Uşaqlara qarşı zorakılıq hansı fəsadlar verə bilər? – Psixoloq rəyi
“Çox təəssüf ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq halları qalmaqdadır. Uşaqlara qarşı zorakılıq halları əvvəllər olub və indi də mövcuddur. Azərbaycanda uşaqlar daha çox məişət zorakılığı ilə üzləşir”.
Bunu “Sosium” proqramının qonağı, psixoloq Vəfa Rəşidova deyib. Onun sözlərinə görə, valideynlər uşaqların tərbiyə olunmasında cismani cəzadan çox geniş istifadə edir. Psixoloq bu cür tərbiyə üsulunun yolverilməz olduğunu deyir. “Bizə müraciət edən zaman valideynlər deyirlər ki, uşaq çox döyülmür, atası cəmi bir sillə vurur. Mən onlara deyirəm ki, üzə sillə vurmağın çox böyük təsiri olur. Sillə vurmaq uşağın şəxsiyyətini alçaltmaq deməkdir. Fiziki cəzaya məruz qalan uşağın özünə hörməti olmur. Belə uşağın silahı olmur və özünü zəif bilir. Bu isə uşaqda aqressiyanın artmasına, zorakılığın yaranmasına səbəb olur”.
Psixoloq qeyd edib ki, uşaqlara zorakılıq müxtəlif səbəblərdən yaranır: “Zorakılıq heç nədən yaranmır. Zorakılıq göstərən insanın birmənalı olaraq psixoloji narahatlığı olur. Sağlam insan heç zaman psixoloji zorakılığa əl atmır, çox aqressiv olmur. Burda bir məqam da var. Hər bir psixoloji narahatlığı olan insan da zorakılığa meylli olmur. Bu uşaqlıqdan gələn travmalardan da yarana bilər. Eyni zamanda, ailə modelindən də asılı olaraq zorakılıq yarana bilər. Avtoritar və xaotik ailə modellər var. Daha çox xaotik ailə modellərində zorakılığa meylli insanlar yetişə bilir. Çünki, bir dəfə zorakılıqla rastlaşan insan zorakılığa meylli olur. Ailədə zorakılıq görən şəxs üçün zorakılıq adiləşəcək. Həmin şəxs tərəfindən digər şəxsə zorakılıq göstərmək çox sadə olacaq. Psixi narahatlığı olanlarla yanaşı, psixiatrik problemləri olan insanlar zorakılığa meylli olur”.
V.Rəşidova valideynlərin uşaqlar arasında fərq qoyması və müqayisə etməsini düzgün saymır. Onun fikrincə, bu hal fərq qoyulan uşaqlarda sonradan zorakılığın yaranmasına səbəb ola bilər: “Sevgi doyumsuzluğu olan insanlar zorakılığa meylli olur. Uşaqların bilməyərəkdən müqayisə edilməsi düzgün deyil. Belə uşaqlar acıqlarını digər uşaqlardan çıxmağa meylli olur. Uşaqlar sevgi ilə əhatə olunmalıdır. Əks təqdirdə o, qəddar insana çevriləcək. Valideynlər mütləq cismani tərbiyədən qaçmalıdır”.
Psixoloq valideynlərə cismani cəza əvəzinə mükafatlandırma üsulundan istifadə etməyi tövsiyə edir. “Döyülmək tərbiyə üsulu deyil. Bəzən deyirlər ki, mən uşağımı vurdum o sakit durmağa başladı. Bu belə deyil. Döyülmüş uşaq müəyyən müddətə sakit olur və bəlli bir müddətdən sonra o, “vulkan” kimi partlayacaq. Valideynlər emosional cəzadan istifadə etməlidir. Yəni valideyn müəyyən müddətə uşağı sevdiyi məşğuliyyətdən məhrum etməli və övladına günahını başa salmalıdır. Amma uşaq sevdiyi məşğuliyyətdən müəyyən olunmuş müddətdən artıq məhrum edilməməlidir. Bu halda uşaq öz günahını başa düşəcək”.
V.Rəşidova deyir ki, fiziki zorakılıqdan sonra uşaqlar daha çox psixi, iqtisadi və cinsi zorakılıqla üzləşir. Onun fikrincə, bu zorakılıq uşaqların gələcək həyatına təsir edir.
Psixoloq hesab edir ki, zorakılıqla üzləşən uşaqlar gələcəkdə həyatını normal qura bilmir. O, ətrafdakı insanları zorakılıq hallarına biganə qalmamağa və problemin həlli üçün zorakılıq tətbiq edənlərə düzgün yol göstərməklə onlara kömək etməyə səsləyir. Mütəxəssis vurğulayır ki, övladlarını düzgün tərbiyə edə bilməyən, onların davranışlarını dəyişə bilməyən valideynlər mütləq psixoloqlara müraciət etməlidir.