Qarlı hava şəraiti hansı problemlər yaradıb və bununla bağlı hansı tədbirlər görülür?

“Qeyri-sabit hava şəraiti ilə bağlı "Azəravtoyol" ASC gücləndirilmiş iş rejimində çalışır. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bütün maşın və mexanizmlər öncədən hazırlıq vəziyyətinə gətirilib. Respublika avtomobil yollarında, o cümlədən Bakı şəhərində hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək üçün gecə boyu, səhər saatlarında və hal-hazırda işlər görülüb. Səhər saatlarında müəyyən ərazilərdə problemlər müşahidə olundu. Həmin ərazilərdə adi günlərdə də nəqliyyatın sıxlığı müşahidə edilir. bu cür hava şəraitində də bu ərazilərdə müəyyən problemlər müşahidə olundu. Amma qısa vaxt ərzində həmin problemlər qısa müddət ərzində aradan qaldırıldı”.

Bunu “Sosium” proqramına "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, hər hansı ərazidə problem olduqda həmin yerlərə dərhal ASC-nin qüvvələri göndərilir. "Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. 700-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərmək üçün hazır vəziyyətdədir və ərazilərə cəlb olunub. Duz, qum ehtiyatı isə kifayət qədərdir", - deyə qurum rəsmisi əlavə edib.

A. Nəcəfli sürücülərin məsuliyyətsizliyindən də gileylənib və qeyd edib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq nəqliyyat vasitələrini idarə edənlər yola hazırlıqsız çıxır: "Mən Bakı-Sumqayıt yolunda oldum və canlı bağlantıda oldum. Adıçəkilən yolda heç bir problem yoxdur. Lakin bir çox hazırlıqsız sürücülər var ki, belə havada yola çıxıblar, qəza durma işığını yandırıblar və çox aşağı sürətlər hərəkət edirlər. Çünki, avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib. Buna görə də belə sürücülərin səhlənkarlığı səbəbindən bəzi yollarda, xüsusilə də enişli-yoxuşlu yollarda nəqliyyat vasitələri hərəkət edə bilmir. Belə avtomobillər yollarda sıxlığın yaranmasına və təhlükəyə səbəb olur. Bu, həmçinin Rusiya istehsalı olan avtomobillərə də aiddir. Ona görə də müəyyən ərazilərdə sıxlıq yaranır. Bu  vəziyyət bizim maşın-mexanizmin hərəkətinə də maneə yaradır. Maşınlarımız iriqabaritli və ağırdır. Yollarda yaranan problemə görə, bizim maşınlar da vaxtında lazım olan əraziyə çata bilmir. Buna baxmayaraq, yolların qardan təmizlənməsi işləri davam etdirilir".

Qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi də (BNA) gücləndirilmiş iş rejimində çalışır. Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara,  xüsusən də 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına paytaxtda davam edən kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib. Həmçinin, diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyətini müvəqqəti dayandırmalıdır.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimai əlaqələr sektorunun müdiri Şəfa Mehmanqızı isə bildirib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalından hərəkət edən avtobus reyslərinin heç biri təxirə salınmayıb. “Lakin avtobusların çatmasında, həm də Bakı Beynəlxalq Avtovağzalına daxil olma vaxtında gecikmələr var. Gecikmə 30 dəqiqə-1 saat arasında olub. Sürücülər hava şəraiti ilə bağlı məlumatlandırılıb və onlara orta sürət həddinə əməl etmək tapşırılıb. Gecikməyə səbəb sürücülərin təhlükəsizlik səbəbindən sürət həddini aşağı salması ilə bağlıdır. Onu da qeyd edim ki, hava şəraiti ilə əlaqədar həm avtovağzala gələn, həm də buradan gedən sərnişinlərin sayında azalma müşahidə olunur. Yeri gəlmişkən, təhlükəsizlik səbəbindən axşam saat 18:00-dən sonra şəhərlərarası avtobus reysləri həyata keçirilmir. Beynəlxalq istiqamətdə hərəkət edən avtobuslarda da heç bir problem yoxdur. Adətən qış aylarında sərnişinlərin sayı iki dəfəyədək azalır”.  

 

Ş. Mehmanqızı əlavə edib ki, yaxın aylarda sərniçinlərin fərdi sığortası məsələsi öz həllini tapacaq. “ Sərnişinlərin fərdi sığortası Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyinin gündəmindədir və bununla bağlı danışıqlar aparılır. Bu məsələ öz həllini tapdıqdan sonra baş verəcək qəza hallarına görə sərnişinlərə kompensasiya verilməsi təmin ediləcək”.

 “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də ölkə ərazisində müşahidə olunan hava şəraitinin "Azərişıq" ASC-nin fəaliyyətinə təsir etmədiyini qeyd edib: “Əməkdaşlarımız səhərə qədər növbətçilik sistemi ilə iş başında olublar və yarana biləcək problemləri aradan qaldırıblar. Başqa sözlə, əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur. Hətta mən deyərdim ki, hava şəraiti ilə bağlı haradasa işıq problemi yaranmayıb. Bunun da başlıca səbəbi 2016-cı ildə görülən yenidənqurma işləridir. "Azərişıq" ASC-nin yay ayları ərzində qışa hazırlığı nəticəsində bu gün heç bir şikayət halı qeydə alınmayıb. Fərdi qaydada yaranan problemlər barədə məlumat daxil olur və problem aradan qaldırılır. Qışa hazırlıq, mal-material təchizatı da yüksək səviyyədədir. Elektrik enerji ilə təchizat yüksək səviyyədə davam etdirilir", - deyə o bildirib.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə öz növbəsində vurğulayıb ki, soyuq hava şəraitindən öncə bütün tədbirlər görülüb. “Bütün qazanxana istilik məntəqələrinəə binalara verilən istiliyin temperaturunun artırılması ilə bağlı tapşırıq verilib. Bütün qəza-təmir xidmətimiz gücləndirilmiş iş rejimində çalışır. Dispetçer və Çağrı Mərkəzi 24 saat ərzində fəaliyyət göstərir”.

R.Əliyev bildirib ki, hazırda “Azəristiliktəchizat"ın 550-ə yaxın qazanxanası, 92 istilik məntəqəsi tam işçi rejimdə fəaliyyət göstərir. O əlavə edib ki, “Azəristiliktəchizat"ın mənbələrindən 3700-ə yaxın yaşayış binası və qurumun mənbələrinə qoşulmuş 280 məktəb, 158 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 800-ə yaxın digər sosial obyekt normal rejimdə istiliklə təmin olunur.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə deyib ki, ölkədə qarlı və şaxtalı hava şəraiti ilə bağlı heç bir yerdə qaz təchizatında məhdudiyyətlər yaranmayıb. Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımı alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.

İ. Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qarlı hava şəraiti ilə əlaqədar dərsə davamiyyət ilə bağlı xeyli problemlər yaradıb: “Dağ və dağətəyi rayonlarda dərsə davamiyyət ilə bağlı problemlə daha qabarız özünü görsədir. Elə ərazilər var ki, davamiyyət xeyli aşağıdır. Qarlı hava şəraiti Bakı şəhərində də davamiyyətə təsir edib”.

C.Valehov bəzi məktəblərin istiliklə təchizatında yaranan problemlərə də aydınlıq gətirib: “Bəzi məktəblərdə istiliyin verilməsi ilə bağlı probləmlərin olduğu barədə bizə məlumat daxil olunub. Bilirsiniz ki, Azərbaycan məktəblərində qış tətili idi. Bu gündən tədrisə start verilib. Problemlərin aradan qaldırılması ilə bağlı aiddiyyatı üurumlarla danışıqlar aparılır”.

C.Valehov qarlı hava şəraiti ilə əlaqədar məktəblərdə tətilin elan edilməsi məsələsinin gündəlikdə olmadığını vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv