Azərbaycanda zəlzələ gözlənilirmi? - QURBAN YETİRMİŞLİ
“Azərbaycandakı ənənəvi zəlzələ ocaqlarında zəlzələ baş verəcəyini demək gülüncdür. Çünki Azərbaycan seysmik aktiv zonada yerləşir. Burada Abşeron ocağı, Gəncəbasar zonası, Şamaxı, Şəki-Zaqatala, Dəvəçi-Siyəzən və s. seysmik regionlar var. Açıqlanan həmin cədvələ görə, bütün Azərbaycan ərazisində zəlzələ olacaq. Bu, mümkün deyil”.
Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Əhali arasında narahatçılığa səbəb olan 2014-cü il üçün seysmik proqnoz cədvəlini elmi cəhətdən əsassız hesab edən Qurban Yetirmişli respublikanın seysmoloji vəziyyətinin daim diqqət mərkəzində olduğunu bildirib: “Azərbaycanda demək olar ki, hər gün zəlzələ baş verir, sadəcə, hiss olunmur. Hal-hazırda respublikanın seysmik durumu fon səviyyəsindədir. Həmin siyahıya gəldikdə isə, bu real deyil. O siyahıya görə Rusiya təhlükə vəziyyətdə deyil. Amma nəzərə alsaq ki, Rusiya ən böyük ərazisi olan dövlətdir. Bu ərazidə çox güclü zəlzələ ocaqları var. Təkcə Sakit okean yaxınlığında həmişə aktiv olan çoxsaylı bölgə var. Bu boyda ərazidə heç zəlzələ olmayacağını demək inandırıcı deyil. Həm də bu zaman təkcə zəlzələ yox, onun nə qədər çəkəcəyi də önəmlidir. Bir dəqiqə davam edən zəlzələ inanılmaz dağıdıcı gücə malik ola bilər. Məsələn, 2000-ci ildə Bakıda baş verən zəlzələ 12 saniyə çəkmişdi. Bu qısamüddətli prosesin proqnozunu qabaqcadan müəyyənləşdirmək mümkün deyil. Əgər diqqət yetirsəniz, görərsiniz ki, inkişaf etmiş ölkələrdə seysmoloji mərkəzlər zəlzələ ocaqlarını nəzarətdə saxlayaraq onun dağıdıcı gücü, minimum seysmik riski barədə təxmini məlumat verir, dəqiq bal gücü barədə heç nə demirlər”.
Qurban Yetirmişlinin fikrincə, Azərbaycanda zəlzələnin olmayacağını demək də real deyil: “Zəlzələ həmişə olub, olacaq və olmalıdır. Son 10 ayda Azərbaycan ərazisində 5000-dən çox təkan qeydə alınıb. Lakin bunların cəmi 10-a qədəri hiss olunub. Qalanları zəif təkanlar olduğundan hiss olunmayıb. Yaxın müddət üçün Azərbaycanda güclü təkan olmayacaq”.
Əslində, zəlzələnin gücü anlayışının özünün də dəqiq olmadığını deyən Qurban Yetirmişli Yaponiyada baş verən zəlzələni buna misal göstərib: “Zəlzələ yerin dərin qatlarında baş verən prosesdir. Bu plitələrin hərəkəti də ola bilər, qazların yerdəyişməsi də, bir neçə blokun birdən hərəkəti də. İndiyə qədər 9 ballıq zəlzələnin dağıdıcı gücünün böyük olması göstərilirdi. Lakin Yaponiyada baş verən zəlzələdə 4 plitənin qırılması baş verdi. Yer üzündə bu qədər böyük zəlzələ baş verməmişdi. Ola bilər ki, hansısa ocaqda aktivlik olsun, lakin kiçik təkanlarla böyük gərginlik boşala bilər. Bunu əvvəlcədən bilmək olmur”.
Qurban Yetirmişli belə proqnozların əhali arasında təşviş yaratdığını da deyib: “Bu hadisənin qabaqcadan proqnozunu vermək nə qədər çətindirsə, məlumatı əhaliyə çatdırmaq da o qədər məsuliyyət tələb edir. Aktiv bir ocaqda zəlzələ olacağı ehtimalı böyükdür, amma boşalmalar nəticəsində heç nə olmaya bilər, bunu əhaliyə qabaqcadan demək düzgün deyil”.
Yer qabığının tədqiqinə baxmayaraq, yenə də proqnozların dəqiq olmadığını deyən Qurban Yetirmişli Saatlıda qazılan tədqiqat quyusunu misal gətirib: “Saatlıda qazılan quyunun dərinliyi 8324 metrdir. Proqnoza görə, 7 kilometrdən sonra kristallik özül açılmalı idi. Amma 8 kilometrdən çox qazılıb, amma hələ heç nə yoxdur”.
Qurban Yetirmişli zəlzələ ilə Günəş tutulması arasında hər hansı bağlılığın olub-olmamasına da aydınlıq gətirib: “Əslində, təbiətdə baş verən hər şey bir biri ilə qismən əlaqəlidir. Amma bu o demək deyildir ki, Günəş tutulması olubsa, mütləq zəlzələ də olmalıdır. Zəlzələ uzun müddət davam edən prosesin nəticəsidir. Günəş tutulması, planetlərin paradı, seysmik aktivlik arasında təbii qanunauyğunlu, ahəng var, amma əgər zəlzələ ocağında hazırlıq getmirsə, bu prosesə heç nəyin dəxli yoxdur. Günəş tutulması zəlzələ ocağı oyada bilməz. Bu, fon səviyyəsində olan proses kimidir. 1999-cu ildə Günəş tutulması oldu, bundan bir həftə sonra İzmit zəlzələsi baş verdi. Bunlar arasında müəyyən qədər əlaqə var, amma tam yox, hər şey ocağın hazırlığından asılıdır”.
Qurban Yetirmişli Azərbaycanda son illər müşahidə olunan seysmik aktivliyə də toxunub: “Bu ilin ilk 10 ayında Azərbaycanda 5000-dən çox təkan qeydə alınıb. Bunların çoxu Şamaxı zonasında müşahidə olunur. Keçən il Zaqatalada, Şəkidə baş verən zəlzələlər dağəmələgəlmə prosesi ilə bağlıdır. Bütün bu proseslər diqqətlə izlənir və tədqiq olunur. Əgər əvvəl Azərbaycanda 14 seysmik stansiya vardısa, indi 35 stansiya fəaliyyət göstərir. Bunun sayəsində ən xırda təkanlar da qeydə alınır. Lakin mən əminliklə deyirəm ki, yaxın müddət ərzində Azərbaycanda dağıdıcı gücə malik heç bir zəlzələ gözlənilmir”.