“Ölkədə kəskin respirator xəstəliklər epidemiya halını almayıb”- NAZİRLİK RƏSMİSİ

“Hal-hazırda respublika ərazisində müşahidə olunan xəstəliklər kəskin respirator xəstəliklərə aiddir. Sadə dildə desək, insanlar arasında yayılan zökəm xəstəliyidir, bunun qrip xəstəliyi ilə əlaqəsi yoxdur. Ölkə ərazisində insanlar arasında geniş yayılan kəskin respirator xəstəliklər epidemiya halını almayıb”.

Bunu “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava damcı infeksiyalar bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumənfərd deyib. “Kəskin respirator virus infeksiyaları iki formada – ağır və kəskin virus infeksiyaları formasında olur. Hazırda respublika ərazisində müşahidə olunan, əhalini narahat edən xəstəliklər ağır kəskin respirator virus infeksiyalarına aiddir. Ona görə də xəstələrdə ürəkbulanma, qusma, qarın ağrıları, yüksək hərarət əlamətləri müşahidə edilir. Hazırda respublikada əhalinin qripə yoluxma təhlükəsi müşahidə olunmur”.

N.Brumənfərd bildirib ki, bütün virus xəstəlikləri nəzarət altındadır: “Hər il olduğu kimi bu il də səhiyyə naziri oktyabrın 6-da payız-qış mövsümünün başlaması ilə əlaqədar olaraq xəstəliyin profilaktikası və virus xəstəliklərindən qorunmanın təmin olunması ilə bağlı əmr imzalayıb. Həmin əmrə əsasən bütün tibb işçiləri bu infeksiyaların qarşısının alınması üçün hazırlıq vəziyyətinə gətirilib. Birincisi, bütün tibb, səhiyyə müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, KİV-dən daha çox istifadə edərək sanitar maarifləndirmə işi genişləndirilsin. Bunun xeyri odur ki, hər bir xəstəlikdən əhali təşvişə düşməsin. Qrip infeksiyası hava-damcı infeksiyası olduğu üçün qonşu dövlətlərdən bu xəstəliklər bizə keçə bilər. Bunu nəzərə alaraq biz hazırlıq işləri görürük. Belə ki, məktəb və məktəbəqədər təhsil müəssisələrində, ali təhsil ocaqlarında müşahidə işləri aparılır. Yüksək hərarəti olan uşaqlar müəyyən müddətə kollektivdən uzaqlaşdırılır”.

N.Brumənfərd əlavə edib ki, ağır və kəskin virus infeksion xəstəliyə yoluxanların müalicə olunması üçün səhiyyə müəssisələri də hazır vəziyyətə gətirilib. Onun sözlərinə görə, səhiyyə müəssisələri qrip virusunun qarşısının alınmasına hazırdır: “Bu səhiyyə müəssisələrində xüsusi palatalar yaradılıb. Ağciyər Xəstəlikləri İnstitutu, Pediatriya İnstitutu, 7 saylı yoluxucu uşaq xəstəlikləri xəstəxanası belə müəssisələrdəndir. Yüksək hərarətlə müraciət edən xəstələr bu müəssisələrə göndərilir. Hər bir xəstənin burun-udlağından yaxma, müayinə materialı götürülür və Respublika Taun Əleyhinə Stansiyaya göndərilir. Burada qrip viruslarının aşkarlanması işi aparılır. Bildiyiniz kimi, kəskin virus respirator xəstəliklərinin əlamətləri qripin əlamətlərinə bənzəyir. Əgər müayinə materiallarında qrip virusu aşkarlanarsa, həmin dəqiqi lazımi tədbirlər görülür. Əhali narahat olmasın. Çünki, indiyədək qrip virusu aşkarlanmayıb. Belə ki, mövsüm başlayandan indiyədək 258 müayinə materialı yoxlanılıb. Hələlik bu müayinə materialları arasında qrip virusu aşkarlanmayıb”.

Həkim-epidemiolqun fikrincə, hava-damcı yolu ilə yayıldığı üçün kəskin respirator virus xəstəlikləri sürətlə artır. N.Brumnfərd xəstəliyin uzun müddət davam etməsini xəstələrin həkimə vaxtında müraciət etməməsi ilə əlaqələndirir.

Həkim vurğulayıb ki, hər bir ölkə üçün infeksiyanın epidemiya halı kimi dəyərləndirilməsi üçün sədd müəyyənləşdirilib: “Bizdə qrip virusu qeydə alınmayıb. Əgər respublika ərazisində qrip virus aşkarlanmayıbsa, burada epidemiyadan söhbət gedə bilməz. Əgər aşkarlansa belə, bu müəyyən olunmuş səviyyəni keçərsə, təhlükəli ola bilər. Hazırda ölkədə pandemik qrip virusu aşkarlanmayıb”. 

Müəllif | Apa.Tv
Apa.tv