Bu il taksi xidmətində və ictimai nəqliyyatda hansı yeniliklər olacaq?- BNA rəsmisi

“Bu gün Bakıda taksi xidmətinin təşkili, bu sahədə xidmətin yaxşılaşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin qarşısında bir sıra tapşırıqlar qoyulub. Taksi xidmətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanıb və həyata keçirilməkdədir”.

 

Bunu “Sosium” proqramının qonağı, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda əsas məqsəd taksi sürücülərinin “Fərqlənmə nişanı” ilə təmin etməkdən ibarətdir: “Bununla bağlı Agentlik tərəfindən silsilə maarfləndirmə tədbirləri həyata keçirilib. Maarifləndirmə tədbirləri nəticəsində 2016-cı ilin may ayından bu ilin yanvarına qədər olan statistikaya görə, Bakı şəhərində taksi xidməti göstərən 8548 fiziki və hüquqi şəxs fərqlənmə nişanı alıb. Bizim əsas məqsədimiz taksi sürücülərini cərimələmək və ya onlara qarşı hər hansı inzibati tədbir həyata keçirmək deyil. Məqsədimiz liberal yolla onları “Fərqlənmə nişanı” almağa təşviq etməkdir. Mütəmadi olaraq Bakı Şəhəri Dövlət Yol Polisinin əməkdaşları ilə birlikdə Agentlik tərəfindən paytaxtın inzibati ərazisində monitorinqlər keçirilir. Monitorinqlərin keçirilməsində əsas məqsəd taksi sürücülərinin dayanma-durma nişanının tələblərinə əməl etməsinə nail olmaq və onları “Fərqlənmə nişanı” almağa həvəsləndirməkdir. Sonuncu belə bir tədbir metronun “Qara Qarayev” stansiyasında keçirilib və müsbət nəticə verib. Bu tədbirdən sonra 30-a yaxın fiziki şəxs “Fərqlənmə nişanı” almaq üçün müraciət edib və onlar “Fərqlənmə nişanı” ilə təmin ediliblər”.

 

“Fərqlənmə nişanı” almayan taksi sürücüləri barəsində ciddi tədbirlər görüləcək: “Belə ki, taksi kimi fəaliyyət göstərən avtomobillərin dövlət nömrə nişanları məlumat bazasında yoxlanacaq. Bununla həmin avtomobill üçün “Fərqlənmə nişanı”nın alınıb-alınmadığı müəyyənləşdiriləcək. “Fərqlənmə nişanı” olmayan avtomobillərin dövlət nömrə nişanları barədə məlumat müvafiq qurumlara göndəriləcək və onlar məsuliyyətə cəlb ediləcək”.

 

M.Ağayev bildirib ki, BNA tərəfindən taksi xidməti ilə bağlı tələblər yenidən işlənilir. Onun fikrincə, yeni tələblər və taksilərdə taksometrin quraşdırılması sərnişinlərin qiymətlə bağlı narazılığına son qoyacaq. Üstəlik, bu amillər taksi xidmətində keyfiyyətin yüksəlməsinə səbəb olacaq: “Qeyri-rəsmi məlumatlara görə, Bakı şəhərində 16 minə yaxın avtomobil ilə taksi xidməti göstərilir. Bunların əksəriyyəti fərqlənmə nişanı almalıdır. İlkin hesablamalara görə, Bakıda taksiyə olan tələbatı 7-8 min arasında qiymətləndirilir. Taksi sürücülərinin fərqlənmə nişanı alması təmin edildikdən sonra taksilərdə taksometrlərin quraşdırılmasına başlanacaq. Bundan sonra vahid qiymətin tətbiqi mümkün olacaq. Hazırda minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olan şirkətlər qiymətdə rəqabət aparıırlar. Taksometrlər quraşdırıldıqdan sonra taksi xidmətində keyfiyyət dəyişikliyi baş verəcək. Buna ciddi şəkildə ehtiyac var. Çünki,  şaxtalı günlərdə, fövqəladə hallarda taksi sürücüləri süni şəkildə qiymətləri artırır. Taksometrlər quraşdırıldıqdan sonra bu mümkün olmayacaq. Atılacaq bütün addımlar sərnişinlərin xeyrinə olacaq”.

 

M.Ağayevin fikrincə, vahid qiymətin tətbiqi taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri avtomobillərin texniki vəziyyətinə fikir verməyə məcbur edəcək. Bundan başqa, bu şirkətlər müasir dövrün tələblərinə cavab verən, daha peşəkar sürücüləri işə götürəcək. Bu isə sərnişinlərin xeyrinə olacaq.

 

M.Ağayev əlavə edib ki, bu gün taksi sürücülərini narahat edən əsas məsələ taksi duracaqlarının sayının az olması ilə bağlıdır. Agentlik rəsmisi bəyan edib ki, aparılan təhlillər nəticəsində Bakıda 160 taksi dayanacağı müəyyən edilib: “Bu taksi dayanacaqlarından 79-u artıq pasportlaşdırılıb, 81-nin pasportlaşdırılması istiqamətində hüquqi tədbirlər davam edir və bu işlərin bu il ərzində başa çatdırılması planlaşdırılır. Bundan əlavə, cari ildə yeni dayanacaqların da pasportlaşdırılması həyata keçiriləcək. Taksi dayanacaqları müəyyənləşdirilərkən həmin yerin həm sürücü, həm də sərnişinlər üçün əlverişli olmasına fikir verilir. Məlumat üçün qeyd edim ki. Qara Qarayev prospekti boyunca ərazidə təhlillər yekunlaşıb. Həmin ərazidə metronun “Xalqlar Dostluğu” stansiyasından “Qara Qarayev” stansiyasına qədər olan ərazidə bir neçə ünvanda taksi dayanacaqları müəyyənləşdirilib. Həmin dayanacaqlar pasportlaşdırıldıqdan sonra taksi sürücülərinin ixtiyarına veriləcək”.

 

M. Ağayev əlavə edib ki, tıxaca səbəb olan taksi dayanacaqları pasportlaşdırlmayacaq və ləğv ediləcək. Bakı Nəqliyyat Agentliyinin yalnız marşrut şəbəkəsi və taksi xidmətinin təşkili ilə bağlı dövlət nəzarətini həyata keçirən bir qurum olmadığını deyən M. Ağayev təmsil etdiyi qurumun eyni zamanda yol hərəkətinin təşkili ilə də məşğul olduğunu xatırladıb. O qeyd edib ki, 2016-cı ildə agentlik tərəfindən Bakının nəqliyyat sistemi ilə bağlı kompleks analiz və təhlillər aparıb: “Bunun nəticəsində qarşıdakı illər üçün strateji fəaliyyət planı hazırlanıb. Aparılan təhlillər nəticəsində Bakı şəhərində bir çox yerlərdə taksilərin dayancağını əks etdirən yol nişanlarının olmadığı məlum olub. Bundan başqa, paytaxtın bəzi ərazilərində taksilər üçün dayanacaq nişanları qoyulub ki, burada bu nişanların olmasına ehtiyac yoxdur. Bu çatışmazlıqlar 2017-ci ildə mərhələli şəkildə aradan qaldırılacaq”.

 

İctimai nəqliyyata gəlincə, M.Ağayev bu sahədə əsas problemin sərnişindaşımada istifadə olan avtobusların tələblərə cavab verməməsi və sürücü sərmnişin münbasibətləri ilə bağlı olduğu qənaətindədir. O vurğulayıb ki, BNA bu problemlərin aradan qaldırılması istiqamətində ciddi adımlar atır: “Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün avtobuslarda GPS qurğusu quraşdırlıb. Həmin qurğunu aktiv və deaktiv etmək agentliyin səlahiyyətindədir. Bakıda bütün avtobuslara nəzarət tam şəkildə bərpa olunub. Sərnişçindaşıma ilə məşğul olan şirkətlərə fəaliyyətlərində müsbət dəyişiklik etmələri üçün fevralın 10-a qədər vaxt verilib. GPS qurğusu bir sıra çətinliklərin həlliunə kömək edəcək. Əgər yolda Dövlət Yol Polisi əməkdaşları olmasa belə, sürücü sürət həddini aşa bilməyəcək, avtobusu dayanacaqdan kənarda saxlaya bilməyəcək. GPS sistemi vasitəsi ilə avtobus sürücüsünün real vaxt rejiminə əməl edib-etməsi izləniləcək. Bundan başqa, Bakıda 1200 avtobus dayanacağı müəyyənləşdirilib. Onların 600-də avtobus informasiya terminalı var. Bunlardan 400-nün GPS sisteminə qoşulması təmin edilib. Digərlərinin qoşulması üzərində də iş gedir. Hazırda bu test rejimində fəaliyyət göstərdiyindən məlumatlar qeyri-dəqiqdir, intervallar düzgün göstərilmir. İnformasiya terminallarının GPS sisteminə qoşulması ilə sərnişinlər marşrut xətləri arasında intervalı görə biləcək. Bununla da, avtobuslararası intervalın süni şəkildə artırılmasına son qoyulacaq”.

 

Qeyd edək ki, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq və txacların qarşısını almaq  üçün avtobuslar üçün xüsusi hərəkət zolaqları salınacaq: “Artıq  9 ünvanda xüsusi zolaqların salınması işlərinə başlanılıb. Bununla bağlı texniki işlər həyata keçirilir. Xüsusi zolaqlar bu ilin birinci rübündə istifadəyə veriləcək. Xüsusi hərəkət zolağında yalnız həmin ünvanlarda fəaliyyət göstərən marşrut xətləri üzrə avtobuslar və operativ nəqliyyat vasitələri hərəkət edə biləcək”.

 

Müəllif | Apa.Tv
Apa.tv