Bayram günlərində sərnişindaşıma xidməti necə təşkil olunacaq?

“Bayram günləri ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişindaşıma sahəsinə, təhlükəsizlik tədbirlərinə diqqəti artırıb. Bütün işçi heyəti gücləndirilmiş iş rejimində çalışır. Bakı Beynəlxalq Avtovağzal yeni il ilə əlaqədar dekabrın 25-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində çalışacaq”.

 

Bunu “Sosium” proqramının qonağı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimai əlaqələr sektorunun müdiri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı müşahidə edilir. “Adi gündə 6-7 min sərnişin daşınırsa, dekabrın son 3 günündə, 29,30 və 31 dekabrda 16-18 min sərnişinin daşınması gözlənilir. Bayram günlərində 600-700 reys nəzərdə tutulub. Ehtiyac olarsa, 200 ehtiyat avtobus da xəttə buraxılacaq. Xüsusən qərb istiqamətində sıxlığın olacağı gözlənilir. Bütün istiqamətlər üzrə onlayn biletlər ayrılıb. Bilirsiniz ki, biletlər 10 gün əvvəldən onlayn qaydada satışa çıxarılır. Biletlər dekabrın 21-dən satışda idi. 29,30 və 31 dekabr tarixləri üçün biletlər 25 dəqiqə ərzində satılıb. Yəni, tələbat böyükdür. Amma hələ də kassalarda növbəti günlər üçün bilet əldə etmək mümkündür. Bütün reyslərə nəzarət gücləndirilib. Qaynar xəttimiz 499-70-38 fəaliyyətdə olacaq. Yolda qalan sərnişin olmayacaq. Bilet tapa bilməyən, bilet almaqda gecikən sərnişinlər üçün ehtiyat avtobuslar ayrılacaq. Yarım saat, 40 dəqiqə gecikmə ilə də olsa, onları yola salacağıq”.

 

Ş.Mehmanqızı bildirib ki, hər il qərb, Quba-Qusar istiqamətində, beynəlxalq istiqamətlərdən Gürcüstana sərnişin sıxlığı müşahidə edilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi bildirib ki, təmsil etdiyi qurum dekabrın 31-də səfər edəcək azyaşlı sərnişinlərə hədiyyə təqdim edəcək.

 

Onun sözlərinə görə, süni qiymət artımı halları ilə üzləşən sərnişinlər qaynar xəttə müraciət edə bilər. 

 

“Sosium” proqramının qonağı, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, paytaxt sakinləri yeni ili daha çox rayonlarda və xarici ölkələrdə qarşıladığından Bakıda sərnişin sıxlığı gözlənilmir. “Buna baxmayaraq, bayram günlərində sərnişinlərin rahatlığını nəzərə alıb Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar paytaxtda müntəzəm sərnişin daşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə avtobuslara nəzarəti gücləndirməklə bağlı xəbərdarlıq məktubu göndərilib. Bayram günlərində xüsusi ilə avtobuslar arasında intervala nəzarət gücləndirilməlidir ki, insanlar dayanacaqlarda çox vaxt itirməsinlər. Sürücülər hərəkət sürətinə ciddi əməl etməlidirlər ki, bayram günlərini bayram əhval-ruhiyyəsi ilə yola verə bilək. Biz əsas diqqəti bayramdan sonrakı iş günlərinə diqqəti yönəltmişik. Çünki, bayramdan sonra sərnişin sıxlığı artacaq. Həmin günlərdə də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

 

M.Ağayev qeyd edib ki, bayram günündə, yəni dekabrın 31-dən yanvarın 1-nə keçən gün avtobusların hərəkət cədvəli bir qədər uzadılacaq: “Bununla bağlı da daşıyıcı şirkətlərə məlumat verilib. Xüsusi ilə Bakıətrafı kənd və qəsəbə istiqamətində sərnişindaşıma ilə məşğul olanlar xidmət saatını artıracaq”. 

 

"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Nadir Əzməmmədov da deyib ki, bayram günlərində təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışacaq. “Bayram günlərində sıxlığın çox olması Sərnişindaşıma Xidməti tərəfindən nəzərə alınıb. Dekabrın 30 və 31-də sərnişin sıxlığının müşahidə ediləcəyi gözlənilir. Biz əlavə vaqon qoşmaqla bu sıxlığı aradan qaldıracağıq. Onu da qeyd edim ki, vağzalda, stansiya və körpülərdə mühafizə tədbirləri gücləndirilib, bütün qatarların hərəkətinə nəzarət olunacaq. Çalışacağıq ki, sərnişinlər mənzil başına təhlükəsiz çatsınlar. Sərnişindaşıma Xidməti tərəfindən sıxlığın aradan qaldırılması üçün əlavə 30 vaqon ayrılıb, vaqonlara texniki baxış keçirilib, istilik sistemi yoxlanılıb. Bayram günlərində istiqamətlərdən asılı olaraq əlavə vaqonlar qoşulacaq”.

 

N.Əzməmmədov vurğulayıb ki, əlavə vaqonlara biletlər həmin gün satışa çıxarılacaq: “Bilet almaqda gecikən sərnişinlərə həmin gün bilet satışı həyata keçiriləcək. Sərnişinlər bilet alıb mənzil başına rahat gedə bilərlər. Biletlərin qiymətində artım müşahidə edilmir. Biz beynəlxalq istiqamətdə Tiflisə daha çox sıxlığın olacağını gözləyirik. Bunu da nəzərə almışıq. Bayram günlərində bu istiqamətdə vaqonların sayı 10-15-a çatdırılacaq”.

 

Ş.Mehmanqızı bildirib ki, bayram günlərində soyuq hava şəraiti müşahidə edilərsə, ictimai nəqliyyatın hərəkət qrafikində dəyişiklik ediləcək.

 

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti beynəlxalq və şəhərlərarası gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Gediş haqlarının nəqliyyat xərclərini ödəmədiyini deyən Ş.Mehmanqızı əlavə edib ki, Tarif Şurası bu müraciəti müsbət cavablandırmayıb. M.Ağayev isə bildirib ki, bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına müraciət etməyib. 

Müəllif | Apa.Tv
Apa.tv