Vahid aylıq müavinət məcburi köçkünlərin çətinliklərini aradan qaldıracaq - Rəsmi mövqe
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanı məcburi köçkünlərin üzləşdiyi çətinlikləri tamamilə həll edəcək”.
Bunu “Sosium” proqramının qonağı,122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilən Flora Qasımova deyib. Onun sözlərinə görə, məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində, keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda
fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün deyildi. Bunu əsas gətirən millət vəkili əlavə edib ki, sözügedən fərman bu qəbildən olan məcburi köçkünlərin problemlərinin tam həll olunmasına gətirib çıxaracaq: “Bilirsiniz ki, məcburi köçkünlərin bütün problemlərinin həlli dövlət səviyyəsində diqqət mərkəzindədir. Şəxsən cənab prezident İlham Əliyevin qayğısı nəticəsində indiyə kimi 250 minə yaxın məcburi köçkün mənzillə təmin edilib. Amma məcburi köçkünlərin xeyli hissəsi sanatoriyalarda, yataqxanalarda sıx məskunlaşıb. Onlar ümumi mətbəxdən və hamamdan istifadə edirlər. Elə binalar var ki, burada əlavə heç bir tədbir görmək mümkün deyil. Məsələn, məcburi köçkünlərin qarşılaşdığı ən böyük çətinlik qaz və su ilə təchizatla bağlıdır. Çünki, işıq hər bir otağa çəkildiyindən burada sayğac quraşdırmaq asan idi. Amma təsəvvür edin ki, yataqxanalarda hər bir məcburi köçkün ailəsinin özünün ayrı otağı var. Ona görə də bu binalarda dəhliz vasitəsi ilə qaz xəttini çəkmək və hər bir otağın qabağında bir sayğac quraşdırmaq çox çətinlik törədirdi. Bundan başqa, yataqxanalara qaz xəttini çəkmək təhlükəsizlik baxımından doğru deyil. Ona görə də prezidentin son fərmanı ümumi yaşayış yerlərində məskunlaşan məcburi köşkünlərin qarşılaşdığı çətinliyin həll olunmasına istiqamətlənib. Bu fərmanın məcburi köçkünlər üçün böyük köməyi olacaq”.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, prezident İlham Əliyevin 2017-ci il 23 yanvar tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə "Azərişıq" ASC-də mərkəzi qərargah yaradılıb və fərmanın icrasına başlanılıb. Onun sözlərinə görə, fevralın 14-də imzalanmış “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanın opertaiv icrasını təmin etmək məqsədi ilə "Azərişıq" ASC-də mərkəzi qərargahında xüsusi iclas keçirilib: “ “Bu fərman sosial yönümlü fərmandır. Bilirsiniz ki, məcburi köçkünlərin yaşadıqları mənzillərin fərdi qaydada sayğacla təmin edilməsi prosesi sürətlə gedir və “Azərişıq” məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çalışır. Bəzi hallarda məcburi köçkünlərin sıx yaşadığı yerlərdə müəyyən problemlər yaranırdı ki, bu fərmanda nəzərdə tutulan tədbirlərin icrası ilə məcburi köçkünlərin problemləri fərdi qaydada yüksək səviyyədə öz həllini tapacaq”.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev isə qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən fərmandan irəli gələn məsələlərin həlli istiqamətində ardıcıl və sürətli tədbirlər həyata keçiriləcək: “Bilirsiniz ki, çoxmərtəbəli yataqxanalarda 20-30 ailə yaşayırdı və onlar bir mətbəxdən istifadə edirdi. Texniki təhlükəsizlik baxımdan həmin mənzilllərin fərdə qaydada sayğaclaşdırılması mümkün deyildi. Cənab prezidentin verdiyi fərmana əsasən fərdi qaydada sayğaclaşdırılması və istifadəsi mümkün olmayan, müvəqqəti və sıx məxkunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək müəyyən limit həddində dövlət tərəfindən aidiyyatı qurumlara vəsait ödənilməsi təmin ediləcək və “Azəriqaz” bu fərmandan irəli gələn tədbirləri qısa zamanda görəcək və adlı siyahını aidiyyatı qurumlara təqdim edəcək”.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vurğulayb ki, prezident İlham Əliyevin imzaladığı bu fərman kommunal xidmət müəssisələri ilə məcburi köçkünlər arasında yaranacaq problemlərə birdəfəlik son qoyub: “Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən “Azərsu”ya müraciət olunub. Bizim müştəri xidmətləri Bakıda və regionlarda araşdırma aparıb, həmin ərazilələ bağlı ilkin siyahı çıxarılıb. İlkin hesablamalara görə Bakı şəhərində bu kateqoriyadan olan məcburi köşkünlərin sayı 50 min nəfər təşkil edir. Bu ərazilərdə yaşayan məcburi köçkünlərin siyahısı tərəfimizdən Komitəyə təqdim edilib. Qeyd edim ki, digər kommunal müəssisələr tərəfindən də siyahılar hazırlanır və bu siyahı bir daha dəqiqləşdiriləcək. Dəqiqləşdirmədən sonra həmin ərazilərdə yaşayan və fərmandan bəhrələnəcək məcburi köçkünlərin sayı dəqiq bilinəcək. Onların kommunal xidmət haqları əvvəlki qaydada, dövlət büdcəsindən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə daha sonra “Azərsu” ASC-yə mərkəzləşdirilmiş qaydada ödəniləcək. Ümumiyyətlə, fərmanda göstərilib ki, Nazirlər Kabineti üç gün müddətinə limitləri müəyyənləşdirəcək. Bilirsiniz ki, Tarif Şurası sayğac olmayan ərazilərdə adambaşına sudan istifadə üzrə limiti 5 kubmertr həcmində müəyyən eidlib. Yeni limitlər müəyyən eidləndən sonra biz hesabatımızı ailə üzvlərinin sayına görə limitə uyğun aparacağıq”.