Ekspert: “İranda müalicə, müayinə ucuz olsa da, cərrahiyyə əməliyyatları Azərbaycandan qat-qat bahadır”
Ekspert: “İranda müalicə, diaqnostik müayinə ucuz olsa da, cərrahiyyə əməliyyatları Azərbaycandan qat-qat bahadır”
“Dünyanın bütün dövlətlərində müalicə üçün xaricə gedənlər var. Lakin Azərbaycanda bu rəqəm real statistikadan çoxdur. Bu, normal hal deyil. Nəzərə almaq lazımdır ki, indi Azərbaycan səhiyyəsi sovet səhiyyəsindən Qərb səhiyyəsinə keçid dövrünü yaşayır. Qərbdə sırf ixtisas həkimliyi, cərrahiyyəsi mövcuddur. İkinci məsələ, əhalinin sosial müdafiəsi və tibbi sığortadır. Azərbaycanda hələ səhiyyə islahatları tam başa çatmayıb”.
Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim dövlət xəstəxanalarında pulsuz xidmət məqsədilə nəzərdə tutulmuş 160 adda dərmanla bütün xəstəlikləri müalicə etməyin mümkün olmadığını da deyib. O tibbi sığortanın tətbiqinin vacibliyini vurğulayıb: “Keyfiyyətli tibb xidməti üçün sığorta təbabəti olmalıdır. Bunun üçün dövlət sığortasının tətbiqinə dair layihə hazırlanıb. Bu layihədə əhalinin bütün qruplarını əhatə etmək nəzərdə tutulurdu. Lakin indi Azərbaycanda yalnız müəyyən şirkətlərin əməkdaşları sığorta xidmətindən istifadə edə bilir. 1999-cu ildə “Sığorta haqqında qanun” qəbul olunsa da, indiyə qədər bunun icra mexanizmi yoxdur”.
Adil Qeybullanın fikrincə, xəstələrin müalicə üçün xaricə üz tutmalarının müxtəlif səbəbləri var: “Çox vaxt tibbi xidmətin keyfiyyəti insanları qane etmir və ya müalicə baha olur. Bu zaman müalicə xərcləri ya sığorta şəklində dövlət tərəfindən ödənilməlidir, ya da vətəndaş özü ödəməlidir”.
Həkim xəstələrin ən çox üz tutduğu İranda müalicənin ucuz olduğunu deyib: “İranda müalicə, diaqnostik müayinə bizdən ucuzdur. Amma orada cərrahi əməliyyatlar bizdə olduğundan qat-qat bahadır. Məsələn, mədə rezeksiyası İranda bizdən 4-5 dəfə bahadır. Vətəndaşların əksəriyyəti də məhz ilkin müayinə, diaqnozun qoyulması üçün ora üz tutur. Amma bəzən xaricə getmək bir az görüntü xarakteri daşıyır. Məsələn, öd kisəsi əməliyyatı üçün Almaniyaya getməyin mənası yoxdur”.
Qonaq dərmanların keyfiyyəti və qiyməti barədə də fikrini bildirib: “Bizdə dərmanlar həm bahadır, həm də keyfiyyət parametrləri aşağıdır. Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Dərmanların keyfiyyətinə məsul qurumlar, dövlət reyestri olmalıdır. Bizim yazdığımız dərman xəstəyə təsir etməyəndə xəstənin bizə olan inamı itir. Bu gün Azərbaycana 3-cü dünya dövlətlərindən xeyli dərman gətirilir. Bəzən elə dərman olur ki, araşdıranda istehsalçı xarici dövlətdə belə dərmanın olmadığı ortaya çıxır. Dövlət nüfuzlu xarici dərman firmaları ilə müqavilə bağlamalıdır və həmin firmalar idxal olunan dərmanların keyfiyyətinə görə dövlət qarşısında məsuliyyət daşımalıdır. Bir faktı qeyd edim ki, bizim apteklərdə eyni adla və tərkiblə 200-ə yaxın “Seftrakson” preparatı var”.
Həkimlərin peşəkarlıq səviyyəsi də tələblərə cavab vermir. Adil Qeybulla bu məsələyə də toxunub: “Bizdə ixtisaslaşmış həkimlərin sayı azdır. Dövlət maddi texniki bazanın təkmilləşdirilməsi istiqamətində xeyli işlər görür. Rayonlarda xeyli sayda müasir tipli diaqnostika və müalicə mərkəzləri tikilib. Amma biz bu mərkəzlərin effektiv fəaliyyətini görə bilmirik. Konkret bir xəstənin diaqnostikası, müalicəsi və təhlükəsiz evakuasiyası üçün xüsusi mexanizm yoxdur”.
Həkim orqan köçürmə üçün xaricə getməyin səbəblərini açıqlayıb: “Xaricə orqan köçürmə üçün gedənlər də var. Bizdə hələ donor haqqında qanun yoxdur. Çünki buna həm də psixoloji baxımdan hazır deyilik. Bu gün şəxsən mənim üçün donorluq haqqında qanun layihəsinin öz resurslarımız hesabına fəaliyyəti real görünmür”.
“Müalicə zamanı dərmanların təyinatı, dozanın düzgün hesablanması, müalicənin dəyişdirilməsi, əlavə müalicənin yazılması həkimdən peşəkarlıq tələb edir. Müalicənin düzgün yazılmaması qeyri-peşəkarlıqdan və bəzən də korporativ maraqlardan qaynaqlanır”, - deyən həkim, həmkarlarının bəzən boş yerə dərman yazmasına da münasibət bildirib.
Adil Qeybulla dərmanların qiymətinə inzibati nəzarətin vacib olduğunu deyib: “Dərmanların bahalığı xəstələrin müalicəni vaxtında və davamlı yerinə yetirməsinə səbəb olur. Səhiyyə Nazirliyinin məsələyə inzibati qaydada nəzarət tətbiq etməsi bəzi əczaxanaların bağlanmasına səbəb ola bilər”.
Adil Qeybulla özəl tibb müəssisələrində xidmət haqqının ödənilməsinə də münasibət bildirib: “Tibb müəssisəsinə lisenziya veriləndə bəzi məsələlər dəqiqləşdirilməlidir. Əgər belə deyilsə, Səhiyyə Nazirliyi özəl müəssisəyə heç bir irad tuta bilməz. Nəzərə almaq lazımdır ki, özəl tibb müəssisəsi tibbi xidmətlə məşğul olan kommersiya obyektidir”.