Gənclərin narkotik vasitələrə meyl etməməsi üçün nə etməli?

“Azərbaycanda narkomaniyaya qarşı ciddi tədbirlərin görülməsinə baxmayaraq çox təəssüf ki, ölkədə narkotik istifadəçilərinin sayı artmaqdadır”.

 

Bunu “Sosium” proqramının qonağı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva deyib. Azərbaycanda rəsmi olaraq narkotik istifadəçilərinin sayının 30 min nəfərdən çox olduğunu deyən L.Yolçiyeva bildirib ki, son statistik rəqəmlər bəlli olandan sonra Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən illik hesabat hazırlanacaq.

 

Onun sözlərinə görə, yeniyetmə və gənclər narkomaniyaya daha çox meyl edir. L.Yolçiyeva bildirib ki, Azərbaycanda narkotik vasitələrdən daha çox kişilər istifadə edir.

Bununla belə müdir müavini əlavə edib ki, qadınlar arasında da narkomaniyaya meyl edənlərin sayında artım qeydə alınır. Məhz bu səbəbdəndir ki, ölkədə qadın narkotik istifadəçilərinin sayı 855-ə çatıb. L.Yolçiyeva hesab edir ki, qadınlarla yanaşı, məktəblilər arasında da narkotik istifadəçilərinin sayının artması narahatlıq doğurur: “Narkotacirlər artıq uşaqlar və qadınları da cəlb edir. Şirnikləndirmək məqsədi ilə, narkotik maddələr sadə insanlara əvvəlcə pulsuz paylanır. Araşdırmalara görə tora düşənlər daha çox subay xanımlardır. Amma belə insanlar arasında ailəli qadınların da sayı az deyil. Elə olur ki, qadınları bu yola narkoman ərlər vadar edir. Çox təəssüf ki, Azərbaycanda narkomaniya cavanlaşır. Tələbələr, məktəblilər arasında narkotik istifadəçilərinin sayı artır. Çünki, onları təsir altına salmaq daha asandır. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya halları insanların yolunu azdırır və bu zaman onlar çıxış yolun bihuşedici maddələrdən istifadədə görür. Məktəblilər arasında narkotik istifadəçilərin sayı artmasına ailədə onlara qarşı diqqətin azalması səbəb olur. Bundan başqa, ailədə problemlərin olması, zorakılığın olması onları pis vərdişlərə yönəldir. Narkotik vasitələrdən asılı olanlar deyir ki, onlar müxtəlif problemə görə depressiyaya düşdüklərindən çıxış yolunu narkotik vasitədən istifadədə görür”.

 

L. Yolçiyevanın sözlərinə görə, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edənlər sonradan narkomana çevrilir: “Bütün proses ilk öncə məlumatsızlıqdan başlayır. Məsələn, başı ağrıyan şagirdə kimsə həb şəklində dərman verir, bu da müəyyən müddətə ona rahatlıq gətirir, baş ağrısı keçir. Amma narkotik vasitənin təsiri keçəndən sonra daha kəskin baş ağrıları, ürəkbulanmalar, başgicəllənməsi başlayır. Uşaq orqanizmi də tam formalaşmadığı və immunitet də zəif olduğu üçün bu, onlara birbaşa təsir edir. 2-3 istifadədən sonra isə artıq bu şəxslər narkomana çevrilirlər”.

 

Narkomaniyanın ömürlük müalicə tələb edən ağır xroniki xəstəlik olduğunu deyən qonaq bu zaman mütəxəssislərə müraciət etməyin vacibliyini vurğulayıb: “Əgər şəxs bir-iki il narkotik vasitədən istifadə edirsə, onu cəmiyyətə qaytarmaq mümkündür, ancaq uzunmüddətli istifadə zamanı zehni və fiziki cəhətdən asılılıq yaranır və artıq bu problemdən qurtulmaq bir qədər çətin olur. 4-5 ildən çox istifadə edən şəxsi isə xilas etmək mümkün deyil. Narkomaniya sağalmayan, xroniki xəstəlik olan şəkərli diabet kimi  bir xəstəlikdir. Bunun qısamüddətli və effektli müalicəsi yoxdur”.

 

Leyla Yolçuyeva narkotik maddələrin insanda hansı əlamətlərə səbəb olması barədə məlumat verib: “Belə şəxslərin gözləri axır, ağzın kənarları əyilməyə başlayır, ağızlarının suyu axır. İki-üç aydan sonra gündəlik istifadə edirsə, artıq kəskin dəyişikliklər hiss olunur. Sürətlə çəki azalır, saçlar tökülür, üz dəriləri quruyur, çox isti havada onlara üşütmə gəlir və yaxud soyuq havada onlar isti hiss edirlər. Bəzən səbəbsiz gülməyə və ağlamağa başlayırlar, ayaq üstə normal dayana bilmirlər. Əlaqəsiz danışırlar, işıq onları qıcıqlandırır”.

 

L. Yolçiyeva narkotik maddələrə meyl edənlərin sağalması üçün ailənin üzərinə böyük məsuliyyət və vəzifə düşdüyünü deyir: “Ailələr ictimai qınaqdan qorxduğuna görə həqiqəti qəbul etmir və övladını qeydiyyata salmaq istəmir. Ancaq valideyn bilməlidir ki, övladını narkoloji mərkəzə aparmamaqla onun gələcəyinə zərər vurur. İlkin vaxtlarda onu sağalmaq olar. Bu problemi hiss edən valideyn ilk növbədə Narkoloji Mərkəzə müraciət etməlidir. Bəzi həkimlər belə şəxsləri sağalda biləcəyini deyir, amma mütəxəssislərə müraciət etmək lazımdır. Narkoloji Mərkəzdə anonim şəkildə də qeydiyyata düşmək mümkündür. Burada müalicə təkcə dərmanlarla deyil, psixoloji söhbətlərlə də aparılır. Vaxtında müalicə olunmayan şəxslərdə qaraciyər tamamilə sıradan çıxır, orqanizm öz fəaliyyətini dayandırır”.

 

Leyla Yolçiyeva narkomaniya ilə effektiv mübarizə üçün Reabilitasiya Mərkəzlərinin yaradılmasını vacib sayır. Onun fikrincə, narkotik vasitə aludəçiləri əvvəlcə müalicə olunmalı, daha sonra cəzalarını çəkməlidir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv