Qarlı və şaxtalı havalardan sonra yol, işıq, su, qaza bağlı problemlər olubmu?- Rəsmi mövqe
“Qarlı və şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" ASC gücləndirilmiş iş rejimində çalışır. Regionlarda və Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ötən gecədən bütün problemli yollar nəzarətə götürülüb. Bütün maşın və mexanizmlər öncədən həmin ərazilərə cəlb olundu, gecə boyu müvafiq tədbirlər həyata keçirildi. Yəni, ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarında qarın təmizlənməsinə cəlb edilib, buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnikadan istifadə olunub. Sadəcə olaraq yağıntının davam etməsi səbəbindən səhər saatlarında təmizlənmiş yollar yenidən qarla örtüldü. Amma qısa vaxt ərzində həmin problemlər qısa müddət ərzində aradan qaldırıldı”.
Bunu “Sosium” proqramına "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar bəzi yerlərdə, xüsusilə də enişli-yoxuşlu yerlərdə, körpülərə qalxan yerlərdə və tunellərdə müəyyən problemlər yaranıb. " Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində görülən işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Bizim maşın-mexanizm və texnikaların həmin ərazilərə vaxtında çatmasında problem yarandı. Düzdür, tıxac yarandıqdan sonra problem dərhal aradan qaldırıldı. Buna görə də bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir”.
Qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində çalışan Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə xəbərdarlıq məktubu göndərib. BNA-nın mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, səhər saatlarında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. “Axşam saatlarında yolun təmizlənməsinə baxmayaraq yağıntının intensiv olması səhər saatlarında paytaxtın müəyyən ərazilərində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub. Saat 9-10 radələrində bu sıxlıq müşahidə edilsə də BNA-nın müvafiq qurumlarla apardığı birgə işdən sonra saat 12:00 radələrində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin edilib”.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Vüqar Novruzov bildirib ki, son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı nazirliyin “112” qaynar xəttinə edilən müraciətlərin sayı artıb. “Məsələn, fevralın 17-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu Vəndam kəndində güclü qar səbəbindən avtomobillərin yolda batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yolda batmış 3 avtomobili çıxararaq hərəkəti bərpa ediblər. Paytaxtın Sabunçu rayonunda isə “Mercedes” markalı mikroavtobusun batması barədə daxil olmuş məlumat əsasında dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi avtomobilin köməyi ilə mikroavtobus batdığı yerdən çıxarılıb. Bəzi yerlərdə qarın əriməsi müəyyən çətinliklər yaradıb. Bu gün səhər saatlarında Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən göldə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlqda olan bir neçə fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” xidmət mərkəzinə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, 6 nəfər təhlükəsiz əraziyə çıxarılıb. Ümumilikdə hazırda ölkə ərazisində xüsusi təhlükəli hal yoxdur, vəziyyət nəzarət altındadır.
V.Novruzov əlavə edib ki, qarlı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturların rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunmuş, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. “Bununla bağlı FHN bir daha əhaliyə müraciət edərək, qarlı-şaxtalı hava şəraitində hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir, havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına çağırır”, - deyə V.Novruzov vurğulayıb.
Hava şəraiti ilə əlaqədar "Azəriqaz" İB aparılacaq təmir işlərini təxirə salıb. İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var: "Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb".
“Azərsu”nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb: “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Bu vaxta qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb”, - deyə A.Cəbrayıllı vurğulayıb.
“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də ölkə ərazisində müşahidə olunan hava şəraitinin "Azərişıq" ASC-nin fəaliyyətinə təsir etmədiyini qeyd edib: “Əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur. Hətta mən deyərdim ki, hava şəraiti ilə bağlı haradasa işıq problemi yaranmayıb. Bunun da başlıca səbəbi 2016-cı ildə görülən yenidənqurma işləridir. "Azərişıq" ASC-nin yay ayları ərzində qışa hazırlığı nəticəsində bu gün heç bir şikayət halı qeydə alınmayıb. Fərdi qaydada yaranan problemlər barədə məlumat daxil olur və problem aradan qaldırılır. Qışa hazırlıq, mal-material təchizatı da yüksək səviyyədədir. Elektrik enerji ilə təchizat yüksək səviyyədə davam etdirilir", - deyə o bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qarlı hava şəraiti ilə əlaqədar dərsə davamiyyət ilə bağlı xeyli problemlər yaradıb: “Dağ və dağətəyi rayonlarda dərsə davamiyyət ilə bağlı problemlər daha qabarıq hiss olunur. Elə ərazilər var ki, davamiyyət xeyli aşağıdır. Qarlı hava şəraiti Bakı şəhərində də davamiyyətə təsir edib”.
C.Valehov bəzi məktəblərin istiliklə təchizatında yaranan problemlərə də aydınlıq gətirib: “Bəzi məktəblərdə istiliyin olmaması bir sıra səbəblərlə bağlı ola bilər. İstiliyin olmaması qazın təzyiqinin aşağı olması ilə bağlı ola bilər. Bizim tərəfimizdən təhlillər aparılır. Məktəblərin istilik sisteminin olmamasının səbəbləri araşdırılır. Təhlillərdən sonra müvafiq qurumlarla birgə tədbirlər görülür”.