Ekspert: “Televiziyalarda nümayiş olunan zorakılıq səhnələri uşaqların psixologiyasını pozur”

 

 

“Azərbaycan telekanallarında uşaqların psixologiyasını korlayan zorakılıq səhnələri artıb”. Bu fikirləri "Sosium" verilişinin qonağı, Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı"nın direktoru Dadaş Əhmədov söyləyib.

 

O uşaq verilişlərində azyaşlıların təsir altında olduğunu deyib: “Bu verilişlərdə azyaşlı uşaqlar sual-cavab olunur, sanki məhkəmə qarşısına çıxarılıblar. Uşaqlar belə verilişlərdə təsir altında olurlar. Mütləq şəkildə fikirlərini düzgün izah edə bilmirlər. Uşaq çıxılmaz vəziyyətə düşür və nə baş verdiyini anlamır. Bu əslində onlara qarşı çox ciddi təzyiq, zorakılıqdır".

 

Dadaş Əhmədov hesab edir ki, televiziyalarda zorakılıq səhnələri də artıb və bu səhnələr günün istənilən vaxtında nümayiş etdirildiyinə görə uşaqlar belə verilişlərdən, hadisələrdən nələrsə götürməyə çalışır: "Bəlkə də kimlərsə hesab edir ki, bu hallar zorakılığın təbliği deyil, səhvə yol verir. Əslində daha çox təkrarlanan zorakılıq səhnələri birbaşa zorakılığı təbliğ edir".

 

“Verilişlərdə uşaqlarla indiyə qədər heç bir iş aparmamış, uşaq psixologiyasını bilməyən, pedaqogikadan xəbəri olmayan kimlərinsə uşaqlarla müsahibə götürməsi qəti şəkildə qəbul olunmaz haldır” - deyən Dadaş Əhmədov hesab edir ki, uşaqların psixologiyasını bilməyən adam uşaqdan birbaşa, yaxud dolayı cavab almağın yollarından xəbərsizdir: “Bunları bilmədən, öyrənmədən  suallar verirlər. Belə hallarda uşaq  çox tez təsir altına düşür və onlarda aqressiya yaranır. 

 

Hüquq müdafiəçisinin fikrincə, əksər televiziya kanalları reytinq dalınca düşdüyünə görə, verilişlərdə yaş məhdudiyyəti tətbiq etmir: "Çox yaxşı olardı ki, televiziyalar 12,16,18+ məhdudiyyətlərinə keçsinlər və bunu görən valideynlər qabaqcadan tədbirini görsün. Uşaqları tərbiyələndirilməsində, həm televiziyaların, həm də valideynlərin üzərinə məsuliyyət düşür”.

 

Dadaş Əhmədov deyir ki, son zamanlar belə faktların artığını və konkret olaraq bir neçə verilişdə kobud pozuntular baş verdiyini nəzərə alaraq Onun Azərbaycan Uşaqlar Birliyi imzatoplama kampaniyasına başlayıb. Ən ciddi səbəb kimi bir neçə veriliş götürülüb. Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək.

 

 

Müəllif | Apa.Tv