Manatın məzənnəsində dəyişiklik daşınmaz əmlak bazarına necə təsir edib? - Ekspert rəyi

“Son 3 ayda manatın məzənnəsində dəyişiklik səbəbindən daşınmaz əmlak bazarında bir çox alqı-satqı əməliyyatları təxirə salınıb”.

 

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Rəşad Əliyev deyib. Onun sözlərinə görə, ötən il Mərkəzi Bankın faiz dərəcələrini artırması son 3 ayda daşınmaz əmlak bazarına təsir edib: “Bundan başqa, ötən il Mərkəzi Bankın faiz dərəcələrini artırmasından sonra banklardan biri kommersiya kreditləşməsini dayandırdı. Bu da sözsüz ki, tikinti şirkətlərinin fəaliyyətinə təsir etdi. Çünki, tikinti şirkətləri bu vəsaitləri inşaatın maliyyələşməsinə sərf edirdi”.

 

R.Əliyev bildirib ki, son 3 ayda valyuta bazarında baş verən proseslərlə əlaqədar rieltorlar mənzillərin qiymətini artırıb və ya satışdan imtina edib. “Alıcılar bazarda istədikləri mənzilləri tapa bilmədi. Bu da rieltorların mənzilləri satışdan çıxarması ilə bağlı idi”.

 

Ekspert qeyd edib ki, mənzillərin qiyməti dollar ekvivalentində azalıb, manat ifadəsində isə artıb. “Əgər 2014-cü ilin payızından bazara nəzər yetirsək, dollar ifadəsində qiymətlər iki dəfədən çox azalıb, manat ifadəsində əhəmiyyətli dəyişiklik baş verməyib”.

 

R.Əliyev vurğulayıb ki, ilk iki ayda daşınmaz əmlak bazarında qiymətlərdə dollar ifadəsində 15% azalma müşahidə edilib: “İki ay ərzində ən az qiymət azalması ilkin mənzil bazarında müşahidə edilib. Çünki, tikinti şirkətləri maya dəyəri amilini nəzərə alıblar. İlkin mənzil bazarında manat ifadəsində qiymətlər 20%-dən çox artıb”.

 

Mütəxəssisin sözlərinə görə, daşınmaz əmlak bazarında ucuz mənzillərin sayı nisbətən azalıb.  

 

Tikinti şirkətlərinin insanları aldatmasına gəlincə, R. Əliyev bildirib ki, əvvəlki illərlə müqayisədə indi bu halların sayı əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, ekspert mənzil alarkən tikinti şirkətləri barədə məlumat toplamağı, müqavilənin şərtlərinə diqqətlə fikir verməyi tövsiyə edir.  

 

Müəllif | Apa.Tv
Apa.tv