Pensiya məbləği orta hesabla nə qədər artacaq?

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nə qədər artıma səbəb olacaq?

 

“2017-ci ilin yanvarın 1-dən əmək pensiyaların sığorta hissəsi 2016-cı ilin illik inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdiriləcək. 2016-cı ildə il ölkədə 12,4%-lik inflyasiya qeydə alındığından bu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək”.

 

Bunu “Sosium” proqramının qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatında şöbə müdirinin müavini Eyvaz İsmayılov deyib: “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinə əsasən hər il Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin qanunun qüvvəyə mindiyi dövrə qədər müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik inflyasiya göstəricisinə uyğun olaraq müəyyən kateqoriyaya daxil olan pensiyaçıların pensiyasının sığorta hissəsi artırılırdı. 2006-cı ilin yanvarın 1-dən pensiyalar baza və sığorta hissəsinə ayrıldı. Bu tarixdən etibarən pensiyaların sığorta hissəsi hər il əvvəlki ilin inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilir və bu artım bütün əmək pensiyaçılarına şamil olunur. 2006-cı ildən indiyədək pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam imzalanıb. ”

 

Azərbaycanda əmək pensiyaçılarının sayının 1 mln. 316 min nəfər təşkil etdiyini deyən E.İsmayılov bildirib ki, ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94%-inə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq.

 

Onun sözlərinə görə, dövlət başçısının "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-ci il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq. Hərbi qulluqçular, prokurorlar, sabiq deputatlar, dövlət qulluqçuları və digər bu kimi kateqoriyadan olan şəxslərin pensiyalarına əlavələr hesablanır. Bu kateqoriyadan olan şəxslərin də pensiyalarının sığorta hissəsi indeksləşdirilir. Amma indeksləşdirilən məbləğ qədər onların qulluq əlavəsindən azaldılır. Nəticədə pensiya məbləği əvvəlki səviyyədə qalır”, - deyə E.İsmayılov vurğulayıb.

 

Bu prosesin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırlmış qaydada həyata keçirildiyini xatırladan E.İsmayılov qeyd edib ki, pensiyaçılar fevral ayında pensiyaların maliyyələşdirilməsi zamanı yanvar və fevral ayının artımını ala biləcək.

 

“Hər bir şəxsdə sığorta hissəsi müxtəlif olur. Sığortaolunanın pensiya məbləği ödədiyi sosial sığorta haqqından asılıdır. Bu hər bir sığortaolunan üzrə fərdi qaydada hesablanmalıdır. Məsələn, yaşa görə 300 manat əmək pensiyası alan şəxs üçün sığorta hissəsinin indeksləşdirilməsini izah edək. Yaşa görə əmək pensiyasının baza hissəsi 110 manat təşkil edir. Buna görə 300 manat pensiya alan şəxsin pensiya məbləğindən 110 manatı çıxsaq yerdə qalan 190 manat pensiyanın sığorta hissəsi sayılır. Ötən il 12,4 faizlik inflyasiya qeydə alındığından 190 manat 12,4%lik indeksləşdiriləcək. Yəni, 190 manat 12,4-ə vurulacaq və 100-ə bölünəcək. Beləliklə, əmək pensiyası 300 manat təşkil edən şəxs üçün artım 23 manat 56 qəpik olacaq. Bununla da o, ay ərzində 323,56 manat pensiya alacaq”, - deyə E.İsmayılov vurğulayıb.   

Müəllif | Apa.Tv
Apa.tv