Atası ilə yaşamaq istəməyən uşağın rəyi nəzərə alınmalıdırmı?- Ekspert rəyi

“Quba Rayon Məhkəməsinin qətnaməsi uşağın mənafeyinə uyğun olmayaraq tamamilə zorakılıq qaydasında, uşağa qarşı zor tətbiq edilməklə həyata keçirilib. Bu proses Azərbaycan Respublikasının Konstitusiyasında, “Uşaq hüquqları haqqında” qanunda, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş hüquq və mənafelərin tamamilə pozulması, uşağa qarşı açıq zorakılıq və işgəncənin həyata keçirilməsi ilə aparılıb. Azərbaycan qanunvericiliyi məhkəmə icraçılarının belə hərəkətini inkar edir”.  

 

Bunu “Sosium” proqramının qonağı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov “Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilən zaman yaşanan hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin hadisə zamanı N.Bayramzadəni yalnız qəyyumluq-himayəçilik komissiyasının üzvü müdafiə etməyə çalışıb. Uşağa qarşı bu cür münasibətin yolverilməz olduğunu deyən R.Alışıov bildirib ki, bu hadisə uşağın sağlamlığı və psixologiyasına ciddi təsir edib.

 

“Nuray Bayramzadə 2006-cı ildə anadan olub. Nurayın xalasının sözlərinə görə, uşağın anası onkoloji xəstə olub, ata bunu biləndən sonra ondan ayrılır. Nurayın atası Əvəz Bayramov ilə anasının nikahları 2008-ci ildə pozulub. 2010-cu ildə Əvəz Bayramov başqa qadınla evlənib. Həmin ildə də Nurayın anası rəhmətə gedib. Bundan sonra uşaq ortalıqda, himayəsiz qalıb. Ata Nurayla maraqlanmayıb, məhkəmə qərarı olsa da aliment verməkdən yayınıb. Ana vəfat edəndən sonra uşaq xalasının yanında qalıb. Xalası uşağın hüquq və mənafeyinin qorunması üçün qəyyumluq-himayəçilik komissiyasına müraciət edib. Quba rayon icra hakimiyyətinin qəyyumluq-himayəçilik komissiyasının 2011-ci ilin oktyabrın 29-da Nurayı xalasının himayəsinə verilməsi barədə qərar qəbul edib. Əvəz Bayramovun Nurayı geri istəməsində başqa maraqlar var. Nurayın anasının atadan qalma ev mülkiyyəti var. Həmin mülkiyyət qəyyumluq həyata keçiriləndən sonra xala vərəsəlik qaydasında Nurayın adına keçirib. Atanın bu əmlakı ələ keçirmək marağı var. Çünki, səmimi ata uşağına o cür davranmaz, elə hərəkətlər etməz. Kadrlardan da atanın ədəbsiz söyüşlər söydüyü və digər hərəkətləri aşkar görünür ki, bu da valideynliyə sığmır. Belə valideyn uşağı necə sevəcək? Uşağı sevgi ilə qazanmaq lazımdır”, - deyə R.Alışov vurğulayıb.

 

Vəkilin sözlərinə görə, N.Bayramzadənin xaladan alınaraq ataya verilməsi prosesi uşağın maraq və mənafeyinə uyğun həyata keçirilməli idi. “İcra prosesi zamanı uşağın sağlamlığı ilə bağlı xoşagəlməz hal olsa, məsuliyyəti kim daşıyacaq?”.

 

R.Alışov hesab edir ki, icra məmurlarının Nurayı xalasını həbs edəcəkləri ilə bağlı qorxutması hüquqi cəhətdən düzgün deyil: ”Bu birbaşa uşağın daxili “mən”inə zərbə vurmaq deməkdir. Cinayət Məcəlləsinin 133-cü maddəsi-İşgəncə vermək maddəsi var. Burada uşağa qarşı işgəncə, hədə-qorxu var. Mən hesab edirəm ki, icra məmurları barəsində Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən və vəzifə səlahiyyətlərini aşma maddəsinə əsasən cinayət işi açılmalıdır”.

 

Vəkil vurğulayıb ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən 10 yaşı olan uşaqla bağlı qərar veriləndə onun rəyi mütləq nəzərə alınmalıdır: “Nurayla bağlı məhkəmə qərarı icra ediləndə, yəni dekabrın 7-də onun 10 yaşı tamam olub. Həmin vaxt Nurayın fikri mütləq nəzərə alınmalı idi.  Məhkəmə içraçıları deyir ki, məhkəmə qərarı qəbul olunanda Nurayın 10 yaşı olmayıb. Düzdür, burada Nurayın xalasının bu amilə görə işi uzatması məsələsi barədə də fikirlər səslənir. Amma bu Nurayın günahı deyil. 10 yaşı tamam olduğuna görə Nurayla bağlı qərar veriləndə onun rəyi nəzərə alınmalıdır”.

 

R.Alışıov hesab edir ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün qanunvericilikdə dəyişikliklər edilməli, məhkəmə icraçıları təlimə cəlb edilməli və uşağın alınması ilə bağlı icra prosesi psixoloqların yardımı ilə həyata keçirilməlidir: ” Uşağın alınması bir neçə ay, hətta illərlə də çəkə bilər. Ata uşaqda sevgi yaratmalıdır ki, uşaq atası ilə yaşamağa razı olsun. Məcburi məhkəmə qətnaməsinin icrası həyata keçirilə bilmədiyi təqdirdə icra məmuru icranın mümkünsüzlüyü barədə məhkəməyə müraciət etməlidir”.

 

“Sosium” proqramının qonağı, psixoloq Gülər Məmmədova bildirib ki, uşağın ataya verilməsi zamanı  onunla psixoloji söhbət aparılmalıdır. “Burada atanın davranış pozuntusu aydın müşahidə edilir. Bundan başqa, ata ilə heç bir kontakt olmadan birdən-birə emosional bağlantının məcburi şəkildə yaradılması çox absurd idi. Bunu hüquq-mühafizə orqanları öncədən düşünməli idi. Uşağın 9 ayından etibarən atanı görməməsi amili nəzərə alınmalı idi. Yeniyetməliyə keçid dövründə  olan uşağın aqressiv şəkildə doğmasından ayrılması düzgün deyil. Nuray onsuz da anasını itirməklə travma alıb. Nuray natamam ailədə yaşayıb. Ona növbəti travmanı yaşatmaq və bu kadrları sosial şəbəkələrdə yaymaq Nuraya postravmatik stress yaradıb. Mən əminəm ki, Nuray gənclik dövrünə qədəm qoyana kimi psixoloqlar bu zədələri aradan qaldıracaqlar. Valideyn doğmalıq prinsipi ilə yanaşırdısa, dəyərlər sisteminə əməl etməli idi”. 

 

G.Məmmədova əlavə edib ki, son zamanlar yeniyetmələrlə bağlı üzləşdiyimiz psixoloji travmalar, cəmiyyətdə baş verən bir çox neqativ hallar məhz natamam ailələrdə tərbiyə almış uşaqlardan qaynaqlanır.

 

Psixoloq hesab edir ki, Nuray Bayramzadənin psixoloji durumunun sabitləşməsi və tərbiyəsi onun ətrafında olan insanlardan birbaşa asılıdır. Bunu əsas gətirən G. Məmmədova N.Bayramzadənin yaxınlarına 10 yaşlı uşağa bu hadisəni xatırlatmamağı və ona psixoloji yardım göstərməyi tövsiyə edir.   

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv