Məzənnə dəyişikliyi avtomobil bazarına necə təsir edir?
“2016-cı il maşın bazarı üçün çox mürəkkəb il olub. Düzdür, bu prosesin əvvəli daha öncəki dövrlərə gedib çıxır. Yəni, avtomobil bazarı ilə bağlı qəbul olunan müəyyən inzibati qərarlar, ümumi iqtisadi proseslər bazarda daha mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarıb. Həm idxal göstəricilərində, həm alqı-satqı əməliyyatlarında, həm də bu sahədə fəaliyyət göstərən sahibkarların sayının kəskin azalması müşahidə edildi. Amma bu qiymətlərdə özünü görsətmədi. Yəni, maşın bazarında qiymətlərdə ucuzlaşma baş vermədi”.
Bunu "Sosium" proqramının qonağı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən il köhnə avtomobillərinin qiymətində təqribən 15%-ə qədər artım qeydə alınıb: “2001-2007-ci illərdə istehsal olunan avtomobillərin qiyməti 15-20% arasında, 2007-2012-ci illərdə istehsal olunmuş avtomobillər 25%, 2012-ci ildən 2016-cı ilin sonuna qədər istehsal olunmuş avtomobillərdə isə 30%-ə qədər bahalaşma müşahidə olunub. Təbii ki, bu idxalın aşağı düşməsi və daxili tələbatın ölkədə istismar olunan avtomobillərin hesabına təmin edilməsi ilə bağlı olub”.
R.Osmanlı qeyd edib ki, 2013-2014-cü illərdə ölkəyə təxminən 100 min avtomobil gətirilibsə, ötən il 20 minə yaxın avtomobil gətirilib: “Əgər əvvəllər ölkəyə idxal olunan avtomobillərin 85%-ni minik avtomobilləri təşkil edirdisə, indi ölkəyə idxal olunan nəqliyyat vasitələrinin 65%-ni minik avtomobilləri təşkil edib.
Avtomobil bazarı üzrə ekspert əlavə edib ki, valyuta bazarında baş verən proseslər avtomobil bazarına birbaşa təsir edir: “Valyuta bazarında dolların möhkəmlənməsi avtomobillərin bahalaşmasına gətirib çıxardır. Çünki, avtomobil bazarı yeganə bazardır ki, burada sövdələşmələr dollarla aparılır. Məhz bu səbəbdən də yanvar ayının ortalarında dolların manata nəzərən kəskin ucuzlaşmasına görə avtomobillər ucuzlaşıb. Yanvar ayında dolların kəskin ucuzlaşması baş verdi ki, bu da 1000 dollarda təxminən 200 manat deməkdir. Bu çox böyük vəsaitdir. Buna görə də əvvəl 20 min dollara təklif edilən avtomobil manat ekvivalentində 39 min manat təşkil edirdisə, dolların zəifləməsindən sonra qiymət 33 min manata qədər azaldı”.