Yerli və xarici turistlər yeni ili harada və necə qarşılaya bilər? – Ekspert rəyi

“Biz Azərbaycanda turizm mövsümünün 12 ay ərzində davam etməsi istiqamətində çalışırıq. Bununla əlaqədar oktyabr ayından etibarən istər daxili, istərsə də xarici turizm məkanlarına turizm xidmətləri və turpaketlərlə bağlı erkən rezervasiya kampaniyaları keçirilib”.

Bunu “Sosium” proqramının qonağı, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti, turizm sahəsi üzrə mütəxəssis Ruslan Quliyev deyib.

Azərbaycanın dünyada sabit ölkə imicini qazandığını deyən R.Quliyev bildirib ki, ölkədəki sabitlik turistlərin seçiminə birbaşa təsir edir: “İndi hətta qabaqcıl turizm ölkəsi kimi tanınan dövlətlərdə bəlli bir təhdidlər var. Turizm sahəsi o qədər həssas sahədir ki, istər təbiət hadisələri,  kataklizmlər, epidemiyalar, iqtisadi böhranlar, siyasi hadisələr turizm sahəsinə dərhal təsir edir.

Onun sözlərinə görə, son il yarım ərzində manatın devalvasiyası ilə əlaqədar xaricə səfərlərdə 30%-lik azalma qeydə alınıb. R.Quliyev bildirib ki, bunun əksinə olaraq rəsmi statistikaya əsasən ölkəyə gələn turistlərin sayında təqribən 40 dəfə artım qeydə alınıb.

“Yerli və xarici turistlər Şamaxı, Şəki, Zaqatala, Qəbələ, Quba, Xaşmaz, Qusar, Lənkəran, Lerik və Masallıya üz tutur. Aparılın monitorinqlər onu göstərir ki, aparıcı turizm məkanlarında otellərin 95%-də yerlər artıq tutulub. Maraqlı cəhət bundan ibarətdir ki, bu yerlərin 60%-dən çox hissəsini Fars körfəzi, Türkiyə və MDB ölkələrindən olan turistlər tutub. Eyni zamanda, yerli turistlərin də 35%-i erkən rezervasiya kampaniyasından yararlanıb. Biz əvvəl çalışırdıq yeni il qarşılamağı da turpaketlərə daxil edək. Builki yeniliklərdən biri də odur ki, bu dəfə bu seçimi turistlərin ixtiyarına vermişik”.

Müşahidələrə əsasən, yerli turistlər xaricdə daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Xorvatiya, Ukrayna, İtaliya və Fransada dincəlməyə üstünlük verir: “Türkiyə istiqamətində qiymətlər aşağı düşüb. Düzdür, manat ifadəsində qiymətlər baha görünə bilər. Türkiyədə baş verən hadisələrə baxmayaraq, Azərbaycan vətəndaşlarının Türkiyəyə səfərində ciddi azalma qeydə alınmayıb. Bu hadisələr yerli turistlərin Türkiyədə sağlamlıq turizmi, “shoppinq” və yaxud yeni ili qeyd etməklə bağlı həvəsini azaltmayıb. Azərbaycanda da yeni ili qarşılamaq ənənələri güclü olur və maraqlı yeniliklər müşahidə edilir. Bu da ölkəyə turist axınına ciddi təsir edir”.

Qiymətlərə gəlincə, R. Quliyev bildirib ki, erkən rezervasiya kampaniyaları zamanı turpaketlərdə 10-25%-lik endirim tətbiq olunub. Onun sözlərinə görə, qiymətlər otellərin kateqoriyasından və göstərdiyi xidmətlərdən asılı olaraq dəyişir: “Turpaketin qiymətinə bilavasitə aviadaşımaların qiyməti təsir edir. Türkiyədən başlayaraq, digər qonşu ölkələrdə 31 dekabr-2 yanvar ərəfəsində, yəni 4 gecə, 5 günlük istirahət üçün qiymətlər aviadaşıma, transfer də daxil olmaqla ikinəfərlik otaqda bir nəfər üçün 550-650 dollardan başlayır. Amma bura yeni il, “qala” yeməyi daxil deyil. Bu, 3 ulduz, 4 ulduz otellərdəki qiymətlərdir. Xarici ölkələrdə istirahət üçün ödəniş 1000 dollara qədər yüksəlir. Moskva və digər paytaxt şəhərlərdə istirahət bir qədər baha başa gəlir. 15-20 nəfərlik reservasiya siyahısı olanda qiymətlər bir qədər aşağı olur. Azərbaycanda da qiymətlər müxtəlif istiqamətlərdə dəyişir. Qiymətlər məkandan, oteldən və gün sayından asılı olaraq dəyişir. Erkən rezervasiya kampaniyaları zamanı konkret olaraq Qəbələdə bir nəfərin yeni ili qarşılaması üçün 120-150 manat təklif edilib. Burada 4 gecə, 5 günlük istirahət üçün 600 manat tələb olunur”.

Azərbaycanda turizmin inkişafına gəlincə, R.Quliyev qeyd edib ki, prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər turizmin inkişafına öz töhfəsini verəcək. Onun fikrincə, sənəddə nəzərdə tutulan tədbirlərin reallaşması ilə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək mümkün olacaq.

Mütəxəssis hesab edir ki, Xəzər dənizi ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Onun sözlərinə görə, çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsinə xidmət edəcək.

 

Sənədə əsasən, turizmin ÜDM-də çəkisinin 3%-dən 5%-ə yüksəldilməsinin hədəfləndiyini deyən R.Quliyev bildirib ki, sənəddə nəzərdə tutulan bu və ya digər tədbirlər turizm sahəsinin inkişafı üçün nikbin gələcək vəd edir. 

Müəllif | Apa.Tv
Apa.tv