Əmək pensiyası ilə bağlı hansı dəyişikliklər olacaq? – Komitə sədri

“Ötən gün Azərbaycanın ictimai-siyasi həyatında çox böyük hadisə baş verib. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları yeni bir sərəncam imzalayıb. Bu sərəncamla bizim deputat həmkarımız Mehriban Əliyeva I vitse-prezident vəzifəsinə seçilib. Referendum bitəndən cəmiyyətdə bir mövzu geniş müzakirə olunurdu, hər kəs I vitse-prezident vəzifəsində Mehriban xanım Əliyevanı görürdü. Bu ictimai rəydə olan bir fikir idi. Mehriban xanımın xeyriyyəçiliyi, Azərbaycanda sosial siyasətin inkişafı, mədəniyyət, səhiyyə, beynəlxalq münasibət sahəsində atdığı addımlar, gördüyü işlər xalqımız tərəfindən bəyənilir və yüksək qiymətləndirilir”.

 

Bunu “Sosium” proqramının qonağı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, Mehriban Əliyeva I vitse-prezident vəzifəsini yüksək səviyyədə və ləyaqətlə yerinə yetirəcək və bunun cəmiyyətə böyük faydası olacaq: “2015-ci ildə Avropa Oyunlarının keçirilməsində Mehriban Əliyevanın təşkilatçılığı özünü daha bariz şəkildə görsətdi. Mehriban Əliyeva yüksək səviyyədə dünya miqyaslı tədbirin keçirilməsini müvəffəqiyyətlə təşkil edə bildi. Bu gün cəmiyyətdə bir həqiqət mövcuddur ki, Mehriban xanım bu vəzifəni yüksək səviyyədə və ləyaqətlə yerinə yetirəcək. Bizim möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ən sədaqətli dostu, həmkarı olan Mehriban xanım dövlət başçısına yaxından kömək edəcək. Bu tandem böyük uğurlara səbəb olacaq”.

 

Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə sosial müdafiə sistemi ilə bağlı mühüm tədbirlər və layihələrin həyata keçirildiyini xatırladan komitə sədri sosial siyasətlə bağlı qanunvericiliyə ediləcək dəyişikliklərdən də danışıb. O qeyd edib ki, “Əmək pensiyası haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanıb. “Qanuna təklif edilən əlavə və dəyişikliklər bütövlükdə çox pozitiv əlavə və dəyişikliklərdir. Bu dəyişikliklər gələcəkdə pensiya məbləğinin artmasına da xidmət edəcək. Eyni zamanda, pensiyanın sığorta haqqının ödənilməsinə uyğun olaraq insanların pensiya almasına xidmət edəcək. Bu da ədalət prinsipinin bir az da dəqiqləşməsinə gətirib çıxardacaq. Biz bilirsiniz ki, uzun müddət pensiya sistemində həmrəylik prinsipi ilə çalışmışıq. Hər kəs sosial sığorta haqqı ödəyirdi və sonra kimə nə qədər çatırdı pensiya alırdı. Bu bir az dəqiq olmurdu. İndi kim nə qədər məcburi sosial sığorta haqqı ödəyəcəksə, ona uyğun olaraq pensiya ala biləcək.  Bu çox ciddi bir məsələdir. Hesab edirəm ki, bu qanun layihəsi müzakirə olunanda cəmiyyətdə də müzakirə olunacaq və birmənalı qarşılanmayacaq. Amma qabaqcadan elan etmək istəyirəm ki, layihə bütövlükdə pozitivdir. Bu, bütövklükdə pensiyaçıların pensiya haqqının artırılmasına xidmət edir”, - deyə H.Rəcəbli vurğulayıb.

 

Komitə sədri deyib ki, qanun layihəsində pensiyaya çıxma ilə bağlı yaş həddinin dəyişdirilməsi məsələsi də öz əksini tapıb: “Son 20 ildə Azərbaycanda əhalinin orta yaşı qadınlarda və kişilərdə orta hesabla 3,2 yaş artıb. Digər tərəfdən, pensiyada olan insanların həyatını dəyişmə yaşı qadınlarda 78,5 yaşdır, kişilərdə isə 77,4 yaş təşkil edir. Bizdə pensiya ödəmə müddəti 12 il hesab olunur. Buna görə də burada ola bilər ki, pensiya yaşı ilə bağlı dəyişikliklər olsun. Amma bu dəyişikliklər mütləq uzun müddətli keçidlə olacaq”. 

 

H.Rəcəbli qeyd edib ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır. “Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Bizim fikrimiz var ki, pensiyanın baza hissəsi məfhumunu ortadan götürək. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək. Bu da pozitiv addımlardan biri olacaq”, - deyə komitə sədri vurğulayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv