İnsanın sosial fobiyadan əziyyət çəkdiyini necə bilmək olar? – Mütəxəssis rəyi
“Sosial fobiya xəstəlik deyil. Sosial fobiyanın yaratdığı xəstəliklər var. Qorxu və fobiya sözləri mənaca yaxın olsa da aralarında əhəmiyyətli fərq var. Fobiya hər hansı bir şeyin insanda əsassız bir şəkildə insanda yaratdığı psixoloji gərginliyin təzahürüdür”.
Bunu “Sosium” proqramının qonağı, psixoloq Tariyel Faziloğlu deyib: “Məsələn, insan var ki, qapalı yerdə qalmaq onun fobiyasıdır. İnsan var ki, qaranlıqla bağlı fobiyası var, elə insanlar da var ki, heyvanlarla bağlı fobiyası var. Qorxu hissə əsaslı şəkildə bir hadisədən yaranan gərginlikdir. Məsələn, ölüm bir çox fobiyaların əsası olsa da bu, bir qorxudur. Yaxud qəzaya düşən bir şəxs avtomobillə getməkdən qorxur. Fobiyanın yaşanmış hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur”.
T.Faziloğlu bildirib ki, fobiyadan fərqli olaraq qorxunu aradan qaldırmaq daha asandır. Psixoloq qeyd edib ki, hər hansı xoşagəlməz hadisənin nəticəsində yaranan zədənin aradan qaldırılması ilə insanın bu qorxusunu dəf etmək mümkündür: “Amma fobiya əsassız yarandığından bu problemin həlli bir neçə yanaşmanın tətbiqini zəruri edir. Bu isə uzun bir zaman və ciddi bir proses tələb edir”.
Fobiyanın ən geniş yayılmış növü olan sosial fobiyaya gəlincə, mütəxəssis əlavə edib ki, bu hal insanların cəmiyyətə inteqrasiyasının qarşısını alır. O hesab edir ki, ünsiyyətə meyliliyin olmaması, insanların çox olduğu yerdə həyəcanın artması, nəfəsin daralması, özünə nəzarətin itməsi, psixoloji gərginlik yaşaması sosial fobiyanın əsas əlamətlərindəndir. “Bəzən sosial fobiadan əziyyət çəkən insanların verdiyi reaksiyalar da əlamət kimi təsnifatlaşdırılır. Bu əlamət deyil. Məsələn, insanlar var ki, ona edilən hər bir sözə və zarafata mütləq cavab vermək istəyir. Siz ona toxunanda o da sizə toxunmaq istəyir. Çünki, sosial fobiyası olan şəxs hesab edir ki, siz bu hərəkətlə onu alçaltmaq niyyətiniz olub. Cavab qaytarmaqla həmin adamla bərabərləşmək istəyir”.
Sosial fobiyanın yaranma səbəblərinə gəlincə, bu, ailədaxili təzyiq və özünəgüvənmə problemi olan uşaqlarda tez-tez müşahidə edilir. T.Faziloğlu deyir ki, adətən sosial fobiyaların kökləri 3-6 yaşa gedib çıxır. “Amma sosial fobiyanın özünü büruzə verməsi daha çox yeniyetməlik dövrünə təsadüf edir. Bu, qızlarda 9-10, oğlanlarda 10-11 yaşdan başlayır. Bu zaman sosial fobiya daha çox müşahidə edilir. Düzdür, sonradan da sosial fobiya yarana bilər. Amma bu, mütləq həmin insanın həyatında baş vermiş bir hadisənin zədəsi ilə bağlı olur”.
Sosial fobiya ağırlıq dərəcəsinə görə 3 yerə bölünür: yüngül, orta və ağır. “Sosial fobiyanın yüngül forması hər bir şəxsdə ola bilər. Orta dərəcəli forması sosial fobianın özündən əziyyət çəkən insanlardadır. Ağır dərəcəli sosial fobiyası olan insanlarla ümumiyyətlə ünsiyyətə girmir. Bu, daha çox post-travmatik stressdən qaynaqlanan ağır aqressiv depressiyalardan baş verir”.
Psixoloq vurğulayıb ki, sosial fobiya müalicə oluna bilir. “Xüsusi ilə 3-6 yaşında olanların sosial fobiyasını aradan qaldırmaq daha asandır. Amma xüsusi metodlar ilə orta və ağır sosial fobiyadan da yaxa qurtarmaq mümkündür”.