Nikaha daxil olmaq istəyənlər arasında daha çox hansı xəstəliklər aşkarlanır?

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan 2015-ci ilin iyunun 1-dən indiyədək müayinədən 224298 nəfər keçib.

 

Bunu “Sosium” proqramının qonaqları, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, müayinədən keçmiş 10183 nəfərdə talassemiya daşıyıcılığı, 884 nəfərdə sifilis, 163 nəfərdə isə QİÇS aşkar olunub.

 

“Respublikanın bütün şəhər və rayonlarda tibb mərkəzlərində hematoloji kabinetlər nikaha girən şəxslərə tibbi-genetik konsultasiyalar verir, onların müayinədən keçməsini təmin edirlər. Hematoloji kabinetlərdə götürülmüş bütün qan nümunələri xüsusi ayrılmış avtomobillərlə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gətirilir, yerlərdə sklirinq testlər aparılır, talassemiyanın və infeksiyaların təsdiqedici testləri yoxlanılır”, - deyə Z.Əlimirzəyeva vurğulayıb. O qeyd edib ki, müayinələrin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə ayrı-ayrılıqda məlumat verilir. Z.Əlimirzəyeva əlavə edib ki, onların yazılı razılığı əsasında hər ikisinə tibbi-genetik və ailənin planlaşdırılması istiqamətində məsləhətlər verilir.

 

İnstitut direktoru bildirib ki, müayinə olunanlar arasında 90 cütlüyün hər ikisində talassemiya daşıcılığı aşkarlanıb: “Talassemiya daşıyıcısı praktiki sağlam insandır. O həyatı boyu yaşayır. Əgər müayinə olunmursa, onlar bu xəstəliyin daşıyıcısı olduğunu bilmirlər. Yalnız iki daşıyıcı şəxs nikaha daxil olanda onlarda xəstə uşaqlar doğulur. Xəstəlik aşkarlanandan sonra nikahdan imtina edənlərin sayı çox azdır. Digərlərində isə nikah baş verib”.

 

Z.Əlimirzəyeva deyib ki, ölkədə 2000-ə yaxın talassemiya xəstəsi var. Əhalinin 8%-i talassemiya daşıyıcısıdır. Onun sözlərinə görə, ölkədə ilk dəfə olaraq hamilə qadınlarda perenatal müayinə aparılır: “ Yəni, hamiləliyin 12-18 həftəliyində dölyanı maye götürülərək molekulyar-genetik müayinə aparılır. Müayinə nəticəsində uşağın sağlam, daşıyıcı və ya xəstə olduğu aşkarlanır. 25% hallarda uşaqların xəstə olma riski var. 50% halda daşıyıcı və 25% halda isə sağlam olur. Keçən il 5 uşaqda xəstəlik aşkarlandığından bu qadınlar hamiləliyin pozulmasına qərar vermişdi. Bu da xəstə uşaqların doğulmasının qarşısını almaq deməkdir. Digər müayinə olunan 30-dan çox qadında daşıyıcılıq və sağlam uşaqlar aşkarlanıb və artıq dünyaya uşaq gətirən qadınlar var. Hər il 200 talessimiyalı uşaq doğulursa, ötən il bu göstərici 200-dən aşağı olub. Bu da hamilə qadınlarda aparılan perenatal müayinənin nəticəsidir. Bu proqramın aparılmasında ən böyük məqsəd talessimiyanın profilaktikasıdır. Bu xəstəliyin müalicəsi üçün respublikamışda kifayət qədər şərait yaranıb. Ölkədə bu xəstəliklə mübarizə ilə bağlı dövlət proqramı qəbul edilib. Eləcə də, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində çox böyük işlər görülüb. Azərbaycanda Talessimiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz ən müasir standartlara cavab verir. Bu mərkəzdə xəstəliyin diaqnostikası və müalicəsi ən müasir səviyyədə təşkil olunur. Həmin xəstələr donor qanı, dəmirqovucu preparatlarla təmin olunur. Artıq iki ildir ki, talessimiyanın radikal müalicəsi, sümük iliyinin transplatansiyası bu mərkəzdə aparılır. 30 xəstəyə sümük iliyinin transplatansiyası aparılıb. Bu xəstələrin sağalması deməkdir”.

 

“Sosium” proqramının qonağı, Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov isə bildirib ki, aparılan müşahidələr nəticəsində İİV infeksiyasına yoluxanların sayının sabit qalması bir daha sübüt edir ki, ölkədə İİV infeksiyası hazırda konsentrasiya mərhələsində olmaqda davam edir: “Ölkədə İİV infeksiyasına yoluxanların sayı sabit artmaqdadır. Hər il orta hesabla 500-550 nəfərdə İİV-ə yoluxma qeydə alınır. 2016-cı ildə Azərbaycanda artıq 800 mindən çox insan İİV-ə görə müayindən keçib. Ümumilikdə hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. İİV infeksiyasından ölənlərin sayı 794 nəfərdir. Bu insanların bəziləri İİV, bəziləri QİÇS mərhələsində dünyasını dəyişib”.

 

N.Zülfüqarov bildirib ki, İİV infeksiyası kişilər arasında daha çox yayılıb. Onun sözlərinə görə, qadınlarla müqayisədə kişilər arasında bu infeksiyaya yoluxanların sayı 3 dəfə çoxdur. Mərkəz rəsmisi bunu kişilər arasında ineksion narkotik istifadəçilərinin çox olması ilə əlaqələndirir: “Hazırda İİV infeksiyasına yoluxanların 75%-ni kişilər, 25%-ni qadınlar təşkil edir”.

 

O qeyd edib ki, bütün dünyada olduğu kimi İİV epidemiyası öz xarakterini dəyişməyə başlayıb. Onun sözlərinə görə, İİv infeksiyasının cinsi yolla yayılma halları da artır: “Hetereo yolla, yəni cinsi yolla bu xəstəliyin yayılma halları artır. Buna görə də qadınlar arasında bu xəstəlik hər il 1% artmaqda davam edir”.

   

Uşaqlar arasında bu xəstəliyin sayının azaldığını deyən N. Zülfüqarov bunu ölkədə bütün hamilə qadınların İİV-ə qarşı yoxlanılması ilə izah edib: “Burda əsas məqsəd yeni İİV-ə yoluxma hallarının qarşısnı almaqdan ibarətdir. Yəni, anadan uşağa infeksiyanın ötürülmənin qarşısını almaqdan ibarətdir. 2016-cı ildə ölkədəhamilə qadınlar arasında təqribən 250 min müayinə həyata keçirilib”. 

Müəllif | Apa.Tv
Apa.tv