Azərbaycanda “quş qripi” təhlükəsi varmı? – Xidmət rəsmisi

“Azərbaycanda quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb. Hazırda "quş qripi" xəstəliyi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”.

 

Bunu “Sosium” proqramının qonağı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baş məsləhətçisi Ramiz Salmanov deyib. O bildirib ki, İran Baytarlıq Təşkilatının Azərbaycanda quş qripi xəstəliyinin olması barədə iddiaları əsassızdır: “Bu xəstəlik köçəri quşların vasitəsi ilə yayılır. Bu xəstəliyin gizlədilməsinin çox böyük ağır fəsadları var. Bu nöqteyi-nəzərdən bu iddiaları tamamilə qəbul etmirəm. Beynəlxalq Epizootik Büro dünyada bütün xəstəliklərin qeydə alınması ilə bağlı mütəmadi məlumatlar yayır. Rusiya, İran, Fransa, Serbiya və digər Avropa ölkələrində quş qripi, donuzun Afrika taunu, dabaq və digər xəstəliklər barədə Büronun saytında məlumatlar yerləşdirilib. Bütün dövlətlər bu məlumatları əldə edərək öz ölkəsinin epizootik sabitliyinin qorunmasını da ona uyğun təmin edirlər”.   

R.Salmanov qeyd edib ki, 2006-cı ildən etibarən hər il köçəri və vəhşi quşların miqrasiyası dövründə yaz və payız aylarında monitorinq keçirilir: “Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə ötən ilin noyabrın 28-dən monitorinq aparılıb. Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb. “Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinələr başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib. Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib. 2016-cı ildə ümumilikdə quş qripinə görə 4 seromonitorinq keçirilib, bu zaman 88 çöl quşunun patmaterialı və 6994 ev quşunun qan nümunəsi götürülərək Respublika Baytarlıq Laboratoriyasında müvafiq qaydada müayinə edilib, nəticədə quş qripi aşkar edilməyib”.

R.Salmanov bildirib ki, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan vilayətindən, risk zonasına daxil olan Dağıstandan, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən, eləcə də İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalanıb. Rusiyanın Kalmıkya Respublikasında, Həştərxan vilayətində və İranda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə DBNX-nın müvafiq bölmələrinə tapşırıqlar verilib.

Xidmət əməkdaşı əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə köçəri quşların miqrasiyası dövründə ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlamağı tövsiyə edib.

Xüsusi təhlükəli xəstəliklərin olub-olmamasına gəlincə, R.Salmanov bildirib ki, az hallarda heyvanlar arasında brüsülyoz xəstəliin rast gəlinir və bununla bağlı müvafiq tədbirlər görülür: “Heyvandarlıqla məşğul olan sahibkarlar heyvanları Baytarlıq Xidməti orqanlarında qeydiyyatdan keçirməlidir və peyvənddən gizlətməmlidirlər”.

R.Salmanov vurğulayıb ki, ölkədə brüsülyoz xəstəliyinin qarşısının alınması məqsədi ilə xırdabuynuzlu heyvanları R1 peyvəndinə cəlb edilir. Bu il ilk dəfə olaraq iribuynuzlu heyvanlar arasında da vaksinasiya tədbirlərinə başlanacaq.

Xidmət rəsmisi ət kəsimi və satışı sahəsində vəziyyətə də toxunub. O bildirib ki, bəzi işbazlar qazanc əldə etmək məqsədi ilə baytarlıq-sanitariya qaydalarına əməl etmirlər: “Azərbaycanda kənd və rayonlarda demək olar ki, əhalinin əksəriyyəti heyvandarlıqla məşğuldur. Bu baxımdan bu sahə tam nəzarət altındadır desəm, düzgün danışmaram. Ağcabədi, Bərdə və digər rayonlardan mənşəyi məlum olmayan heyvan ətlərinin Bakı və digər iri şəhərlərə gətirməsi və gizli yolla emal etməsi ilə bağlı faktlar aşkar olunur. 2016-cı ildə 5-6 belə fakt aşkarlanıb. Tonlarla ətin realizasiyasının qarşısı alınıb. İnsan sağlamlığı üçün təhlükəli olan bu ətlərin hətta heyvanat parkına verilməsi qadağan olunub. Bu faktla əlaqədar 4 vətəndaş barəsində Baş Prokurorluğa məlumat təqdim olunub. Baytarlıq xidmətinin əməkdaşları qida təhlükəsizliyi ilə bağlı mütəmadi monitorinq aparılır”.  

Müəllif | Apa.Tv