərini başa çatdırmağı düşünürük. Bundan sonra mütəxəssislər müəyyən edilmiş bu faktların aradan qaldırılması və gələcəkdə daha geniş miqyaslı tədbirlərin həyata keçirilməsi üçün bir yol xəritəsi hazırlayacaq. Bu yol xəritəsi üzrə biz işləri davam etdirəcəyik”, - deyə E.Əsədov vurğulayıb.
Ölkədə yeni tikililərin keyfiyyətinə gəlincə, E.Əsədov bildirib ki, artıq bu sahədə vəziyyət qənaətbəxşdir: “2007-ci ildə Bakı şəhərində Yasamal rayonu, Naxçıvani küçəsində çox böyük texnogen bir qəza baş verdi. Tikintisi tam başa çatmamış 16 mərtəbəli bina uçdu. Onun altında 24 vətəndaşımız həlak oldu. O zamandan keçən müddət ərzində insanlarda Bakı şəhərində və respublikamızda aparılan tikinti işlərinin keyfiyyəti, bu hadisənin təkrarlanması ilə bağlı xof qalıb. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, respublika ərazisində aparılan bütün tikinti işləri, obyektləri tərəfimizdən dövlət nəzarəti ilə əhatə olunub. Tikintidə müxtəlif nəzarət formaları var. Bunlardan birincisi, müəllif nəzarətidir. Bu, tikinti layihəsini hazırlayan müəssisə, onun mütəxəssisləri tərəfindən aparılan nəzarətdir. Bu nəzarət tikinti işlərinin layihəyə uyğunluğunu təmin edir. Eyni zamanda, tikinti ilə məşğul olan şirkətinin də özünün daxili nəzarət funksiyası var ki, bu, operativ nəzarət adlandırılır. Bu nəzarəti tikinti şirkətinin özü həyata keçirir. Bundan başqa, tikintiyə texniki nəzarət mövcuddur. Tikintiyə texniki nəzarət tikintinin sifarişçisi tərəfindən həyata keçirilir. Tikinti sifarişçisi sifariş etdiyi layihənin podratçı şirkət tərəfindən necə yerinə yetirilməsi məqsədi ilə texniki nəzarət aparır. Tikintidə dövlət nəzarətinin ən birinci funksiyası tikinti üzərində sadalanan 3 nəzarət formasının təmin olunmasıdır. Biz ilk növbədə tikintilərlə əlaqədar bu 3 nəzarət formasının aparılmasını tələb edirik. Hər bir tikili bu nəzarət formaları ilə təmin olunmalıdır. Dövlət nəzarətinin digər funksiyası tikinti prosesinin ilk layihələndirmə mərhələsindən başlayaraq istismara verilməsi mərhələsinədək tikintiyə nəzarət etməkdir. Layihələndirmə mərhələsində işlənmiş layihələr bizim agentliyin nəzdində olan Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur. Bu idarədə layihələrin tikinti norma və qaydalarına uyğunluğu, dayanıqlığı, etibarlılığı yoxlanılır, bizim ekspertlər tərəfindən layihə ekspertizadan keçirilir və rəy verilir. Yəni, biz layihə mərhələsində artıq nəzarəti həyata keçiririk. Tikinti başladıqdan sonra bütün tikinti şirkətləri, investorlar bizə müraciət edərək bizdən dövlət nəzarət jurnalı alırlar. Biz artıq tikinti müddətində ilk gündən başlayaraq, tikintinin başa çatdığı müddətə qədər mərhələlərlə bu tikinti işlərini qəbul edir və sonrakı mərhələyə keçid üçün icazə veririk. Bünövrə mərhələsində, hər bir mərtəbə bitdikdən sonra, bizim müfəttişlər tərəfindən tikinti ziyarət olunur və tikinti işlərinin keyfiyyəti, nəzarət funksiyalarının yerinə yetirilməsi yoxlanıldıqdan sonra növbəti mərhələyə keçid üçün icazə verilir. Tikinti başa çatdıqdan sonra bizim mütəxəssislər tərəfindən yenə də birbaşa sınaq işləri, tikintinin bütün sənədləri yoxlanılır. Torpaq altında qalmış gizli işlərin aktları yoxlanılır və bundan sonra istismara hazırlıq aktı yazılır. Bütün bunlardan sonra digər orqanlar tikintinin istismarına icazə verə bilirlər. Bir sözlə, tikinti bütün mərhələlərdə nəzarət ilə təmin olunur. Vətəndaşlarımıza tam əminliklə deyə bilərəm ki, 2007-ci ildən sonra tikilmiş istənilən binada çox rahatlıqla mənzil ala bilərlər, onların heç birində təhlükəsizlik, dayanıqlıqla bağlı problem yoxdur”.
E.Əsədov əlavə edib ki, nazirlik tikinti norma və qaydalarının yenidən işlənilməsi, milli normativ texniki bazanın yaradılması ilə məşğul olur: “2012-ci ildə Azərbaycan Respublikasının yeni Şəhərsalma və Tikinti Məcəlləsi hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə məcəllə 2013-cü il yanvarın birindən qüvvəyə minib. Milli Məclisin müvafiq idarə və şöbələri, Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və bir çox qurumların mütəxəssisləri bu məcəllənin hazırlanmasında iştirak ediblər. Eyni zamanda, məcəllə hazırlanarkən Avropa və possovet ölkələrinin yeni tikinti qanunvericiliyi öyrənilib. Mən də bu məcəllənin müəlliflərindən biriyəm. Bu məcəllənin hazırlandığı vaxt Almaniyanın, Macarıstanın, Latviyanın, Avstriyanın və bir çox başqa ölkənin tikinti sahəsində son qanunvericilik nailiyyətləri ilə tanış olmuşuq. Tam mütərəqqi halların bizim məcəllədə öz əksini tapmasına çalışmışıq. Məcəllənin hazırlanmasında Almaniya mütəxəssisləri birbaşa məsləhətçilərimiz olub. Bu məcəllədən irəli gələn 37 normativ hüquqi akt, qayda hazırlanıb, Prezident İlham Əliyevin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə qüvvəyə minib. Bu proses daim davam edir. Biz son vaxtlara qədər sovet dövründən qalmış tikinti normaları ilə işləyirdik. Artıq bir müddətdir ki, sovetdən qalan tikinti norma və qaydalarının yenidən işlənilməsi, milli normativ texniki bazanın yaradılması ilə məşğuluq. Bu sahədə də bəzi hallarda possovet məkanından çıxmış ölkələrin və Avropa dövlətlərinin təcrübəsinə müraciət edirik. Son illərdə normativ texniki bazanın yenilənməsi üzrə çox böyük işlər gedir. 100 dən artıq dövlət standartı yenilənib, 50 dən artıq Azərbaycan dövlət tikinti norması yaradılıb. Bu istiqamətdə işlər davam edir. Qeyd etməliyəm ki, Azərbaycan qanunvericiliyi və milli tikinti normaları beynəlxalq normalarla birlikdə Azərbaycan ərazisində paralel olaraq tətbiq olunur. Bir çox hallarda digər ölkələrdən olan investorlar bəzən öz layihələri ilə gəlirlər. Onların layihələri təbii ki, Avropa standartlarına uyğundur. Biz belə investorları Azərbaycandan qaçırmamaq üçün bu yolu tutmağa məcburuq. Amma hər bir halda bu layihələr ekspertiza mütəxəssisləri tərəfindən bizim normalara uyğunlaşdırılır, ekspertizadan keçirilir. Məcəllədə təbii ki, bütün halları əks etdirmək mümkün deyil, gələcək üçün nəzərdə tutulmuş işlər öz əksini tapsa da, keçmişdən yığılıb qalmış bəzi problemlərimiz mövcuddur. Onlardan biri son illərdə, son 10-15 il ərzində, bəzi hallarda icazəli, bəzi hallarda isə heç bir icazə sənədi olmadan inşa edilmiş və bu gün də istismar olunan, fəaliyyətdə olan kiçik həcmli obyektlərlə əlaqədardır. Bu da müəyyən sosial problemlərə səbəb olur. İstismara qəbul olunmamış, dövlət tərəfindən istismar aktı verilməmiş obyektlər istismar olunur, onlarda təhlükə olub-olmadığı bizə məlum deyil. Heç kim bizə bu tikintilərin normativlərə əsasən inşa olunması ilə bağlı zəmanət verə bilməz. Bu tikililərdə uçma hadisələri baş verə bilər, insanlar üçün orda təhlükə mövcuddur. Bu obyektlər üzərində sənəd olmadığına görə, onlar mülkiyyət hüququna malik deyil. Buna görə də onlar əmlak, torpaq vergisi də ödəmirlər. Bunları nəzərə alaraq dövlət başçısı tərəfindən 2016-cı ilin may ayında bir sərəncam imzalanıb. Bu sərəncam ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan və müəyyən parametrlər çərçivəsində vaxtı ilə icazəli və ya icazəsiz inşa olunmuş, lakin tikintiyə istismar aktı və icazəsi olmayan obyektlərin sadələşdirilmiş istismara qəbulunu nəzərdə tutur. Bu da insanların normal fəaliyyətinə xidmət edir. Bugünkü fürsətdən istifadə edərək, belə obyektlərin sahibi olan və ya belə obyektlərdə fəaliyyət göstərən insanlarımıza üz tuturam ki, siz bu obyektlərlə əlaqədar əlinizdə nə sənədlər varsa, onları toplayaraq Fövqəladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərsiniz. Agentliyin mütəxəssisləri tərəfindən sizin obyektləriniz müayinə olunacaq. Əgər orda çalışan və ora gələn insanlar üçün təhlükə olmayacaqsa, sizin obyektləriniz çox sadələşdirilmiş bir qaydada, qısa müddət ərzində istismara icazə qəbul haqqında sənədlə təmin olunacaq”.